“Azərbaycanda dövlətlə korrupsiya bir bədəndir”

Vidadi Mirkamal: «Əgər nazirlər özləri korrupsiyanın başında durubsa, hansı mübarizədən söhbət gedə bilər?»

«Kimsə düşünməsin ki, eks-prezidentlik statusunun arxasında gizlənərək qanunsuz əməllərini ört-basdır edə bilər»

Hakimiyyətin qondarma ittihamlar irəli sürdüyü “2 aprel”çilərin artıq hamısına hökm kəsilib. Ölkədə baş verənlərin fonunda ciddi beynəlxalq təpkinin müşahidə olunmasına baxmayaraq, hakimiyyət müxalifətçilərə qarşı sərt mövqe sərgiləməkdə davam edir. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamalla söhbətimizə bu məsələylə başladıq.

– Artıq müxalifətin 2 aprel aksiyasında tutulanların hamısının məhkəməsi yekunlaşıb. Verilən qərarlar Sizin üçün nə qədər gözlənilən idi?
– Bu qərarlar bizim üçün gözlənilən idi. Çünki ibtidai istintaq dövründə bir çox sübutlar olmadan, hüquqi prosedurlar gözlənilmədən işin aparılması artıq bizdə bu təəssüratı yaratmışdı. Bütün bunlar ondan xəbər verirdi ki, hakimiyyət sifarişli prosesə qədəm qoyub. Digər tərəfdən məhkəmə proseslərində bəlli oldu ki, hələ bəşər tarixində belə məhkəmə keçirilməyib. Çünki bir qayda olaraq məhkəmə prosesində üç tərəf olmalıdır. Məhkəmə – ədalətli mühakimə tərəfi, ittiham tərəfi – prokurorluq və müdafiə tərəfi. Amma Azərbaycandakı məhkəmələrdə iki tərəf var. “2 aprel”çilərin məhkəməsində ədalət tərəfi mühakimə tərəfinə birləşərək ittiham olunanların üstünə düşmüşdü. Məsələ burasındadır ki, hakimiyyət müdaifə tərəfini də zəiflədib. Vəkilər Kollegiyasında baş verənlər, vəkillərin işdən uzaqlaşdırılması buna misaldır. Bütün bunlar ondan xəbər verirdi ki, hakimiyyət heç nə sübut olunmadan ittiham olunanları həbs etməyə çalışır. Amma baş verənlərlə bağlı beynəlxalq təpkiyə gəlincə isə, bu dəstək kifayət qədər ciddi idi.
Bir məqamı da nəzərə almaq lazımdır ki, “ərəb baharı” hakimiyyəti o dərəcədə çaşdırıb ki, nəyin bahasına olursa-olsun rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparan insanları içəri atmağa çalışır. Iqtidar gözəl bilir ki, hazırda mühakimə olunanları həbs etməsə, bu prosesin davamı gələcək. Elə hakimiyyəti də qorxudan məhz bu məqam – prosesin davamıdır. Çünki hakimiyyət indi cəmiyyətdə xof yaratmasa, hadisələr daha da inkişaf edəcək. Çünki biz iqtidarın cinayətlərinin yalnız üçdə birini bilirik. Hakimiyyət hansı qanunsuz əməllərə yol verdiyini gözəl bilir. Bu üzdən də özünə arxayın deyil.

Hakimiyyətin hələ geri çəkilməyə yeri var

– Hakimiyyətdə sanki belə bir fobiya var ki, bir addım geri çəkilmək hər şeyin sonu ola bilər?
– Geri çəkilməyin də bir həddi var. Insan o həddə qədər geri çəkilir ki, onun kürəyi uçuruma və ya qayaya dirənir. Bu baxımdan nə qədər hakimiyyət tez ayılıb demokratik yola qədəm qoysa, bir o qədər yaxşıdır. Bizim Ictimai Palata olaraq arzumuz budur. Biz Azərbaycanda proseslərin gedib “ərəb baharına” çıxmasını istəmirik. Görünür, hakimiyyət nə qədər cinayət etdiyinin fərqindədir və bilir ki, törətdiklərinin arxasında nələr gizlənir. Hakimiyyətin hələ geri çəkilməyə yeri var. Amma bu məsafə də getdikcə daralır. Müsavat Partiyasının 100 illiyinə yerin ayrılmaması və iqtidarın Avropadan çoxlu sayda mötəbər qonaqların Bakıya gələrək bu halın şahidi olacağını bilə-bilə geri çəkilməməsi, onu göstərir ki, hakimiyyət başını itirib.

– Bu yaxınlarda məhkəmə 70-dən artıq şəxsi aldadaraq onları qanunsuz universitetə qəbul edən rektoru azadlığa buraxdı. Amma öz haqlarını tələb edən, sadəcə, “Azadlıq” hayqıranlara qarşı çox ağır cəzalar verildi…
– Bu, korrupsiya və rüşvətə uğramış cəmiyyətin normal mənzərəsidir. Çünki hazırkı sistemin mayası və kökü korrupsiya, rüşvət üzərində qurulub. Hansısa bir rayona rüşvət hesabına icra başçısı təyin olunur. Həmin şəxs rüşvət kimi verdiyi pulu yığana qədər onun yeri dəyişdirilmir. Inzibati amirliyə söykənən bu hakimiyyət insanlara hər şey etməyə imkan yaratmağa hazırdır, təki ona qarşı çıxmasınlar. Amma iqtidar yetkililəri anlamır ki, əslində bu cür idarəçilik hakimiyyətin ziyanına işləyir və onun ömrünü qısaldır. Hakimiyyətdə ağıllı bir insan olsa, digərlərinə tövsiyə edər ki, insanlara bu qədər zülm etməyə dəyməz. Ictimai Palata hazırkı vəziyyətdən demokratiyaya yumşaq keçidin xəritəsini verib. Nəyə görə hakimiyyət onu qəbul etmir? Onlar özlərini hazırda güclü hesab edirlər. Amma hakimiyyət zəifləyəndə onlar yalvaracaqlar ki, biz bu şərtləri irəli sürək. Bu insanlar anlamalıdırlar ki, hakimiyyəti bu formada sona qədər saxlamaq mümkün deyil.

Azərbaycanda dövlətlə korrupsiya bir bədəndir

– Hazırda bir-birinin ardınca tikinti şirkətləri insanları aldadırlar. Artıq bu istiqamətdə kifayət qədər fakt var və belə görünür ki, bu tip cinayətlərin törədilməsi üçün geniş zəmin var. Tikinti şirkətləri heç nədən qorxmadan, çəkinmədən insanları aldatmaqda davam edirlər…
– Bu Azərbaycan tip cəmiyyətlər üçün normal haldır. Çünki əgər bir tikinti şirkəti yüz insanı aldadırsa, bir nazir min insanı aldadır. Buna təəccüblənmək lazım deyil. Əgər bir nazir utanmadan bəyan edirsə ki, ölkədə kasıblıq həddi beş faizdir, ölkədə gözəl firavan yaşayış var, o zaman bir tikinti şirkətinin yüz nəfəri aldatması nə böyük faktdır ki? Azərbaycanın ən böyük bəlası korrupsiya və rüşvətdir. Korrupsiya və rüşvətin qarşısını almadan ölkədə hər hansı bir yeniliyə, demokratiyaya doğru addım atmaq mümkün deyil. Normal cəmiyyətlərdə də korrupsiya ilə dövlət arasında müəyyən hədd var. Yəni, bu dövlətlərdə korrupsiyanın sərhədləri ilə dövlətin sərhədləri bilinir. Azərbaycanda isə dövlətlə, korrupsiyanın sərhədləri itib. Əslində, korrupsiyanın bitdiyi yerdə dövlət başlamalıdır. Azərbaycanda isə dövlətlə korrupsiya bir bədəndir, onların sərhədləri birdir. Ona görə Azərbaycanda korrupsiyaya qarşı mübarizə mümkün deyil. Əgər korrupsiyaya qarşı mübarizəyə başlanılsa, bu o deməkdir ki, dövlətə qarşı mübarizə başlanmalıdır. Azərbaycanda dövlətlə korrupsiya elə birləşib ki, onları ayırmaq mümkün deyil. Belə çıxır ki, korrupsiyanı aradan qaldırmaq üçün dövləti aradan qaldırmaq lazımdır.
Hər hansı nazirin, tikinti şirkətinin insanları aldatması bütün baş verənlərin fonunda xırda şeylərdir.

– Bundan başqa şəhərin hazırda mərkəzi hissəsində evləri olanların da hüquqları çox zaman kobud pozulur. Onlar iradələrinin ziddinə olaraq evlərindən çıxarılır, verilən kompensasiya isə real bazar qiymətlərinə uyğun olmur…
– Əgər insanlaın əsas konstitusion hüququ olan yaşamaq hüququ kobud şəkildə pozulur, əlindən alınırsa, o zaman şəxsi mülkiyyətin toxunulmazlığı hüququ asanlıqla pozulacaqdır. Bu günləri bu həqiqətləri başa düşən və etiraz edən adamlara qarşı isə təzyiqlər səngimir. Həmin şəxslərin ailə üzvləri işdən çıxarılır. Belə təzyiq və intriqa şəraitində ölkəni nə qədər saxlamaq olar? Ona görə mən düşünmürəm ki, insanların mülkiyyət hüququnun pozulması bu dövlət üçün önəmli məsələdir.

Azərbaycanda “unikal” məhkəmə sistemi var

– Bu yaxınlarda nüfuzlu bir beynəlxalq təşkilat öz hesabatında vurğulayıb ki, Rusiya, Belarus və Azərbaycanda vəkillik institutuna qarşı münasibət xüsusən aqressivdir. Bu baxımdan hazırda müstəqil vəkillərə qarşı təzyiqləri necə qiymətləndirmək olar?
– Insanların müdafiədən məhrum edilməsinə cəhd təsadüfi deyil. Azərbaycanda hazırda məhkəmə sistemində unikal situasiya yaranıb. Əgər digər avtoritar ölkələrdə mühakimə və ədalət sistemi birləşərək müdafiənin üzərinə gəlirsə, Azərbaycanda sonuncu instansiyanı da zəiflədirlər.
Hazırda Vəkillər Kollegiyasının başına elə şəxsi qoyublar ki, o, müstəqil vəkilləri qorxutmağa çalışır. Insanların müdafiə hüququndan məhrum edilməsi təkqapı oyuna bənzəyir. Özü də bu qapı qapıçısızdır. Bu şərait dözülməzdir və tezliklə aradan qaldırılmalıdır.

– Sabiq MTN əməkdaşı Ramin Nağıyevin qəzetimizdə gedən məqalələrindən məlum oldu ki, Afiyəddin Cəlilovu, Ziya Bünyadovu, Şəmsi Rəhimovu qətlə yetirən şəxslər hazırda həbsxanadakı şəxslər deyil. Sizcə, bütün bunlardan sonrabu cinayət işlərinə yenidən baxılmalıdırmı?
– Bu hakimiyyətin dövründə heç bir cinayət işinə obyektiv baxılmayacaq. Ramin Nağıyevin dediklərində mən çoxlu həqiqətlər görürəm. Sadəcə olaraq, bu faktların araşdırılması üçün hakimiyət dəyişməlidir. Çünki bu cinayətlərin hamısı bu hakimiyyətin zamanında və daxilində baş verib. Bu baxımdan inanmıram ki, bu hakimiyyətin dövründə cinayətlər tam və ədalətli şəkildə araşdırılsın.

Zəifi döyməklə, onu əzməklə güclənmək olmaz

– Hakimiyyətin kampaniya şəklində elan etdiyi korrupsiyaya qarşı mübarizə çərçivəsində yalnız dövlət idarələrinin sabiq əməkdaşları, ya da sıravi işçiləri həbs olunur. Bunu necə qiymətləndirmək olar?
– Bu, bürkülü yay havasında axşam tərəfi əsən mehə bənzəyir. Bu meh böyük çinarın yalnız yuxarı hissəsindəki bir neçə dənə yarpağı yerindən oynada bilər. Azərbaycanda korrupsiyaya qarşı mübarizə mümkün deyil. Çünki Azərbaycan dövləti korrupsiyanın içərisindədir. Əgər korrupsiyaya qarşı mübarizə real aparılarsa, bu ziyanın mənbəyi kəsilməlidir. Əgər hazırkı idarəçilik sisteminə rəhbərlik edən nazirlər özləri korrupsiyanın başında durubsa, hansı mübarizədən söhbət gedə bilər. Sabiq işçinin və ya sıravi əməkdaşın tutulması ümumilikdə sistemi dəyişə bilirmi? Azərbaycanda korrupsiyaya qarşı mübarizə deklorativ xarakter daşıyır.

– Hazırda eks-prezidentlər haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Amma layihənin ruhundan görünür ki, sənəd hazırkı dövlət başçısının maraqlarına uyğun formada tərtib olunub. Siz bunu necə qiymətləndirirsiz?
– Bu o deməkdir ki, əgər hazırkı hakimiyyət onu özü üçün qəbul edibsə, ondan sonra gələn hakimiyyət də daha bir qanun qəbul edəcək. Təsir əks-təsirə bərabərdir. Heç kim düşünməsin ki, zəifi döyməklə, onu əzməklə güclənir. Əksinə, bu siyasətlə hakimiyyət özünə qarşı potensial rəqib hazırlayır. Düşünürəm ki, sabiq prezidentlərlə bağlı normal qanun qəbul olunmalıdır. Üç prezidentin hamısına bu, şamil edilməlidir. Yox, əgər hazırkı hakimiyyət hesab edirsə ki, o yalnız bir nəfər üçün qəbul olunmalıdır, ondan sonra gələn hakimiyyət də onu ləğv edəcək. Bu, əslində, bu tip qanunun qəbul olunmaması deməkdir. Düşünmürəm ki, bu qanun bu formada qəbul olunacaq. Ağıllı adamlar bu prosesin qarşısını alacaqlar. Amma kimsə düşünməsin ki, bu qanunun arxasında gizlənərək qanunsuz əməllərini ört-basdır edə bilər. Əgər dövlət cinayətinə yol verilibsə, heç bir qanun heç kimi xilas edə bilməz.

Xəyal