Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadənin Abşeron prokurorluğundan çıxarılması ilə bağlı yeni məlumatlar
Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadənin işdən çıxması ilə bağlı maraqlı məlumat əldə etmişik. Xatırladaq ki, Abşeronun prokuroru vəzifəsində çalışan Azər Vahabzadə bu günlərdə Zakir Qaralovun əmrilə Qobustanın prokuroru vəzifəsinə təyin edilib. Lakin Azər Vahabzadə yeni təyinatdan razı qalmayıb və işdən çıxarılması barədə ərizə yazıb.
Bəzi məlumatlarda deyilirdi ki, Azər Vahabzadənin bu addımı Abşeronun icra başçısı Zakir Fərəcovla aralarında olan ziddiyyətlərlə bağlıdır. Zakir Fərəcov xalq şairinin oğlu ilə işləmək istəmirmiş. Hər vəchlə Azər Vahabzadəni Abşerondan uzaqlaşdırmağa çalışan icra başçısı nəhayət, istəyinə nail olub. Bu məsələdə Zakir Fərəcovun hakimiyyətdəki himayədarlarının da xüsusi rolunun olduğu söylənilir. Məhz onların müdaxiləsi ilə baş prokuror Azər Vahabzadənin yerini dəyişdirmək barədə əmr imzalamağa məcbur olub. Azər Vahabzadə isə prinsipiallıq göstərərək sona qədər Abşeronda işləməyə çalışıb. O, Zakir Qaralova təqaüdə çıxmağına çox az qaldığını deyib və xahiş edib ki, son iş yeri Abşeron prokurorluğu olsun. Lakin baş prokuror bunun mümkün olmadığını bildirib. Azər Vahabzadə də əsəbiləşərək yeni təyinatdan imtina edib və ümumiyyətlə, işdən azad olunması barədə ərizə yazıb.
Dünən əldə etdiyimiz məlumatlarda isə deyilir ki, əslində hazırda Vahabzadəyə qarşı kampaniya başlayıb. Bu kampaniyanın arxasında isə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, sabiq spiker Murtuz Ələsgərovun oğlu Fuad Ələsgərov dayanıb. Ələsgərovların Vahabzadələrlə probleminin kökündə Ismayıllı polisinin rəisi Nizami Qocayevin həbsi dayanır. Nizami Qocayev Ələsgərovların yaxın qohumudur. Nizami Qocayevin adı akademik Ziya Bünyadovun qətl işində hallandırılırdı. Azər Vahabzadə isə bu qətlin araşdırılması ilə bağlı yaradılmış istintaq qrupunun üzvü olub. Həmin vaxt xalq şairinin oğlu Ələsgərovların maraqlarına zidd addımlar atdığı üçün indi ona və qohumlarına qarşı hücuma keçiblər. Məlumatlarda deyilir ki, Ələsgərovlar Bəxtiyar Vahabzadənin dövründə bu addımları ata bilmirdilər. Lakin xalq şairi dünyasını dəyişdikdən sonra onun ailə üzvlərindən qisaslarını almağa çalışırlar.
Informasiya şöbəsi