Türkiyə polisinin verdiyi məlumata görə, son 5 ildə bu ölkədən 7 minə yaxın azərbaycanlı çıxarılıb ki, onların da əksəriyyəti qadınlardır. Həmin məlumatda bildirilir ki, Türkiyədən çıxarılan azərbaycanlı qadınların 30 faizindən çoxu fahişəliklə məşğul olanlardır.
Bundan başqa, hakimiyyətin nəzarətində olan populyar saytlardan biri 2010-cu ildə təkcə Dubayda 6 mindən çox azərbaycanlı qadının (fahişənin) bu ölkənin türmələrində olduğunu yazmışdı. Başqa bir qəzet isə Dubayda azərbaycanlı fahişələrin ayrıca qəbiristanlığının olduğunu xəbər verirdi.Bu hələ son deyil, artıq dünyanın başqa ölkələrindən də azərbaycanlı fahişələrlə bağlı soraqlar gəlməkdədir…
Bunu təsadüfi yada salmadım. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Müstəqil Azərbaycan 20 il: Dövlət, ailə, qadın, uşaq siyasəti” mövzusunda keçirilən konfransda çıxışını yenə ənənəvi olaraq AXC hakimiyyətini söyüb, YAP hakimiyyətini öymək üzərində qurub. Sitat: “Müasir qadın siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. AXC hakimiyyəti dövründə qadınlara qarşı nadanlıq siyasəti aparılırdı”. Əsasını Heydər Əliyevin qoyduğu YAP iqtidarının dövlət siyasətindən danışmaq yəqin yersiz olar. Konfransın mövzusunda sonra gələnlər: ailə, qadın, uşaq siyasəti elə bu dövlətin siyasətidir; xalqı aşağılamaq, alçaltmaq, təhsilsiz, işsiz qoymaq, onu fahişəliyə sürükləmək…
AXC hakimiyyəti (1992-1993) vur-tut bir il çəkdiyi üçün onun apardığı qadın siyasəti haqqında danışmayacam. Əxlaqım da buna yol vermir ki, 18 illik hakimiyyəti qoyub 1 ildən danışım.
Ölkə boyu fahişəlik baş alıb gedir. Hər rayonda, hətta vaxtilə ən təmiz sayılan rayonlarda belə son illər fahişəlik geniş miqyas alıb. Hakimiyyətdə 18 ildir YAP-ın olduğunu yəqin Əli Həsənov da danmaz. Demək olar, hər gün hakimiyyətin telekanalları (başqası yoxdur) Bakıda, respublikanın rayonlarında əxlaqsızlıq yuvalarının aşkarlandığı barədə xəbərlər verir. Bunu biz demirik. Prezident Administrasiyasının kurasiyasında olan telekanallar deyir. Fahişəliklə məşğul olanlar dul qalmış şəhid qadınları, çörək dalınca müxtəlif ölkələrə səpələnmiş kişilərin arvadları, uşaqları, işsizlikdən, çarəsizlikdən bu yola əl atanlar, yaxud məcbur edilənlərdir. Amma istənilən əxlaqsızlıq yuvasının arxasında ərazi üzrə polis rəislərinin, müavinlərinin dayandığının da kimsəyə sirr olmadığını vurğulamaq gərək. Onlar həm də dövlətin siyasətini həyata keçirən məmurlar sayılır.
***
Daxili Işlər Nazirliyinin məlumatına görə, 2010-cu ildə insan alveri ilə bağlı 70, 2011-ci ilin 6 ayı ərzində 63 fakt qeydə alınıb. Qeyri-rəsmi rəqəmlərdə isə ötənilki qurbanların sayının 100-ə yaxın olduğu deyilir.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, azərbaycanlı fahişələr əhatə dairəsini getdikcə genişləndirir: “Türkiyə, Kipr, Dubay, Hindistan, Pakistan, son dövrlər isə Rusiya kimi ölkələrdə qadınlarımız cinsi istismara məruz qalır”. Iranı yaddan çıxarmaq olmaz, son illər əsasən respublikanın cənub zonasından qız uşaqları bu ölkəyə aparılıb cinsi istismara məruz qalır.
2010-cu ildə Azərbaycanda 8,9 min boşanma qeydə alınıb.
2011-ci ildə təkcə Kəpəz rayonunda 300 ailə boşanıb. Bu ilin ilk 3 ayında isə ölkədə 2,3 min ailə dağılıb. Bir daha təkrarlayaq, ilin 3 ayında. Əli Həsənov üçün bu statistik rəqəmlər – həm də bizə təqdim olunandan fərqli, gerçəyi əks etdirən rəqəmlər – daha əlçatandır. Düzdür, bunları saf-çürük etməyə hər adamın “Intellekt”i çatmaz… Yox, yaxşısı budur “Intellekt” söhbətimiz sonraya qalsın.