Əhədin düşündüyü idealizm

“Bizi yox edəcək şeylər bunlardır: prinsipsiz siyasət, vicdanı geridə buraxan əyləncə; çalışmadan zənginlik; elmli, amma xaraktersiz ”insan”lar; əxlaqı olmayan iş dünyası; insan sevgisini arxa plana atmış elm; fədakarlıqdan məhrum bir din anlayışı” (Mahatma Qandi)

Bu həftə 2 aprel məhbuslarının son dördünə də hökm oxundu. Azərbaycan mühitində sayı o qədər də çox olmayan daha dörd azadlıq savaşçısı sifarişçilərin zalım hikkəsiylə “cəzasını” aldı. Onların dördü də gəncdir, aralarında yaşca ən böyüyü Əhəd Məmmədlidir ki, cəmi 30 yaşı var. Bu istiqlal fədailəri haqqında mətbuatda vaxtaşırı yazılar gedir. Əslində, onların fədakarlığı, nümunəsi, mübarizə ruhu hər gün bizim yazıların mövzusuna çevrilməlidir. Repressiya rejimində qulağı kar, gözü kor edilmiş cəmiyyətin buna nə qədər böyük ehtiyacı var, bilsəniz! Əhalinin qəzet-jurnal oxumayan 70%-i hakimiyyət televiziyalarında güllü-gülüstan, ütülü-boyalı, ordenli-medallı, qurdun quzu ilə otladığı “montaj edilmiş” Azərbaycan mənzərəsindən başqa nə görür ki?Mən ilin hadisəsi sayılan 2 aprel haqqında budəfəki yazımda xüsusi olaraq Əhəd Məmmədli ilə bağlı bəzi şeyləri qələmə almaq istədim. Bu yaznı yazarkən onun ilin əvvəlində mətbuat səhifələrində dolaşan unikal fotosunu xatırlayıram. Polislərin əlində baş-ayaq, köynəyi əynindən çıxarılmış halda barmaqlarıyla “Bozqurd” işarəti verən məşhur fotonu çoxunuz xatırlamış olarsınız. O təsirli fotonu indiyə kimi öz arxivimdə saxlayıram. Amma deyərdim ki, Əhədi bizə daha yaxından 2 aprel hadisələri tanıtdı. Məhkəmələrin birində ayaqüstü anasıyla, bibisiylə belə tanış olduq. Sonradan yaxın dostlarımdan biri mənə Əhədin Azərbaycan Xalq Cümhuriyyəti qurucularından birinin nəslindən olduğunu dedi. Heyrətlənəcək bir şey yoxdur. Mən xalqın dilində əzbər olan “ot kökü üstə bitər” deyiminə çox inanan insanlardanam. 2 aprel məhkəmləri yaddaşlara, hər şeydən əvvəl, orada ittiham olunanların xüsusi özəllikləri ilə yazıldı. Bu anlamda, Əhədi də əqidə dostlarından fərqləndirən özünəməxsus  xüsusiyyətləri var.

“Inqilab etmək istəyirsinizsə, idealist olmalısınız”. Onun bu sözləri sadəcə bir romantik düşüncənin məhsulu deyil. Bəlkə də, Əhəd bu ifadəsində hər kəsdən daha çox haqlıdır. Çünki tarixən zamanı dəyişmiş, tarixi yenidən yazmış, özündən sonra gələnlərə cığır açmış insanların çoxu belə düşünüb. Zaman-zaman idealist insanların tarix səhnəsinə çıxması yeni bir nəfəs, bir dəyişiklik, bir inqilab gətirib insanlıq tarixinə. Yaşadığı cəmiyyəti yaxşılığa doğru dəyişmək istəyən Mahatma Qandi də belə düşünürdü, Martin Lüther də, Nelson Mandela da, Vatslav Havel də… Çünki idealist olmaq öncə bir əxlaq çərçivəsini, dəyərlər sistemini qəbul etmək deməkdir. Idealist olmaq ədalətsizliyi və qanunsuzluğu insanlığa ən böyük təhlükə sayaraq ona qarşı çıxmaq deməkdir. Idealist olmaq zülmü və zorakılığı dayandırmaq üçün bəzən ölümü belə gözə alaraq onun üzərinə getməkdir. Idealist olmaq öz ideyalarının mütləq qalib gələcəyinə inanaraq onun arxasınca sona qədər yürüyə bilməkdir. Əhədin düşündüyü idealizm bundan başqa nə ola bilər ki?

O, bir vətənpərvərdir. Bunu illərdir mübarizə apardığı ideyalarına sədaqət nümayiş etdirməklə təsdiqləyib. O, inanclı bir insandır. Isti avqust günlərində məhbəsdə belə orucunu axsatmamışdı. O, bir idealist mübarizə adamıdır. Öz prinsipləri naminə ölümdən belə qorxmayan mübarizə adamı…