Avropadan 2 aprel məhbuslarına azadlıq tələbi

“2 aprel məhbuslarının məhkəmə prosesləri 1930-cu il Stalin dövrünün ruhuyla keçirilib”

Avropada fəaliyyət göstərən bir neçə Azərbaycan təşkilatı 2 aprel aksiyasına görə həbs edilənlərə çıxarılan məhkəmə hökmləri ilə əlaqədar bəyanat verib. “Azadlıq”a göndərilən bəyanatda deyilir:

2013-cü il prezident seçkiləri yaxınlaşdıqca sülalə hakimiyyətinin ömrünü uzatmaq üçün Azərbaycan iqtidarı dinc aksiya keçirmək istəyən sadə vətəndaşların və demokratik müxalifətin – İctimai Palatanın qanuni çağırışlarına qarşı getdikcə daha da aqressivləşir. Rəsmi hakimiyyət nəinki bu çağırışlara əhəmiyyət vermir, üstəlik ölkədə demokratik dəyişiklik tələb edən ictimai xadimlərə, gənc fəallara və müxalifət nümayəndələrinə qarşı amansız repressiyalar aparır.
Bu repressiyalar xüsusilə İctimai Palatanın çağırışı ilə bu il aprelin 2-də Bakı şəhərinin mərkəzində baş tutan dinc aksiyadan sonra artan xətlə inkişaf etməkdədir. Bəlli olduğu kimi bu müddət ərzində yüzlərlə gənc fəal güc qurumları tərəfindən saxlanılmış, işgəncə və təhqirlərə məruz qalmış, onların qohumlarına və yaxınlarına təzyiqlər göstərilmişdir. Siyasi hakimiyyətin sifarişlərilə fəaliyyət göstərən Azərbaycan məhkəmələri isə saxta ittihamlarla həbs edilən siyasi məhbuslara ağır hökmlər çıxarmaqda davam edirlər. Halbuki artıq həmin şəxslərin çoxu beynəlxalq qurumlar tərəfindən vicdan məhbusu kimi tanınmışdır. Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində xüsusi xidmətləri olmuş Arif Hacılının müstəqilliyimizin 20-ci il dönümü ərəfəsində saxta ittihamlarla həbsdə saxlanılması Azərbaycan dövləti üçün ən böyük utancverici hadisədir.
Xüsusilə qeyd edək ki, 2 aprel məhbuslarının məhkəmə prosesləri 1930-cu il Stalin dövrünün ruhuyla keçirilib. Heş bir günahı olmayan, sadəcə sərbəst toplaşmaq hüququndan istifadə etmək istəyən insanlara qarşı bu cür aqressivlik Azərbaycanda getdikcə amansızlaşan avtoritar bir rejimin qurulduğunu təsdiqləyir.
Biz Avropada fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar olaraq Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsini, repressiyalara son qoyulmasını tələb edirik. Öz növbəmizdə bildiririk ki, bu repressiya və həbslərlə bağlı həqiqətləri yaşadığımız ölkələrin dövlət qurumlarına, Avropada fəaliyyət göstərən beynəlxalq və yerli qurumlara, Avropa ictimaiyyətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edəcəyik.

Eldəniz Yusibov – Azərbaycanlı Siyasi Mühcirlərin Dünya İttifaqı: Nederland
Rəşad Sadıqov – Odlar Yurdu: Nederland
Fikrət Hüseynli – Yeni Müxalifət Hərəkatı – Nederland
Azər Ramizoğlu – Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi: Nederland
İlham Həsən – Frankfurt Azərbaycan Cəmiyyəti – Almaniya
Yusif Abulov – Maynz Azərbaycan Cəmiyyəti: Almaniya
İntiqam Məmmədov – Hamburq Azərbaycan Cəmiyyəti: Almaniya
İsa Sadıqov  – “Odlar Yurdu” Təşkilatı (ehtiyatda olan polkovnik): Norveç
Əli Ağayev – “Prometey” Təşkilatı: İsveç
Teymur Eminbəyli – Bütöv Azərbaycan Təşkilatı: İsveç