Məhkəmədən gənc fəallara qəddar hökm

Daha 4 müxalifətçiyə ağır cəza verildi; etiraz edənlərə divan tutuldu (VİDEO)

İctimai Palatanın aksiyasına görə başlanan məhkəmə-şou bitdi

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanların sonuncu qrupunun da mühakiməsi dünən Nəsimi rayon məhkəməsində yekunlaşdı. “2 aprelçi”lərin gənclərdən ibarət sonuncu qrupuna hakim Şahin Abdullayevin imzasıyla çıxarılan, gözlənilən sifarişli hökm elan olundu.

Gənclik siyasəti

Hakim hökmü elan edərkən müdafiə tərəfin məhkəmə istintaqı zamanı ortaya qoyduğu dəlil-sübutları əsassız hesab etdi. Amma ittiham orqanının məhkəməyə təqdim etdiyi sübutları haqlı saydı. Beləliklə də, gənc fəallardan Ülvü Quliyev və Əhəd Məmmədliyə 3, Elnur Məcidliyə 2, Rüfət Hacıbəyliyə 1 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası verildi.

Mülki iddialar təmin olunmadı

Vicdan məhbuslarına qarşı qaldırılan mülki iddia isə baxılmamış saxlanıldı. Xatırladaq ki, “2 aprel məhbusları”nın mühakimə olunan hər 3 qrupuna qarşı mülki iddialar qaldırılmışdı. Yalnız Səbail məhkəməsi bu iddianı qismən təmin edib, qalanları baxılmamış saxlayıb.

Himn oxumağa imkan verilmir

Hökmün elan olunması təxminən 2 saat çəkdi. Hökmün elanı başa çatandan sonra məhkəmə zalında olan müxalifət tərəfdarları himni oxumağa başladılar. Çaşqın duruma düşən məhkəmə nəzarətçiləri himn oxuyanları dağıtmağa başladılar. Lakin müxalifətçilərin müqaviməti qarşısında geri çəkilməli oldular

Yenə də polis vəhşiliyi…

Hökmdən sonra Nəsimi rayon Məhkəməsinin qarşısında təqsirləndirilən şəxslərin tərəfdarları ilə polis arasında qarşıdurma yarandı. Müxalifətçilər məhkəmə qarşısında “Azadlıq!” şüarları səsləndirəndə polis onlara hücum etdi.

Hücum edən polislərə isə Nəsimi rayon Polis Idarəsinin Post-Patrul Xidmət Bölüyünün rəisi Əkbər Hacıyev rəhbərlik edirdi. Əkbər Hacıyevin göstərişilə əraziyə əlavə polis qüvvəsi gətirildi. Az keçmədi, ərazidə Nəsimi rayon Polis Idarəsinin rəis müavini Süleyman Nemətov da mülki formada göründü. Polislər aksiya iştirakçılarını dəyənəklə döyməyə başladılar. Bu zaman polislərin hərəkətinə etiraz edən AXCP fəalları – Təzəxan Mirələmli, Vaqif Xaliqov, Müsavat Partiyasından Səxavət Soltanlı, Ramin Baxışov saxlanılaraq, Nəsimi rayon 20-ci polis bölməsinə aparıldılar.

Bakıda “Azadlıq!”, “Istefa!” şüarları

Polislər daha sonra aksiya iştirakçılarını məhkəmənin yaxınlığında olan qul bazarına tərəf sıxışdırdılar. Burada polis dəstəsinə rəhbərlik edənlərin göstərişilə polislərlə müxalifət tərəfdarları arasında qarşıdurma yarandı. Polislər müxalifət tərəfdarlarını döyməklə yanaşı, “qul bazarı”nda olan ustaların xərəklərini də dağıtmaqdan çəkinmədilər.
Daha sonra polislər müxalifət tərəfdarlarını 3-cü mikrorayon dairəsinə tərəf sıxışdırdılar. Burada müxalifət tərəfdarlarının “Azadlıq!”, “Istefa!” səsləndirmələri yenidən qarşıdurmanın yaranmasına səbəb oldu. Aksiya bir saata yaxın davam etdi.
Nəsimi rayon Polis Idarəsinin 20-ci polis bölməsində saxlanılanlar isə xəbərdarlıq ediləndən sonra sərbəst buraxıldılar.

Natiq