Əliyevə alternativ axtarışı başladı

Mehdiyev, Usubov və Heydərovun «Qəbələ zirvəsi»nin pərdarxası

Iki gün öncə qeyri-populyar bir xəbər yayıldı. Rəsmi versiyada Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Ramil Usubovun Qəbələdə hansısa tarixi tapıntıya baxmaq üçün bir araya gəldiyi bildirildi. Media isə bu xəbəri müxtəlif cür şərh elədi. Fəqət mövzunun qaranlıqda qalan bəzi məqamlarına da işıq tutmağın vacib olduğunu düşünürük. Biz əvvəlki interpretasiyaların o hissəsi ilə razıyıq ki, bütün bu olanlar sadəcə hansısa tarixi tapıntıya baxmaq üçün deyil. Əksinə ölkənin üç əsas və qarşılıqlı ziddiyyətli münasibətlərə malik fiqurunu birləşdirən faktor hansısa tarixi tapıntı yox, tarixi axtarış olub.

“Əl-Cəzirə” düyməyə basdı…

Qeyri-rəsmi söhbətlər zamanı bir çox tanınmış mütəxəssislər də etiraf etdilər ki, Ilham Əliyev bu müsahibənin suallarını öncədən razılaşdırmışdı. Bununla belə, o, konspektdən istifadəyə imkan verilən imtahandan kəsildi. Prezident seçkilərində iştirakla bağlı hələ qərar vermədiyini deməsi isə yeni siyasi vəziyyət yaratdı. Bu yeni siyasi vəziyyət  isə daha çox ölkədə status-kvonu qorumaqla mövcudluğunu davam etdirən oliqarxik sistemin əsas fiqurlarını silkələdi. Ramiz Mehdiyevin hələ bir il bundan qabaq Ilham Əliyevin hakimiyyətdə daha bir il qala bilməsinə şübhə etdiyinə eyham vurduğu barədə xəbərlər dolaşırdı. Daha bir xəbər isə soyuq müharibədə olan yeni müttəfiqlərin digəri barədədir. Yaddaşlı oxucular xatırlayar ki, bu ilin aprel və may aylarında mediada belə bir xəbər yayılmışdı ki, Kəmaləddin Heydərov özünə yaxın bir dairəni toplayaraq ölkədə yeni vəziyyətin yaranacağının mümkünlüyünü qeyd edib. Bildirib ki, əgər Ilham Əliyev bu vəziyyətə uyğun addım ata bilməsə, onlar öz variantlarına hazır olmalıdırlar. Göründüyü kimi, hər iki fiqur öncədən Ilham Əliyevin haçansa tərəddüd edəcəyini düşünüblər. Ola bilsin ki, ayrı-ayrılıqda bu barədə faktlara əsaslanan informasiyaları olub. Elə məhz bu “informasiyaya sahib olmaq” onlara şərait yaradıb ki, asanlıqla görüşə və açıq danışa bilsinlər.

Ilham Əliyev çəkilirsə…

Naxçıvan klanına məxsus iş adamlarının, hətta Kəmaləddin Heydərovun bir neçə mühüm obyektinin alınıb, Paşayevlərin gəlirlər cədvəlinə daxil edildiyi hər kəsə məlumdur. Amma ortada olan bu iqtisadi gücə baxmayaraq, Paşayevlər hələ də siyasi mühitdə parlaq görüntü verə bilməyiblər. Əsas başbilənləri Hafiz Paşayev ingilisdilli diplomatiya akademiyası layihəsini belə uğurlu bir fəaliyyət kimi ortaya qoya bilmədi. Hətta öz iqtisadi işlərinin əsas dirijor çubuğu da öz aralarından birinə yox, dövlət başçısının mühafizə rəisi Bəylər Əyyubova həvalə edildi. Bu isə o deməkdir ki, Ilham Əliyevin geri çəkilməsi ilə Mehriban Əliyevanın siyasi iddiaları güclənsə də, onun real nəticə verə biləcək fəaliyyəti inandırıcı deyil. Başqa tərəfdən isə belə bir vəziyyətin yaranmasını Naxçıvan klanı və Ramiz Mehdiyevin başçılıq etdiyi inzibati aparat üçün intihar kimi qiymətləndirmək olar.

Tapıntıdan qiymətli axtarış

Beləliklə, “Qəbələ ovu”nun başlıca məqsədi Ilham Əliyevsiz vəziyyət üçün alternativ axtarmaqdır. Bu alternativin kim olacağına gəlincə, biz Qərb mediasında Ilham Əliyevlə paralel “vurulan” şəxsləri gözdən keçirə bilərik. Buraya sözügedən üçlükdən daha çox Kəmaləddin Heydərovun uyğun gəldiyi də görünür.

Qəza variantı…

Ola bilsin ki, bu görüşün mahiyyəti Ilham Əliyevə bəlli olduqdan sonra kiməsə cəza kəsilsin. Bu zaman yenə fövqəlnazirin vəziyyəti çətin olur. Çünki sözügedən toplantıya o, ev sahibliyi edib. Üstəlik, yığıncağın tərkibi ikinin birə olmaq şərti ilə Mehdiyevin xeyrinədir. Beləliklə, indi Ilham Əliyev üçün onun yerinə alternatv axtarışında olan daha bir qrup məlum oldu.

Seymur Həzi