“Mur-Ay”ın rəhbərindən şok etiraf

Elxan Hüseynov «Azadlıq»ın yazdıqlarını təsdiqlədi

“Mur-Ay” MMC tikinti şirkətinin təsisçisi və baş direktoru Elxan Hüseynov Ilham Əliyevə ünvanladığı məktubda “Azadlıq”ın yazdıqlarını təsdiqləyib. Oxucuların diqqətinə çatdıraq ki, Elxan Hüseynov Bakıda 1000-ə yaxın vətəndaşın pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinir. MMC rəhbəri inşa etdiyi binalarda bir mənzili bir neçə adama satırmış.
Aldadılan vətəndaşların dövlət qurumlarının qarşısında keçirdiyi aksiyalardan sonra bu qalmaqallı olayla bağlı “Azərbaycan” nəşriyyatında direktor müavini işləmiş Qalib Məmmədbəyli, “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib işləyən Novruz Muxtarov, cəmiyyətin direktorunun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Şəhriyar Ağayev və Seyfəddin Səfərov edildi. Elxan Hüseynov isə axtarışa verildi. Lakin “Azadlıq”ın apardığı araşdırmalar nəticəsində bəlli oldu ki, əslində “Mur-Ay”ın rəhbərini məsuliyyətdən yayındırmaq istəyirlər. Səbəb isə Elxan Hüseynovun vətəndaşlardan aldığı pulu Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisinə yönəltməsi olub. Bu ideyanı ona Şirvanın icra başçısı, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov verib. Mərdan Camalov Elxan Hüseynovu inandırıb ki, əgər Mərkəzin tikintisini uğurla başa çatdırarsa, rayonlardan birinə icra başçısı təyin edilə bilər. “Mur-Ay” rəhbəri həvəslənərək işə girişib. Vəsait çatmadıqda isə bir mənzili bir neçə nəfərə satmaqla pul əldə edib və Mərkəzin tikintisini yekunlaşdırıb. Elxan Hüseynov həbs ediləcəyi təqdirdə bu faktları ictimailəşdirəcəyini bildirdiyindən onun həbsi gündəmdən çıxarılıb. Lakin bu fakt ictimailəşdiyindən Elxan Hüseynovu həbs etmək məcburiyyətində qaldılar.
Elxan Hüseynov Ilham Əliyevə ünvanladığı məktubda pulların Heydər Əliyev Mərkəzinə sərf olunduğunu bildirib. “Yeni Müsavat” qəzetində dərc olunan məktubu ixtisarla təqdim edirik: “Mən – Hüseynov Elxan Balaxan oğlu 2005-ci ildən ”Mur-Ay” şirkətinin təsisçisi və baş direktoru olmuşam.  “Mur-Ay” şirkətinin hesabına Şirvan şəhərində Heydər Əliyev Muzeyinin tikilməsinin, ətrafının abadlaşdırılmasının və bütün lazım olan işlərin çox yüksək səviyyədə görülməsini başa çatdırmışıq.
Tikintinin sənədləşməsi ilə bağlı dostum və ağsaqqalım Qalib Məmmədbəyliyə müraciət etdim. O da öz növbəsində əlindən gələn bütün köməklikləri sənədlərin rəsmiləşdirilməsi istiqamətində edirdi. Vətəndaşlara dəymiş ziyanla bağlı Qalib Məmmədbəylinin heç bir günahı yoxdur. Mən bunu heç bir təzyiq olmadan öz xəttimlə yazıram. Yazıb sizdən xahiş edirəm ki, həbsdə olan insanlara imkan yaradıb tikintinin başa çatmasına və bütün problemlərin həll olunmasına şərait yaradasınız”.

Informasiya şöbəsi