Qədim insanlar məskənlərinə qayıdır

Başa düşürəm, əksəriyyət Ilham Əliyevin “Əl-Cəzirə” telekanalına müsahibəsindəki baş-ayaq fikirlərə münasibət gözləyir. Nə deyəsən, nə yazasan? Axı orada yeni heç nə yoxdur, hətta əlahəzrətin milli azadlıq hərəkatının üzərindən xətt çəkməsi, müstəqilliyin əldə edilməsini sadəcə, SSRI-nin süqutu ilə əlaqələndirməsi belə, taftalogiyadır, “çevir tatı, vur tatı” ədəbiyyatıdır. Yeri gəlmişkən, əksəriyyəti Əliyevin məhz sonuncu yanaşması hiddətləndirib. Məni hiddətləndirən isə elə bu yanaşmanın özüdür. Məgər təzə xəbərdir bu? Ilham Əliyevin müstəqilliyin əldə olunması ilə bağlı “Əl-Cəzirə”yə dedikləri hazırda sədri olduğu partiyanın məramnaməsində açıq-aydın yazılıb. Daha niyə təəccüblənir və əsəbləşirsiniz ki?

Bəlkə Ilham Əliyevin müxalifətin zəif olması barədə dediklərində yeni nə isə var? Bəlkə ölkənin analoqsuz inkişafı, Avropaya qoşulmaq barədə “müdrik” cəfəngiyyatları yenilikdir? Ümumiyyətlə, bu, o qədər mənasız, arqumentsiz, tarixdən və bu gündən məlumatsız, gələcək barədə anlayışsız, ibtidai biliklərin belə altında olan, reallıq hissindən və obyektivlikdən uzaq bir müsahibədir ki, oxumaq belə, artıqdır, vaxt itkisidir, qalmışdı ona münasibət bildirmək, ətrafında müzakirə açmaq. Mən əminəm ki, bu müsahibə efirə verilərkən “Əl-Cəzirə”nin sadiq tamaşaçılarına ilk dəfə öz sevimli televiziyaları çox darıxdırıcı, cansıxıcı gəlib, dərhal kanalı dəyişmək haqqında fikirləşiblər. Onlar kanalı dəyişməkdə olsunlar, gəlin biz də mövzunu dəyişək. Daha maraqlı şeylər baş verir ölkədə. Məsələn, dünən Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Ramil Usubov Qəbələyə gediblər, orada yeni tapılan qədim yaşayış məskənlərinə baş çəkiblər. Mən bir dəfə də yazmışdım: hər dəfə bizdə qədim insan məskənləri tapılmasından toy-bayram düzəldilməsi düşüklüyün son həddidir, əvvəlcə bu ölkəni müasir insan məskəninə çevirmək haqqında düşünmək lazımdır. Bu heç.Amma Ramiz, Kəmaləddin və Ramil müəllimlərin Qəbələdə qədim yaşayış məskənlərinə baş çəkməsi mənə doğrudan da çox simvolik göründü. Beyni, zəkası etibarı ilə çox arxaik adamları qədim insan məskənlərində görmək həqiqətən də universal hadisədir. Necə deyərlər, qədim insanlar məskənlərinə qayıdır!Bəli, mən yaptokratiyanın üç “kötüyünün” bu səfərini ayaq üstə alqışlayıram. Eşq olsun! Nadir hadisədir, rejim böyükləri ilk dəfə layiq olduqları, mahiyyətlərinə uyğun yerdədirlər. Hətta ora baş çəkəndən sonra niyə ayaqlarına zəhmət verib geri qayıdıblar, anlamıram. Əksinə, Ramiz, Kəmaləddin, Ramil müəllimlərin arxasınca hakimiyyətin təpəsindəki adamların hamısı gedib həmin qədim yaşayış məskəninə yerləşə, orada öz düşüncələrinə, təfəkkürlərinə layiq həyatlarını yaşaya bilərdilər. Qədim insanların məskəni boş qalmamalıdır. Ölkəni şahlıqlar dövrünün, feodalizmin qaydaları ilə idarə edib modern iqamətgahlarda oturmaq, müasir arxitekturanın sərhədlərini belə, vurub-dağıdan villalarda, mülklərdə yaşamaq absurddur. Səmimi olmaq və qədim yaşayış məskənlərinə köçmək lazımdır. Insanın düşüncə və həyat tərzi bir-birini tamamlamayanda, o, kənardan çox komik görünür.

Görünür, hakimiyyətdə də bunu başa düşür və komediyanı yığışdırmaq istəyirlər. Şəxsən mən Ramiz, Kəmaləddin və Ramil müəllimlərin səfərini bir hazırlıq kimi qiymətləndirir, yapokratiyanın bütün başbilənlərinin birdəfəlik Qəbələdəki qədim insan məskənlərinə – öz layiq olduqları yerə qayıdıb həyatlarının geridə qalan hissəsini orada keçirməsini gözləyirəm.Bu, yalnız onların öz mahiyyətlərinə dönüşü olmazdı. Bu, həm də tarixi ədalətin bərpası olardı!