Problemi ərşə dirənən kənd – Nardaran

Ilham Əliyev və Hacıbala Abutalıbov qəsəbə sakinlərinin şikayətlərinə baxmır

Nardaran Bakıda tək-tük qəsəbələrdəndir ki, tez-tez burada işıqlar söndürülür. Nardaranlılar iş olmadığından pul verə bilmədiklərini, hökumət isə kommunal xərclər ödənilmədiyi təqdirdə heç bir güzəşt olmayacağını bəyan edir. Qəsəbə əhli borcları hissə-hissə ödəməyə razı olsa da, bu, hökumət nümayəndələrini qane etmir. Nəticədə insanlar etirazlara başlayır və bir müddət məqsədlərinə nail olurlar. Amma bu proses uzun sürmür – Nardaran yenidən zülmətə qərq olur. Oliqarxların “parnik”i

Nardaran camaatı deyir ki, kommunal xərclərin bu qədər yuxarı olması onların ciblərinə uyğun deyil: “Ya kommunal xərcləri əhalinin imkanlarına uyğun eləsinlər, ya da bizə iş yerləri açsınlar. Işıq, qaz pulu 2002-ci ildən yığılan borclardır – rəsmilər belə deyir. Elə ev var ki, 1200 manat, eləsi də var ki, 3000-5000 manat borcu var. Bunu heç cürə hesablamaq mümkün deyil. Otaqların və ya ailə üzvlərinin sayına görə bunu müəyyənləşdirirlər. Bu, düzgün deyil. Deyək ki, mənim ailə üzvlərimin sayı 5-dir, 3 otağım var. Bəlkə o dövrdə yalnız bir otağa qaz çəkdirmişəm. Onlar bütün bunları nəzərə almadan ağzına gələnləri oxuyurlar. Özü də deyirlər ki, göstərilən məbləğin 20-30 faizini ver, halallaşaq. Açıq-aydın görünür ki, hamısı qondarmadır”.
Qəsəbə sakinləri işsizlikdən əziyyət çəkir. Qazancları parnikdəndir. “Xəyal”dan (Nardaranda ən böyük market – R.D) nisyə malda götürür, “pensiya” vaxtı ödəyirlər. Aldıqları gübrə öz “bəhrə”sini vermir. Çünki bir neçə oliqarx bu sahəyə qol qoyub. Məmurların əməli nəticəsində kasıb insanların əməyi sıfıra enir. 

“Nardaranlıların işıq problemi öz həllini tapmaq üzrədir. Artıq bir necə ərazidə kəsilən elektrik enerjisi bərpa olunub. Qəsəbə sakinləri bu günə qədər istehlak etdikləri elektrik enerjisi ilə bağlı borcun müəyyən bir qismini – 24 min manatını ödəyiblər. Qeyd etmək istəyirəm ki, bizim deputat ofisimiz Maştağada yerləşir. Həftənin 6 günü mənim köməkçimin qapıları bütün seçicilərin üzünə açıqdır. Hər həftənin bazar günü isə mən özüm orda oluram. Istənilən şəxslə görüşə bilərəm, bizimlə görüşmək üçün hər hansı mətbu orqana müraciət etmək lazım deyil. Pomidor, xiyar məhsullarının əkini ilə məşğul olan nardaranlılar bu il xeyli ziyana düşüb. Ancaq bu o demək deyil ki, hökumətdən istifadə etdiyimiz işığın, qazın və suyun pulunu ödəməli deyilik. Istənilən halda biz dövlətin verdiyi kommunal xidmətlərin haqqını ödəməliyik” – bu sözləri isə modern.az saytına nardaranlıların Milli Məclisdəki təmsilçisi deputat Eldar Quliyevdir.

Hacıbala Abutalıbov Nardarana gəlməkdən qorxur?


Nardaran camaatı dəfələrlə Ilham Əliyevə, Bakı meri Hacıbala Abutalıbova müraciət edib ki, kəndə gəlib problemlərlə yaxından tanış olsunlar. Nə ölkə başçısı, nə də mer qəsəbə əhlinin səsinə səs verib Nardarana ayaq basır. Abutalıbov sonuncu dəfə bu kənddə 2001-ci ildə 291 saylı məktəbin açılışında oldu. Özü də Bakı şəhər baş polis idarəsinin sabiq rəisi Məhərrəm Əliyevlə. Camaat deyir ki, mer nədənsə qəsəbəyə tək gəlməyə qorxur. Işsizlik kəndə nə qədər ziyanlar gətirirsə, narkomaniya da elə o qədər bəla ürcah edir. Narkomaniyaya qarşı heç bir tədbir görülmür. 

“Əgər 15 nəfər narkoman varsa, 12 nəfərini istifadəçi kimi, 3 nəfəri isə həmin 12 nəfərə satan kimi qələmə verib həbs edirlər. Ancaq əsl satanlar kənarda qalır. Kənddə elə narkotik satan var ki, polis hər gün onun yanına gəlir, haqqını alıb gedir. Bununla da işlərini bitirmiş olurlar” – deyir, qəsəbə sakinləri.

Eskuderonun arzuları

Qəsəbənin dəniz sahilində olan 30 hektar torpağını ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Eskudero mənimsəyib. Buna qədər insanlar o torpaqdan istifadə edirlərmiş. Haqlı narazılıqdan sonra sabiq səfir torpağı sənədləşdirmək qərarına gəlir. Maraq üçün bildirək ki, Eskuderonun zəbt etmək istədiyi ərazidə vaxtilə “Balıq kombinatı” fəaliyyət göstərib. Kombinatın sonuncu rəhbəri isə Ağakişi Cəbrayılov olub. Onun ölümündən sonra isə müəssisə iflasa uğrayıb. Kombinat sökülərək ərazisi kənd sakinlərinin istifadəsinə verilib. Ərazidə əyləncə və istirahət mərkəzi tikmək arzusunda bulunan Eskudero bu yolla ərazini mənimsəyir. Camaatın israrlı təkidlərindən sonra o, geri çəkilməyə məcbur qalır. Geri çəkilmək deyəndə, yəni o torpaqlar nə sakinlərə, nə də keçmiş səfirə qismət olur…

Keçək qəsəbənin yollarına. Kənd əhli deyir ki, son 15 ildə kəndin bircə yoluna belə əl gəzdirilməyib. Yalnız bağlara gedən yollar babatdır. Kəndin içiylə bağlara gedən yollar asfaltlanıb. Həmin o bağlarda da məmurların göz oxşayan villaları var. Bu yollardan təbii ki, daha çox onlar istifadə edirlər. Bundan əlavə, qəsəbədə Nardaran qalası, Xan bağı, qədim tarixi olan hamamlar, Bakının digər kəndləri ilə əlaqəli olan ovdanlar (yeraltı keçid) baxımsızlıq üzündən yararsız hala düşüb. Kənd əhli, o cümlədən ağsaqqallar şurasının dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciətə də heç bir nəticə hasil etməyib.Indiyə qədər Mədəniyyət və Turizm Nazirliyi Cümə məscidinin təmir edilməsi üçün vəsait ayırıb. Ayrılan bu vəsait də məscidin təmir edilməsi üçün yetərli olmayıb. 

Heykəllərə qarşı


Qəsəbə ilə maraqlı bir fakt burada Iranın barmağının olmasıdır. Yəni qəsəbənin Iranın nəzarətində olduğu deyilir. Nardaranlılar bunu da inkar edir. Onlar deyirlər ki, qəsəbənin Iranla bağlılığı yalnız ziyarətgahlardan ibarətdir: “Yəni hər il bizdən yüzlərlə insan Məşhədə, Quma ziyarətə gedir. Başqa bizim onlarla heç bir bağlılığımız yoxdur. Biz kimik ki, Iranla işləyək? Bunu üçün dövlət var. Əgər biz Irana işləsəydik bu gündəmi yaşayardıq? Biz şərə qarşı həmişə mübariz aparmışıq. Heç vaxt yolumuzdan dönməmişik. Bir problem yaşanan kimi o an küçələrə axışmışıq. Buna görə də bizə bu cür yarlıqlar yapışdırmaq istəyirlər. Bizim qəlbimizdə Allah var. Orada başqa heç kim yoxdur. Buna görə də biz kimlərəsə xüsusi münasibət sərgiləmirik. Hətta Heydər Əliyevə belə. Heydər Əliyevi nardaranlılar keçmiş prezident kimi qəbul edir. Bizə çox deyirlər ki, niyə onun heykəlləri, ”kəlam”ları qəsəbənin divarlarına həkk edilməyib. Divarlar “Allahu Əkbər”, “Dünya ədalət intizarındadır, ədalət Mehdi intizarındadır”, “Allahu Əkbər silahdır”, “Agah olun, Allah partiyası qalibdir” və digər şüarlar yazılır. Tez-tez bu şüarları boyayla təzələyirik”.
***


Bax belə. Burası Nardarandı. Özünəməxsusluğu ilə seçilən bir qəsəbə. Orada – problemdən tutmuş, problemin həlli yoluna qədər hər şey var. Onlar öz haqları uğrunda mübarizə aparırlar. Pis-yaxşı buna nail də ola bilirlər. Haqsızlığın tüğyan etdiyi bir məmləkətdə, problemlərin dizə kimi qalxdığı bir ölkədə, vətəndaşlara sayğıyla yanaşılmayan bir cəmiyyətdə xırda problemləri həll etmək özü belə qəhrəmanlıq sayılmalıdır…

Ramin DEKO