AXCP sədrindən İlham Əliyevə xəbərdarlıq

“Üçüncü dəfə prezidentliyə iddia etmək Azərbaycana da, İlham Əliyevin özünə də yaxşı heç nə vəd etmir”

Əli Kərimli: «Onun üçün bu müddəti başa vurmaq böyük uğur olardı»

Dövlət başçısı Ilham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibə verib. Müsahibədə müxalifətin ünvanına bir sıra ittihamlar irəli sürən Ilham Əliyev eyni zamanda bu günün və dünənin siyasi reallıqlarını təhrif olunmuş formada təqdim etməyə çalışıb. Ilham Əliyevin müsahibəsində əks olunan məqamlara AXCP sədri Əli Kərimlinin münasibətini öyrəndik.

Əvvəli ötən sayımızda

– Dövlət başçısının daha bir ittihamı onunla bağlıdır ki, müxalifət liderləri istefa vermirlər, 20 ildir ki, bir vəzifədədilər?
– Birincisi, bu həqiqət deyil. Bu 20 il söhbəti kiməsə aid ola bilər, amma bütövlükdə müxalifətə aid deyil. Ikincisi, bunu bütün dünyanın qarşısında Konstitusiyanı dəyişib və ömürlük hakimiyyətə can atan adam deyəndə daha da gülünc görünür. Üçüncüsü, bunu o adam deyir ki, ata-oğul birlikdə ölkəni qırx ildən çoxdur idarə edirlər və hakimiyyətdən getməyi də faciə kimi qəbul edirlər. Belə adamların bu barədə danışmağa heç haqqı yoxdur. Və nəhayət, dördüncüsü, Azərbaycanda demokratiya olan kimi Qərbdə olan siyasi mədəniyyət ölkəmizdə də oturuşacaq. Seçkilərdə uğur qazana bilməyən siyasi liderlər əlbəttə ki, öz mövqelərini tərk edəcəklər. Əgər biz seçkilərdə uğur qazanırıqsa, Ilham Əliyevin məmurları bu qələbəni saxtalaşdırırlarsa, buna görə müxalifət liderləri xalqın dəstəyini itirə bilməz ki… Xalq yaxşı bilir ki, mən iştirak etdiyim bütün seçkilərin qalibi olmuşam. Iştirak etdiyim parlament seçkilərinin ikisində qələbəmi hökumət də etiraf edib. Üçüncüsündə – 2005-ci ildə hətta MSK da etiraf edib, daha sonra Konstitusiya Məhkəməsi ləğv edib. Nəhayət, dördüncü dəfə son parlament seçkilərində iştirak etmişəm. Nəzarət olan, müşahidəçilərimin iştirak elədiyi 28 məntəqənin 22-də qələbə protokolu əldə eləmişəm. Altı məntəqədə isə polis əməliyyatı keçiriblər. Müşahidəçiləri ATƏT polisin əlindən güclə alıb. Orada da mənim qələbəm şübhəsizdir. Bunu bütün Azərbaycan xalqı bildiyinə görə də uzun illər keçməsinə baxmayaraq, müxalifətə dəstək davam edir. Çünki Azərbaycanda hələ demokratiya bərqərar olunmayıb. Demokratiya və azadlıq uğrunda mübarizə gedir. Azadlıq əldə olunana qədər mübarizə davam edəcək. Ilham Əliyev heç düşünməsin ki, bu cür şantajlarla müxalifət liderlərini mübarizədən çəkindirə bilər. Əgər saxtakarlıq və zorakılıqla qələbəmizi əlimizdən alırlarsa, biz buna görə mübarizəmizi dayandırmayacağıq. Azərbaycan xalqı da bunun fərqində olduğuna görə müxalifət liderlərinə dəstək davam edir.

“Ilham Əliyevin üçüncü dəfə namizədliyini verməyə mənəvi haqqı yoxdur”

– Əliyev bəyan edib ki, 3-cü müddətə prezidentliyə namizədliyini irəli sürmək barədə hələ düşünməyib. Bu açıqlamanı nə dərəcədə səmimi saymaq olar?
– Əgər dünyada baş verənləri az-çox izləyib, təhlil edirsə, heç bir halda namizədliyini verməsin. Təbii ki, onun haqqı yoxdur ki, üçüncü dəfə namizədliyini irəli sürsün. Bu, dünyada qəbul olunmuş ümumi qaydadır. Ümumi qaydadır ki, hər bir şəxsə dövlət başçısı postunda olmağa iki dəfə imkan yaradılır. Bütün dünya bu hüquqdan istifadə edir. Indi bu ölkənin parlamenti Ilham Əliyevin əlindədirsə və o, istədiyini parlamentə diqtə edə bilirsə, seçki komissiyaları onun nəzarətindədirsə, bu o demək deyil ki, o, Konstitusiyanın başına istədiyi oyunu açaraq, əbədi hakimiyyətdə qala bilər. Əvvəla, o, üçüncü dəfə prezidentliyə namizəd olması üçün hüquqi əsas yaradıbsa belə, bu, saxta hüquqi əsasdır. Onun namizəd olmağa haqqı yoxdur. Heç bu barədə düşünməsin. Hesab edirəm ki, bundan sonra qaldığı iki il müddətində, o düşünməlidir ki, indiyə qədər onsuz da onun hakimiyyəti legitim olmayıb. Ona görə də bu müddəti başa vurmaq onun üçün böyük uğur olardı. Üçüncü dəfə prezidentliyə iddia etmək Azərbaycana da, Ilham Əliyevin özünə də yaxşı heç nə vəd etmir. Məncə, elə indiki tərəddüdlü mövqeyində qalsın, dünyadakı siyasi prosesləri və tendensiyaları, Azərbaycan xalqının istəklərini, siyasi mədəniyyətin gərəkənlərini nəzərə alaraq heç bu istəyə düşməsin.

“O bilir ki, Avropa Birliyi sülalə hakimiyyətinə son qoyacaq”

– Dövlət başçısı Azərbaycanın Avropa Birliyinə üzvlüklə bağlı perspektivlərinə toxunarkən bildirib ki, Azərbaycan hakimiyyəti realist mövqe sərgiləyir. Əgər belə bir təklif səslənərsə, o, müzakirə olunacaq, yox, səslənməsə Azərbaycan “bizi qəbul edin deyə qapını sındırmaq” niyyətində deyil…
– Bu, saxta təkəbbürdür. Əsl mahiyyət isə Avropa Birliyindən uzaq gəzib, ayrıca götürülmüş bir ölkədə avtoritarizmi və sülalə hakimiyyətini möhkəmləndirmək istəyidir. Ilham Əliyev başa düşür ki, Avropa Birliyi ilə sıx inteqrasiya onun sülalə hakimiyyətinə son qoya, Azərbaycanı demokratik seçkilərə yaxınlaşdıra bilər. Ona görə hər şeyi edir ki, Azərbaycan xalqının iradəsinə zidd olaraq Azərbaycanı Avropadan uzaq tutsun. Avropa Birliyi dünyada, bizim coğrafiyamızda mövcud olan ən mütərəqqi sistem, quruluşdur. Bütün ölkələr gözümüzün qabağında Avropa Birliyinə can atıblar. Əvvəl üzv, daha sonra namizəd olublar. Bununla da daha yaxşı həyat şəraitinə nail olublar. Baltikyanı ölkələrin, Polşanın, Çexiyanın, keçmiş sovet rejimində olan digər Şərq bloku ölkələrinin həyat şəraitinə baxın. Bu dövlətlərin hamısı Avropa Birliyinə daxil olandan sonra klassik Avropa dövlətinə çevriliblər. Təsadüfi deyil ki, qardaş Türkiyə də uzun illərdir Avropa Birliyinin üzvü olmaq çabası göstərir. Avropa Birliyinə bu çoğrafiyada üzv ola bilmək, əslində, elitar dövlətlər klubuna daxil olmaq deməkdir. Hakimiyyəti isə bu maraqlandırmır. Azərbaycan hakimiyyətini maraqlandırır ki, Avropa Birliyində hüququn aliliyi, sivil qaydalarla yaşamaqdansa, qoy cəngəllik qanunları olsun və onlar istədikləri qədər dövlətin sərvətini talaya bilsinlər. Ona görə də hakimiyyətə Avropa Birliyi lazım deyil.

Xəyal Şahinoğlu