ibrahim-ibrahimli

Hakimiyyətin istiqlal və istiqlalçılar “sevgisi”

İstiqlalın qazanılmasında xidmətləri olmadığından qəzəblidirlər

İbrahim İbrahimli: «Haqsız mövqedəkilərin haqlı olanların üstünə hücuma keçməsi tarixin ironiyasıdır»

Azərbaycanın müstəqilliyini əldə etməsinin 20-ci ildönümü yaxınlaşdıqca hakimiyyətin müstəqilliyin qazanılmasında xidmətləri olan insanlara mənfi münasibəti ortaya çıxır. Hakimiyyət təmsilçiləri, vaxtilə müstəqilliyin əleyhinə çıxan şəxslər istiqlalçı-deputatların, hətta 18 oktyabr müstəqillik gününü keçirməsinə belə, imkan vermir.
Hakim Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, deputat Aydın Mirzəzadə “Bizim yol” qəzetinə müsahibəsində deyib ki, müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə nail olan insanlara qayğı fərdi həll ediləcək məsələdir. YAP-çı deputatın sözlərinə görə, qalibiyyəti, müstəqilliyi bir qrup xidməti olan insanla bağlamaq düzgün deyil. Həmin dövrdə səs verdiklərinə görə bunlara müstəsna güzəştlərin edilməsi sovet dövrünə xas olan xüsusiyyətdir.
A.Mirzəzadənin bu fikirləri cavabsız qalmayıb. Istiqlalçı-deputatlardan olan tanınmış siyasətçi Ibrahim Ibrahimli YAP-çı deputatın yenə öz ampluasında çıxış etdiyini deyir: “Onun bu səpkili, arqumentsiz və məntiqsiz çıxışlarını çox eşitmişik. Sadəcə, mən bu tip adamların yerinə acıyıram. Bu tip çıxışlarla haqlıların deyil, haqsızların yanında olmaqla özlərini çox pis duruma salırlar”.
I.Ibrahimli dünyanın bütün ölkələrində istiqlalçı deputatların qurucu deputat kimi qəbul olunduqlarını deyir. Tarixdə də onların önəmli yeri olur.
I.Ibrahimli istiqlalçı deputat kimi Azərbaycan respublikasının qurulmasında iştirak etdiyinə görə özünü xoşbəxt hiss etdiyini deyir. O, Müstəqillik Aktına səs verən insanların uzun müddət istiqlal uğrunda mübarizə apardıqlarını, təhlükələrlə üz-üzə qaldıqlarını, həyatlarını risk qarşısında qoyduqlarını qeyd etdi: “Dünyanın hər yerində bu tipli qurucu deputatlar həmin ölkələrin simvolları sayılır. Onların xüsusi imtiyazları var. Həmin adamlara xüsusi münasibət olur. Bu da həmin ölkədə qurucu deputatlara münasibəti ortaya çıxarır”.
I.Ibrahimlinin sözlərinə görə, Aydın Mirzəzadənin və hakimiyyətdə təmsil olunan digərlərinin belə danışmasının psixoloji səbəbi var. Bu, natamamlıq kompleksindən irəli gəlir: “Bunlar Milli Azadlıq Hərəkatında iştirak etməyiblər. Ona görə də o hərəkatda iştirak edənlərə qarşı dayanıblar. Hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti bu istiqlala qarşı olduqlarına haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma heç nəyə də nail ola bilmirlər və belə gülünc vəziyyətə düşürlər. Onlar vaxtilə Azərbaycanın bu gün simvoluna çevrilən bayrağına, rəmzlərinə yuxarıdan aşağı baxıblar”.
I.Ibrahimli haqsız mövqedə olanların haqlı olanların üstünə hücuma keçməsini tarixin ironiyası kimi qiymətləndirir: “Ölkənin müstəqilliyi uğrunda mübarizə aparıb cəfa çəkənlər bu gün səfa çəkənlər tərəfindən təhqirlərə, tənqidlərə məruz qalırlar. Bunun yalnız bir adı var – tarixin ironiyası”.

Fizzə