Avropa İttifaqından avtoritar rejimlərə sanksiya hədəsi

Ştefan Füle: “Bizim yeni siyasətimiz qonşularımıza ciddi mesajdır”

“Avropa İttifaqına üzv olmaq istəyirsinizsə, dolayı yol axtarmağa dəyməz”

Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Brüsseldə «Şərq Tərəfdaşlığı» proqramına üzv və Ərəb ölkələrindən olan jurnalistlərin iştirak etdiyi toplantıda bir sıra vacib mesajlar səsləndirib. Toplantı ENJN-in (European Neighbourhood Journalism Network) layihəsinin yekununa həsr olunub.
“Azadlıq”ın tadbirdə iştirak edən əməkdaşı Xəyal Şahinoğlu xəbər verir ki, Füle “Yaxın Qonşuluq” və “Şərq Tərəfdaşlığı” proqramlarının Aİ üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Aİ-nin bundan sonra qonşu ölkələrdə vətəndaş cəmiyyətlərinin maraqlarını daha çox nəzərə alacağını bildirib. “Keçmişdə vətəndaş cəmiyyətlərinin maraqlarını bir o qədər ifadə etmirdik. Bu baxımdan yeni qonşuluq siyasətinə bəzi əlavələr edilib. Hakimiyyətlə yanaşı vətəndaş cəmiyyətləri ilə də əlaqələr qururuq”, – deyə Füle qeyd edib.
Aİ rəsmisi vurğulayıb ki, qonşuluqdakı ölkələrin səviyyəsinin yüksəlməsi onların özlərindən asılıdır: “Çox iş görsəz, daha ciddi dəstək alacaqsınız”.
Füle diqqətə çatdırıb ki, əgər hər hansı ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, o zaman Aİ münasibətlərə yenidən baxacaq və diqqəti daha çox vətəndaş cəmiyyətinə yönəldəcək. “Belarus və Suriyada baş verənlər bunu sübut edir. Vətəndaşlara qarşı qununsuz hərəkətlərə yol verən məmurlara sanksiya tətbiq oluna bilər”, – deyə o əlavə edib.
Aİ rəsmisi bildirib ki, növbəti mərhələ üçün beş baza meyar irəli sürüblər. Bu “real və möhkəm demokratiyanın səviyyəsini ölçməyə” imkan verəcək. Füle meyarları belə sadalayıb:
-Azad seçkilər;
-Azad ifadə, sərbəst toplaşmaq, azad mətbuat;
-Məhkəmə sisteminin möhkəmlənməsi;
-Korrupsiya ilə mübarizə;
-Təhlükəsizlik, qanunun aliliyi.
“Bizim yeni siyasətimiz Cənubda və Şərqdə qonşularımıza ciddi mesajdır. Bu siyasət onlara imkan verəcək ki Avropanın daxili bazarına çıxa bilsinlər. Biz Şərqdə gözləntilər divarını yıxmışıq. Əgər Avropa İttifaqına üzv olmaq istəyirsinizsə, dolayı yol axtarmağa dəyməz. Qonşuluq Siyasəti çərçivəsində nəzərdə tutulanları etməklə üzvlüyə yaxınlaşa bilərsiniz”, – deyə Füle daha sonra bildirib.