Diplomu saxta çıxanların “Misir yürüşü”

Cəlilabadda 130-dan çox müəllim dərsə buraxılmadığı üçün Təhsil Nazirliyi önündə toplaşdı

Azərbaycanın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır.
Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalanı isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov “Trend”ə bildirib ki, nöqsanların aşkarlandığı rayonların təhsil şöbələrinə lisenziyası olmayan, saxta diplomla işləyən müəllimlərin işdən azad edilməsi tapşırığı verilib.
Həmin şəxsləri vaxtilə məktəb direktorlarının işə götürdüyünü deyən Qədirovun sözlərinə görə, məktəblərdə saxta diplomlu, lisenziyası olmayan təhsil müəssisələrini bitirmiş şəxslərin müəllim kimi işləməsi qanuna ziddir.
Bu cür halla Cəlilabadda yaşayan müəllimlər də qarşılaşıblar. Onlar ötən gün Təhsil Nazirliyinin binası önünə toplaşıb haqlarını tələb edirdilər. Saxta diplom adıyla işdən uzaqlaşdırılan müəllimlər bunun qanunsuz olduğunu dilə gətirirlər.
Rayondan aldığımız məlumata görə, Neftçala Qızlar Kollecinin Cəlilabad rayon filialının məzunları artıq iki gündür ki, dərslərə buraxılmır. Qaynaq deyir ki, 130-dan çox müəllim dərsə buraxılmır: “Rəsmi məlumatlarda 7 müəllimin dərsə buraxılmadığı söylənilir. Ancaq bu, yalandır. Kollecin elə məzunları var ki, onlar artıq 20 ildən çoxdur müəllim işləyirlər. Niyə indiyə qədər diqqət yetirmirdilər? Bu 20 ildə Təhsil Nazirliyi hara baxırdı? Bəzi müəllimlərin dərs dediyi şagirdlər universitetlərə yüksək balla qəbul olunublar. Prezident təqaüdü alırlar. Onlara savadsız demək, dərsə buraxmamaq insanlığa sığmır”.
Qaynağın bildirdiyinə görə, Neftçala Qızlar Kollecinin Cəlilabad filialı rayonun düz mərkəzində yerləşir: “Qanunsuz fəaliyyət göstərmir. Rəsmi qaydada qeydiyyatdan keçib. Oranı oxuyan tələbələr təhsil haqqı ödəyiblər. Niyə belə edirlər?”.
Qaynaq deyir ki, dərsə buraxılmayan müəllimlərin bir neçəsi iş yerlərinə qayıtmaq üçün 500 manat təklif edib: “Ancaq bu məbləğ kimlərisə qane etməyib. Məktəb direktorlarına göstəriş verilib ki, heç kəs dərsə buraxılmasın. Məktəbə buraxılmayan ibtidai sinif müəllimlərinin sinifləri başqa siniflərlə birləşdirilib”.

Ramin DEKO