“Əl-Cəzirə” Azərbaycan xalqı deyil

Dövlət başçısının “Əl-Cəzirə” telekanalına müsahibəsini oxudum. Bu, onun ötən il Avropa jurnalistinə verdiyi müsahibədən sonra oxuduğum ilk müsahibəsi idi. Kəsəsi, adamın cəmi iki müsahibəsini oxumuşam. Bu dəfəkindən sonra əmin oldum ki, Ilham müəllim ağıllı adammış. Elə düz eləyib kimsəyə müsahibə vermirmiş. Hər halda bu qənaətə gəlmək olar ki, onun da ürəyində bu millətə cıqqan da olsa sevgi varmış. Yoxsa gündə müsahibə verər, ondan sonra gəl, öl, gir yerə.Bu müsahibənin dövlət başçısının əyalət səfərlərində “zəhmətkeşlər” qarşısındakı çıxışlarından heç bir fərqi yox idi. Bircə qırmızı lent kəsmək çatışmırdı. Əslində gözlə görünməsə də, elə o da olub – “Əl-Cəzirə” ilə ilk ünsiyyət elə hansısa keçidin açılışına bərabərdi. Çıxış da o açılışlardakı çıxışların eynidi dediyim kimi. Təkrar biliyin anasıdı.

Intəhası bir şey var ki, açılışlarda, adətən, hakimiyyətin kölə məmurları iştirak eləyir. Onlara nə deyirsən de, ağızlarını açıb nəsə deməzlər, istəyirsən lap üzlərinə söy. Əslində elə o çıxışlar adamın üzünə, üzü nədi, lap harasına desən söyüşdən betərdi. Ancaq bu məşhur telekanalın müxbirini qara camaatla, gözüqıpıq məmurlarla səhv salmaq heç yaxşı deyil. Bir jurnalist olaraq müsahiblərin cavabları haqda sonradan jurnalistlərin nələr danışdığını bilirəm və millətim adına utanıram. Məsələ onda deyil ki, dövlət başçısı səviyyəsiz danışıb. Yox. Qətiyyən. O müsahibədə ümumiyyətlə səviyyədən söhbət gedə bilməz. Trafaret suallar, trafaret cavablar. Az qala sağlığında Bin Ladenin yerini belə bilmək qədər güclü informasiyaya sahib bir telekanalın müxbirinə kəf gəlmək, gözünün içinə gerçək olmayan şeyləri qızıl-qırmızı söyləmək bir dövlətin prezidenti adını daşıyan adam üçün heç yaraşan iş deyil. Guya “Əl-Cəzirə” bilmir ki, bu ölkədə demokratiyanın durumu nədi, iqtisadiyyat nə yerdədi, korrupsiyanın miqyası hansı səviyyədədi və başında kim durur, müxalifətin durumu, qayəsi, savaş əzmi nə yerdədi, xalq necə yaşayır və s. Müxbir sadəcə suallarını verir. O, cavablara görə Azərbaycan xalqı qarşısında məsuliyyət daşımır.

Əminəm ki, “Əl-Cəzirə”nin dövlət başçısının üstünə getməməsində bir səbəb var. O da bu – qarşı zamanlarda “Əl-Cəzirə” hələ bu ölkəyə çox gələsi olacaq. Ona görə də indidən gəliş yollarını açır, hamarlayır. Ola bilsin ki, hələ bu yaxınlarda bu telekanalın ölkəmizdə müxbir postunun açıldığını da eşidək.Yazımın başlığı sizi o qənaətə gətirməsin ki, mən xalqımızı “Əl-Cəzirə”dən, onun müxbirindən aşağı səviyyəli hesab eləyirəm. Əsla. Ilham Əliyev öz pafoslu çıxışları ilə təkcə “Əl-Cəzirə”nin müxbirini deyil, heç bu biçarə xalqı da aldada bilməz. Daha doğrusu, inandıra bilməz. Ilin ver günü azı bir intihara imza atan xalqı ağ gün nağıllarıyla dolamaqmı olar? “Bir günlük müharibədənsə uzun-uzadı sürən sülh danışıqları yaxşıdı”,- deyən dövlət başçısının müxalifət haqda danışdıqlarına kimi inandırmaq olar? Az qala hər ay çəkdiyi zillətlər üzündən Ermənistan vətəndaşlığını qəbul eləmək fikrinə düşən Azərbaycan insanına cənnət türküləri oxumağın bir əsəri ola bilərmi?

Ya Azərbaycanın bir əsrdə iki dəfə müstəqilliyinə qovuşmasını az qala taleləri kimi içdən yaşayan adamlara bu iki istiqlalı havadan qazandığımızı deməklə, onların heysiyyətini, milli kimliklərini təhqir eləməklə, əvəzində silahlı üsyan yoluyla hakimiyyətə gəlib bütün alçaq dağları yaratdıqlarına iddia eləməklə nə etibar qazana bilərsən? Azadlığı atadan oğula keçən hakimiyyətlə eyniləşdirən zehniyyətə yazıqlar olsun!

Hər halda dünya çörəyi qulağının dibinə yemir. Istər “Əl-Cəzirə”nin müxbiri olsun, istər Azərbaycan xalqı.