Sarkozi Azərbaycan hakimiyyətində aranı qatıb?

Fransa prezidentinin Bakıya səfərinin pərdəarxası məqamları

Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana səfəri dövlət başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevaya “Legion Ordeni”ni təqdim etməsilə yadda qaldı. Faktiki olaraq bu səfərdə başqa hər hansı diqqəti cəlb edən olay baş vermədi. Halbuki Sarkozinin Ermənistana və Gürcüstana səfərləri bir sıra yaddaqalan məqamlarla zəngin idi.
Mehriban Əliyevanın Sarkozi tərəfindən təltif edilməsi isə bir sıra mülahizələrə yol açıb.
Hələ bir müddət əvvəl ABŞ səfiri Metyu Brayza mətbuata müsahibəsində Azərbaycanda mərkəzi hakimiyyətin olmadığına, ölkənin ayrı-ayrı qruplar tərəfindən idarə edildiyinə işarə vurmuşdu. “WikiLeaks” saytının yaydığı məxfi teleqramlarda isə bu fakt aydın şəkildə əks olunmuşdu. Hətta hakimiyyətdaxili qruplara rəhbərlik edən şəxslərin adları açıqlanmışdı. Bu açıqlamalardan sonra belə qənaət formalaşdı ki, artıq Qərb dairələri Azərbaycan hakimiyyətini bütöv görmədiyindən iqtidardakı qruplarla işləməyə üstünlük verir. Sarkozinin Bakıya səfəri və Mehriban Əliyevanı şəxsən təltif etməsinə də bu konteksdən yanaşmaq olar.
Təsadüfi deyil ki, təltifetmə mərasiminin nümayişi ilə paralel olaraq telekanallarda Sarkozinin əleyhinə kampaniya başladıldı. Vaxtilə Türkiyəni ittiham edən şəxslər hakimiyyətin bir ayrı qrupunun nəzarətində olan televiziyalarda Sarkozinin qardaş ölkənin əleyhinə səsləndirdiyi fikirləri əldə bayraq edərək, Fransa prezidentini “asıb-kəsdilər”. Bu fakt hakimiyyət daxilində Sarkozinin Bakıya səfərinə birmənalı münasibətin olmadığını ortaya qoydu. Görünür, digər qruplaşmalar Mehriban Əliyevanın təltif edilməsindən ciddi narahat olublar.

Bir məqamı da qeyd etmək yerinə düşər. Eyni orden Gürcüstan prezidenti Mixail Saakaşviliyə də verilib. Lakin Azərbaycanda birinci şəxs Fransanın ali ordeninə layiq görülməyib. Bunun səbəbini əlbəttə ki, Ilham Əliyevin fəaliyyətində axtarmaq lazımdır. Saakaşvilini təltif etdiyinə görə Sarkozi beynəlxalq aləmdə, o cümlədən vətənində tənəyə məruz qala bilməz. Gürcüstan prezidenti Qərbdə ölkəsini demokratikləşdirmək istiqamətində səylərini əsirgəməyən lider kimi tanınır. Ilham Əliyev isə əksinə. O, 2005-ci ildən sonra demokratiyanın imitasiyası xəttindən də imtina edib. Azərbaycanda avtoritarizmi daha da dərinləşdirib və bu prosesi davam etdirməkdə israrlı görünür. Demokratik bir ölkənin rəhbəri olaraq Sarkozinin avtoritar rejimin başçısı kimi tanınan Ilham Əliyevi təltif etməsi, əlbəttə, Fransa prezidenti üçün başağrısına çevrilə bilərdi.
Sual oluna bilər bəs Mehriban Əliyevanın təltif edilməsi qınaqla qarşılanmayacaqmı? Cavab: Hər halda Sarkozi ölkəsinin Azərbaycanla, daha doğrusu, Azərbaycan hakimiyyətilə (məlum qruplaşma ilə) münasibətlərini saxlamaq və inkişaf etdirmək üçün Ilham Əliyevlə müqayisədə Mehriban Əliyevanı təltif etməsini əsaslandırmaq imkanları məhdud deyil. Vəziyyətdən çıxmaq üçün zəif olsa da, bəzi arqumentlər var: Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiridi, Fransa üçün mədəni və sosial sahələrdə hansısa işlər görüb və s.
Beləliklə, Sarkozinin Bakıya gəlişi, Qərb dairələrinin ayrı-ayrı qruplaşmalarla işlədiyi barədə yaranmış qənaəti möhkəmləndirməklə yanaşı artıq Ilham Əliyevin Qərbdə qəbul  olunmadığına işarə sayıla bilər.

Vidadi