Içimizdəki çəpərlər

Bu günlərdə bir xəbəri eşidəndə az qaldı ürəyim sancsın. Bəli, Azərbaycan döyüş bölgələrinə və sərhədə yaxın yaşayış məntiqələrinin ətrafına daşdan çəpər çəkir. Nə məqsədlə edildiyi mənə aydındır, buna sözüm yoxdur. Zira bir məsələ məni çox əsəbiləşdirir. Təsəvvür edin, öz ərazimizdə ətrafımıza daş çəpər çəkirik, öz torpağımızda! Bir şeyi düşünəndə isə adamın tükləri lap biz-biz olur: kim bilir, həmin bu daş hasarlar neçə il əsl sərhəd rolunu oynayacaq?!.. Burada yaddaşım məni rahat buraxmır. Bilirsiniz, yadıma nə düşdü? Müxalifətdə olduğu vaxt Heydər Əliyev parlamentdə soruşdu ki, bəs sizin Qarabağ probleminin həlli üçün proqramınız və konsepsiyanız varmı? Bəli, o vaxt bu suala cavab verilmədi. Bəzi insanlar belə düşündülər ki, suala da o, özü hakimiyyətə gələndən sonra cavab verəcək və elə bunun üçün onun hakimiyyətə gəlməsinə yardımçı oldular. H.Əliyev hakimiyyətə gəldi. Həmin insanlar düz 10 il köhnə sualın cavabını gözlədilər. Amma cavab olmadı. Hə, sonra I.Əliyev gəldi və cəmiyyət daha 8 il gözlədi, amma yenə də cavabdan səs-soraq olmadı. Indi öz torpağımızda ətrafımıza daş çəpər çəkirik ki, bəs ermənilər bizi qırmasın! Budur proqram və konsepsiya? Doğrudanmı Əliyev proqram və konsepsiya deyəndə məhz elə bunu nəzərdə tuturdu? Bəs niyə Azərbaycanı içəridən çəpərləmək əvvəlki hakimiyyətlərin ağlına gəlməyib? Həqiqətən də çox ciddi konsepsiyadır!.. Vallah, adamın gülməyi gəlir, amma nə edəsən ki, gülmək bizə yaraşmır. Onsuz da ürəklərimizdə də çəpərlər var və bu çəpərlər gündən-günə artır. Buradaca yadıma başqa bir detal düşür. Müxalifət Ermənistandan da pisdir?

Bəli, daha bir xəbər var. Dedilər ki, MDB-nin Yerevanda tədbiri keçirilir və bizim nazir də ora iki günlük səfərə yollanıb. Bəli, öz ölkəmizdə çəpər çəkir, ora-buranı tuturuq ki, ermənilər bizi qırmasın, o biri tərəfdən ermənilərin sahiblik etdiyi tədbirlərə qatılırıq. Burada nə deyəsən? Məni bir başqa detal düşündürür. Düz 18 ildir ki, bunlar hakimiyyətdədir. 18 ildir bunlar ölkənin əsas siyasi qüvvələri ilə düşmənçilik aparırlar. Əcəba, bu müxalifət məgər Ermənistandan da artıq düşməndir? 18 il milli barışıq üçün kifayət deyilmi? Mən bunların epitetləri, ifadələri haqda düşünürəm: “radikal müxalifət”. Hə, etiraf edim ki, nə qədər çalışıram bunun mənasını anlaya bilmirəm. Əminəm ki, prinsipə qalsa, bunların özləri də bu ifadənin mənasını aça bilməzlər. Axı radikallıq nədə ifadə olunub? Azərbaycanda silahlı dəstələr saxlayan, zora meyl edən, siyasi mübarizədə zorakı üsullardan istifadə edən siyasi qüvvə varmı? Bir neçə il bundan əvvəl, xüsusən əvvəlki hakimiyyətlərin dövründə ölkənin siyasi palitrası çox ziddiyyətli idi. Milli müstəqilliyi qəbul etməyən, konstitusion quruluşun əsaslarına müxalif olan siyasi qüvvələr vardı. Lakin indi onlar yoxdur. Ölkənin əsas müxalif qüvvələri həqiqətən də demokratik və istiqlalçı qüvvələrdən təşkil olunub. Bəs onda problem nədədir? Sadəcə, vəzifə, sərvət bu hakimiyyətə o qədər əzizdir ki, onlar özlərinə, hətta nəzəri cəhətdən rəqib ola biləcək qüvvələri düşmən sayırlar. “Radikal” adlandırılan siyasi qüvvə bu hakimiyyətə real alternativ və rəqibdir – onların suçu yalnız budur!..Soyuq vətəndaş müharibəsi

Bu yaxınlarda daha bir maraqlıca detala rast gəldim. Ötən ilin təqvimində 18 oktyabr əlamətdar gün kimi, bu ilin təqvimində isə bayram kimi qeyd edilib, eləcə də Dirçəliş günü… Maraqlıdır, deyilmi? Bu detalın elə özü bunların əsl siyasi mahiyyətini, ölkənin atributlarına münasibətini açıqlamırmı? 20 ildən sonra başa düşüblər ki, yox, əgər qurtuluş günü bayramdırsa, müstəqillik günü də bayram olmalıdır. Bəzən düşünürəm ki, bunlar bu ölkəyə dövlət tək baxmırlar, daha çox şəxsi şirkət kimi yanaşırlar. Ermənistana qarşı indi daş çəpər çəkirlərsə, öz cəmiyyətlərinə qarşı çoxdan ürəklərində barrikadalar və istehkamlar qurublar. Mən bir dəfə bu haqda yazmışdım və maraqlı başlıq da qoymuşdum: soyuq vətəndaş müharibəsi… Daş hasarlar da yenilik deyil, villalarının ətrafındakı çəpərlər Çin səddini xatırladır…