Futbol yığmamızda biabırçı olay

Əvəzlənməsinə etiraz edən Vaqif Cavadov oyunun sonunu gözləmədən millidən gedib

Adil Əliyev: «Ölüm bundan yaxşı idi»

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan Avstriya ilə keçirdiyi oyunda növbəti məğlubiyyətini alıb. Oyundan sonra isə yığmanın düşərgəsində xöşagəlməz olay baş verib. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, Rusiyanın “Volqa” klubunda çıxış edən Vaqif Cavadov oyundan sonra heç bir səbəb olmadan millimizdən ayrılıb. Baş məşqçi Berti Foqts onun yerinə “Qəbələ”dən Arif Isayevi dəvət edib.
Cavadovun bu addımının oyun zamanı əvəzlənməsi ilə əlaqəli olduğunu ehtimal etmək olar. Qeyd edək ki, Azərbaycan yığması sonuncu oyununu iki gün sonra Türkiyə millisinə qarşı keçirəcək.

Yığmanın məğlubiyyəti, eyni zamanda milli komandada baş verənlərə millət vəkili Adil Əliyev də münasibət bildirib. “Qafqazinfo” saytına verdiyi açıqlamada o, məğlubiyyətin səbəbini baş məşqçi Berti Foqstda görmədiyini deyir: “Foqts yox, Azərbaycan yığmasına sehrbaz da baş məşqçi gətirilsə, mümkün deyil. Baş məşqçinin kimliyi və hansı millətdən olmasının önəmi yoxdur. Bizdə məğlubiyyətin bir neçə özəl səbəbi var. Ilk növbədə işləməyə gələn baş məşqçi federasiyanın köləsinə çevrilməməlidir. Bu şəxsin federasiya qarşısında tələbləri, standartları olmalıdır. Həmin tələblərin yerinə yetirilməsinə nail olmalıdır. Yoxsa, gəlib kiminsə tapşırığı və ya sifarişi ilə oyuna futbolçu buraxacaqsa, onda heç nə qazana bilməyəcək”.
A.Əliyevin sözlərinə görə, Azərbaycan futbolçuları bir az pullaşan kimi qaçıb özlərinə bahalı maşın alırlar, dəbdəbəli həyat sürürlər. Ancaq peşəkar idmançı yalnız karyerasını bitirəndən sonra belə şeylər haqqında düşünməlidir.
Millət vəkili son oyunu yalnız bir sözlə xarakterizə edib – ölüm bundan yaxşı idi. Millət vəkili son oyun günü Azərbaycana üçqat zərbə dəydiyini də vurğulayıb. Birinci zərbə Azərbaycan millisinin biabırçı məğlubiyyəti, ikinci zərbə Türkiyənin uduzması, üçüncü zərbə isə Ermənistanın qələbə qazanması olub.
A.Əliyev Azərbaycanda bu qədər şəraitin, imkanın qarşısında dünya arenasına çıxmamağı normal hal saymır: “Ermənistanın heç nəyi yoxdur, amma qələbə qazandılar. Bir şeyi ki, biz edə bilərik, bu bizim əlimizdədir, niyə məsələni düyünə salmalıyıq axı? Yenə də deyirəm ki, baş məşqçinin kimliyindən asılı olmayaraq ona işləmək üçün şərait yaradılmalıdır, heç bir maneə törədilməməlidir. Bunu etsinlər, uğuru da görəcəklər…”.

Fizzə