ibrahim-ibrahimli

İstiqlalçılar Əliyevin təltifini necə qarşıladı?

YAP iqtidarına sədaqət və məlum partiya mənsubiyyəti burada əsas rol oynayıb

Ölkə prezidenti Ilham Əliyev Müstəqillik Günü ilə bağlı bir qrup şəxsi təltif edib ki, bu da artıq mətbuatda ictimailəşdirilib. Maraqlısı odur ki, milli-azadlıq hərəkatında xidməti olan şəxslərin heç birinin adı həmin siyahıda yoxdur. Bu sırada istiqlalçı deputatların da adı keçmir, buna rəğmən, “Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeniylə mükafatlandırılanların ölkə üçün, konkretləşdirsək, müstəqillik üçün hansı xidmət göstərdiyi bəlli deyil. Siyahıda olanlar ən azı tanınmış ictimai xadim və ya cəmiyyətin tanıdığı şəxslər deyil.

İstiqlalçı deputat Ibrahim Ibrahimlinin fikrincə, müstəqillik illərində, hərəkatdan sonrakı mərhələdə belə, bu yöndə xidməti olmayan şəxslərin təltifləndirilməsi köhnədən qalma təcrübəyə əsaslanır: “93-cü ildən bəri Azərbaycanda bu adla zaman-zaman təltiflər olub. Əliyevlər hakimiyyətinə sədaqət prinsipi və həmin hakimiyyətə xidmət edən partiya mənsubiyyəti burada əsas rol oynayıb. Qarabağ müharibəsi, 20 Yanvar şəhidləri, eləcə də qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsində səy göstərən şəxslərin qədir-qiyməti verilmir.
Azərbaycanda demokratik cəmiyyətin qurulması, siyasi sistemin formalaşdırılması istiqamətində vətəndaş hərəkatına, müstəqilliyi əldə edən təşkilatların avanqardlığı altında yenidən demokratik hərəkat mərhələsinə başlamaqla, bu mübarizəni aparmaqla siyasi sistemi dəyişdirmək və ədalətli bir cəmiyyət qurmaq olar. Bu gün ”Istiqlal” ordeni istiqlalın əleyhinə olan, “Şərəf” ordeni korrupsiyaya bulaşan, şərəfsiz işlərlə məşğul olan adamlara verilir. Mən hamını bu sıraya qatmıram, lakin bu məsələ kifayət qədər xarakterik hal alıb. Bunu aradan qaldırmağın yolu demokratik təsisatları bərqərar etmək, vətəndaş cəmiyyətini toparlamaqla sistemi dəyişməkdən ibarətdir”.

KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, Azərbaycanın tərəqqisi üçün çalışmayan, onun əleyhinə işləyən şəxslər bu illər ərzində çoxsaylı təltif alıb: “O qədər adam ”Tərəqqi” medalı alıb ki, bu siyahı da onların bir hissəsidir. Müstəqillik günü münasibəti ilə aidiyyəti olmayan şəxslərin təltif edilməsi sadəcə, Azərbaycan dövlətçiliyini məsxərəyə qoymaqdır. Bu, tarixi bilməmək, yaxud onu bilərəkdən saxtalaşdırmaqdır. Bir gün 18 oktyabr dövlət bayramı günü kimi qeyd edilmir, heç bir tədbir keçirilmir. Belə münasibət yalnız Azərbaycanda ola bilər və hazırda da bunun əyani şahidiyik”.

Nigar