ibrahim-ibrahimli

Əliyev xalqın özgürlük istəyini təhqir edir

Ibrahim Ibrahimli: «Bu insanlar Milli Azadlıq Hərəkatında iştirak etmədiyinə görə onun qədir-qiymətini də bilmirlər»

Xaliq Bahadır: «Ata-bala Əliyevlərin suverenlik savaşını danmaları birbaşa şəhidlərin ruhunu təhqir etməkdir»

YAP iqtidarı ölkənin müstəqilliyinin əldə edilməsini, o cümldən son 20 ildə əldə bütün nailiyyətləri Heydər Əliyevin adı ilə bağlamağa çalışır. Bu mümkün olmadıqda isə həmin tarixi hadisənin əhəmiyyətini kiçiltməyə çalışır. Ölkə başçısı Ilham Əliyev bu günlərdə Əl-Cəzirə telekanalına verdiyi müsahibəsində bildirib ki, bütün keçmiş Sovet Ittifaqı ölkələri tarixi prosesin nəticəsində müstəqil oldular. Onun sözlərinə görə, bəzi respublikalarda güclü hərəkat olub, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə etdilər. Beləliklə, bu, obyektiv bir proses idi və Sovetlər Ittifaqının süqutu nəticəsində Azərbaycan müstəqil olub. Əliyev bu açıqlaması ilə Milli Azadlıq Hərəkatının əhəmiyyətini kiçiltməyə, bu mübarizədə iştirak edən insanların əməyini danmağa çalışır. Onun bu fikirləri birmənalı qarşılanmır.Milli Azadlıq Hərəkatının fəalı, tanınmış siyasətçi Ibrahim Ibrahimlinin sözlərinə görə, 1993-cu ildə hakimiyyət Heydər Əliyev komandası tərəfindən qəsb olunandan sonra tarixin saxtalaşdırılması prosesi başladı. Əliyev milli rəmzlərin qəbul olunmasını, respublikanın bərpa olunmasını öz adına çıxdı. Əslində bu AXC-nin demokratik cümhuriyyətin bərpası uğrunda apardığı mübarizənin nəticəsi idi.

SSRI-nin dağılmasının əksər respublikalarda aparılan Milli Azadlıq Hərəkatı ilə bağlı olduğunu deyən I.Ibrahimli bu hərəkatda iştirak etməyən, orda xidmətləri olmayan adamların hərəkatda xidməti olanların haqqını mənimsəməsini psixoloji problemlə əlaqələndirdi: “Sovet imperiyasının dağılmasında Azərbaycan xalqının çox böyük əməyi oldu. AXC  bu proseslərə təsir göstərə bildi. Müstəqillik yolunda xalq itkilər verdi. 20 yanvar şəhidləri canlarını qurban verdi. Milli Azadlıq Hərəkatında iştirak edənlərə isə siyasi təqiblərə, zindanlara, məhrumiyyətlərə məruz qaldı. Amma geri çəkilmədi və mübarizəsini davam etdirdi. Ilham Əliyevə sual vermək lazımdı – sən Milli Azadlıq Hərəkatı baş verəndə harda idin və nə işlə məşğul idin? O Moskvada bizneslə məşğul olurdu. Ramiz Mehdiyev kommunist partiyasının mərkəzi komitəsinin katibi idi və Milli Azadlıq Hərəkatına qarşı mübarizə aparan önəmli fiqurlarlardan biri idi”.I.Ibrahimlinin fikrincə, bu insanlar Milli Azadlıq Hərəkatında iştirak etmədiyinə görə onun qədir-qiymətini də bilmirlər. Orada iştirak edən insanlara qarşı da belə mövqe sərgiləyirdi: “Istiqlalımızın 20 illiyi sönük qeyd olunur. Müstəqilliyin əleyhinə səs verənlər bu gün hakimiyyətdə təmsil olunur. Istiqlalın qazanılmasında xidmətləri olan AXCP və Müsavata isə 20 illiklə bağlı tədbir keçirməyə imkan vermirlər. Milli Azadlıq Hərəkatının önəmli fiqurlarından biri olan, müstəqillik aktına imza atmış Arif Hacılı həbsdədir. Müstəqillik aktının hazırlanmasında yaxından iştirak edən Tofiq Qasımov ahıl çağında mühacirət həyatı yaşayır. Ölkədə istiqlalçılara  münasibət müsbət olsaydı, Milli Azadlıq Hərəkatına doğru və düzgün qiymət verilsəydi, bu insanlar ölkədə yaşayıb öz xidmətlərini göstərə bilərdilər”.I.Ibrahimli Heydər Əliyevin başladığı tarixin saxtalaşdırılması prosesinin Ilham Əliyev tərəfindən davam etdirildiyini deyir: “Azadlıq meydanında ilk dəfə üçrəngli bayrağı qaldıran şəxs həbs edildi. Ona iş kəsən hakim isə bu gün də hakim kimi işləyir. Bu fakt artıq bütün suallara cavab verir”.Tanınmış publisist, Milli Azadlıq Hərəkatının fəallarından olan Xaliq Bahadırın fikrincə, Ilham Əliyevin belə danışması təbiidir. Çünki onun atası ilə birlikdə müstəqilliyin, suverenliyin əldə edilməsində heç bir rolu olmayıb. Özlərinin bu işdə rolu olmadığına görə bütün yollarla bunu danmağa çalışırlar: “Heydər Əliyev sona qədər dedi ki, Türkmənistan da, digər respublikalar da suveren olub. Bu adamlar SSRI-də gedən prosesləri danırlar. Ancaq bu danılmaz prosesdir. SSRI-nin o başından bu, başına qədər çox böyük suverenlik prosesi başlamışdı. SSRI-nin çöküşü suverenlik çarpışmalarını gücləndirdi. O çarpışmalar olmasaydı, SSRI hələ da qalardı, çökmə prosesi uzun çəkərdi. Azərbaycan bu gün də SSRI-nin tərkibində olardı, Ilham Əliyev də Moskvada qalıb xırda bizneslə məşğul olardı. Necə ki, biz burda suverenlik savaşı aparanda Ilham Əliyev Moskvada özlərinin dedikləri kimi, xırda bizneslə məşğul idi. Xırda bizneslə məşğul ola-ola gəldi Azərbaycanın prezidenti oldu. Indi də bizim bu yolda gördüyümüz işlərin hamısını danırlar”.
X.Bahadırın sözlərinə görə, ata-bala Əliyevlərin suverenlik savaşını danmaları birbaşa şəhidlərin ruhunu təhqir etməkdir. Eləcədə Azərbaycan xalqının çarpışması ruhunu, özgürlük istəyini təhqir etməkdir. 

Fizzə