2 aprel aksiyası ilə bağlı sonuncu qrupa da hökm oxundu – bu, çağdaş dünya standartlarına deyil, Orta Çağ inkvizisiya rejiminin standartlarına uyğun hökm idi. Daha bir qrup Azərbaycan gəncinə dustaqlıq hökmü oxundu. Əhəd Məmmədli, Ülvi Quliyev, Rüfət Hacıbəyli, Elnur Məcidli. Onlardan ən yaşlısı – Əhəd Məmmədli – 30, ən gənci – Elnur Məcidli – 21 yaşındadır. Vəkillər savınma çıxışlarında rejimin bütün suçlamalarını alt-üst eləmişdilər – konkret faktlar, arqumentlərlə! Hakim hökmü oxuyarkən savınmanı bütünlüklə alt-üst elədi – Prezident Administrasiyasının direktiv göstərişilə!
Məhkəmədə gənclərin “son”-başlanğıc çıxışlarını dinləmək, çağdaş Azərbaycan gəncliyini o yerdə, o çağda görmək istəyirdim. Gördüm. O gəncliklə bir yerdə bu rejimin sonunu da gördüm. Kimsə özü üçün hakimdən nəsə istəmədi. Onlar özləri üçün özgürlük istəmədilər – yoldaşları üçün istədilər: “Rüfətin sağlamlıq problemi var… Elnur çox gəncdi, üstəlik, tələbədi”. 21 yaşlı Elnur yaşından çox-çox böyük çıxış elədi (Sözsüz, Elnurun yaşından böyük danışmasının nədəni onun hərəkatçı ailəsində böyüməsidir). Elnur hakimi, prokuroru ipi başqalarının əlində olan kuklalara bənzətdi. Rüfətə söz demək sırası çatanda o, yalnız Azərbaycanın deyil, dünyanın ən sağlam, ən güclü adamı kimi danışdı.
Rüfət deyirdi: “Mənim atam əməliyyatçı polis olub. Onun evimizə haram tikə gətirdiyini görməmişəm. Atam məni halallıqla böyüdüb. Qarabağ uğrunda savaşa qatıldığına görə atamın üzünü aylarla görməmişəm. Mənim atam başqaları kimi satqın olmayıb. Görünür, buna görə mən bu gün burdayam. Istəyirəm biləsiz: mən idiyədək dustaqlıqdan, türmədən qorxurdum, indi qorxmuram. Neçə il iş verirsiz-verin: bu yoldan çəkilən deyiləm”.
Rüfət bəy halal çörəklə böyüdüyündən danışdı. Haram çörəklə böyüyənlərin bizim aramızda nə işi var, qardaşım?! Bizim getdiyimiz yol halallıq – doğruluq-düzgünlük yoludur. Bizim aramızda haramlar ancaq agentlər, rejim əlaltıları ola bilər. Deyəsən, Əhəd Məmmədli də çıxışında belələrinə mesaj göndərirdi: “Kəmaləddin Heydərovu, Ziya Məmmədovu yıxıb-sürüyüb, Ilham Əliyevlə bağlı toxunulmazlıq taktikasından əl çəkin – bütün bu işlərin başında birbaşa Ilham Əliyev durur!”. Sözsüz, sözsüz! Ancaq bir iş də var: bu adamların dəyəri, (eləcə də qazancı!) rejimin tapşırıqlarını yerinə yetirmək bacarığına bağlıdır. Onlar illərdən bəri despotik rejimə əlaltılıq eləyə-eləyə bizləri “hakimiyyətə qulluq eləməkdə” suçlamağı da bacarırlar. Bunun özü də bir qazanc obyektidir: özün satqın ola-ola başqalarını satqınlıqda suçlayasan…
Ülvi tutulanda YAP-çı olub, türməyə YAP-çı kimi gedib. Ülvidə istənilən düşünən gənclik üçün xarakterik dəyişmə-transformasiya baş verib; o, türmədə YAP-çıdan AZƏRBAYCANÇIYA çevrilib. Ülvi, görünür, burda anlamadığını orda anlayıb: ölkəsində hansı rejim qurulduğunu, ölkəsinin hansı əllərdə olduğunu orada başa düşüb. Bunu Ülvinin çıxışından açıqca görmək olardı.
Əhəd Məmmədlinin çıxışına gəlincə, çox yaxşı düşünülmüş bu kompozisiya-çıxış bütünlüklə əliyevçi rejimə suçlama aktı idi. Bu, rejimin kriminal xarakterinı açıb-tökən bir çıxış idi – bu baxımdan amansız bir çıxış! Bu, konkret faktlar, güclü arqumentlər üzərində qurulan, rejimi bütünlüklə türməlik eləyən bir çıxış idi. Əhəd bəy çıxışını ritorik, ancaq olduqca etkili-effektli bir soru üzərində qurmuşdu: “Mənə deyirlər: ”Sən radikalsan”. Mən necə radikal olmaya bilərəm?..”. Bunun ardınca o, rejimin cinayətlərini sadalayırdı. Cinayətlərsə bitmək, tükənmək bilmirdi…
***
Azərbaycanda bu gün minlərlə gənc yoxsulluq, evsizlik üzündən evlənə bilmir. Ölkənin bütün var-yatırına təkbaşına yiyələnən I.Əliyev 11 yaşlı oğluna təkcə Dubayda 44 milyon (bütövlükdə 75 milyon) dollarlıq ev alır. Bütün başqa gəlirlər bir yana, hər gün ölkəyə bircə neftdən 90 milyon dollar pul gəlir. I.Əliyev özünü gerçəkdən prezident saysaydı, bircə elə neft gəlirlərindən yoxsul Azərbaycan gənclərinə bir neçə göydələn tikib bağışlaya bilərdi. Gəncliyə qayğının başqa yolu neft gəlirlərini gərəkən yerə yönəltməklə çoxlu iş yeri açmaq, gənclərə faizsiz kreditlər vermək olardı. Bütün bunların yerinə, I.Əliyev qurama təmir-tikinti işlərinə milyonlarla manat pul ayırır. Bu yöndə bircə fakt yetər: I.Əliyev 2 km-lik yolun çəkilişinə 63 milyon manat pul ayırır. O, alman kompaniyasının hər kilometrini beş min dollara çəkəcəyi yolu Ziya Məmmədova 17 milyon manata çəkdirir. Bəlli olduğu kimi, bütün bu AYIRMALARDA başdan mənimsəmə, sonda “daxili imkanlar hesabına” iş görmə başlıca rol oynayır.
Ölkənin hər yerinə I.Əliyevin milyonlarla manata başa gələn rezidensiyaları var. Bunlardan biri də indi Ziya Bünyadov küçəsində tikilir. Bu rezidensiyaya görə indiyədək çevrədə onlarla göydələn, beşqatlı bina sökülüb, çoxlu sayda həyət evi boşaldılıb. Boşaltma-köçürmə, söküntü işi hələ də sürməkdədir. Oxşar söküntü işləri son çağlar atadanqalma rezidensiyanın da çevrəsində aparılmaqdadır. Beləliklə, minlərlə ailənin yurd-yuvası dağıdılır. Düzdür, onlara hansı formadasa kompensasiya-ödünc ödənir. Nə olsun! Bir belə sosial problemlər içində olan ölkədə I.Əliyevin Azərbaycanın hər yerindən Moskvaya, Dubaya, Parisə, Londona, Mayamiyədək aşıb-daşan, sınır bilməyən bu MÜLKIYYƏTÇILIK istəyi nə deməkdir? Bu istəyin arxasında “prezident” adlanan kimsənin hansı istəkləri dayanır? Görünür, Azərbaycan xalqını özünün tükənməz varlanmaq – mülkiyyətçilik istəklərinə qurban vermək ISTƏYI!
Bizlər demokratik düşüncəli kimsələr olaraq I.Əliyevin tükənməz varlanmaq-mülkiyyətçilik istəklərinə sayğıyla yanaşırıq, ancaq bu istək xalqımızın qanı, canı, bahasına gerçəkləşdirildiyindən, biz bu istəyə qarşı çıxmışıq, çıxırıq, çıxacağıq! Bu yolda kimin düz, kimin əyri olduğunu ortaya qoyacaq dialoqdan da qaçmırıq. Belə bir istəklə Rüfət bəy I.Əliyevi Kürdəxanıya dialoqa çağırdı: “Dustaq olduğumuza görə biz onun yanına gedə bilmərik, o bizim yanımıza gələ bilər”.
Elmar Hüseynovun öldürülməsi ilə durdurulmayan, daha da genişlənən bir savaşı siyasi sifarişə uyğun məhkəmə qərarlarıyla – gəncləri tutdurub dustaq eləməklə durdurmaq düşüncəsinin uğursuzluqla sonuclanacağı bəri başdan bilinməlidir!
Biz onları ağlayaraq yola saldıq,
Onlar geri gülə-gülə dönəcəklər!
Yenilməzlik sərgiləyən o qoçaqlar
Ən yenilməz kürsüləri yenəcəklər!
Yenəcəklər ağanı da, agenti də
Xalqı yenən bir qurğunu yenəcəklər!
Biz onları dustaq kimi yola saldıq –
Onlar geri Özgürlüklə dönəcəklər!
Bu ölkəni əllərilə qaldıracaq,
Demokratik Azərbaycan quracaqlar!
Yurda Ağ Gün, Ağ Gələcək gətirəcək –
Əsgər kimi keşiyində duracaqlar!