Bir Şərq ölkəsinə iki saatlıq səfər

Hər halda, Qərb siyasətçilərinin, diplomatlarının məharətinə söz ola bilməz.

Onlar kimin ürəyindən nə keçdiyini gözəl duyurlar, xüsusən Şərq ölkələrini çox yaxşı bilirlər. Bu mənada N.Sarkozi də istisna olmadı. O, Ermənistanda qondarma soyqırımdan, Gürcüstanda NATO və AB-dən danışdı, burada isə ümumi sözlərlə kifayətləndi. Səfərə gəldikdə isə, mən onun ərəfəsində belə bir fikir yazmışdım ki, Sarkozi heç özü də əməlli-başlı bilmir ki, Qafqaza nə səbəbə gəlir! Bu adam Gürcüstan-Rusiya müharibəsi zamanı sözün həqiqi və birbaşa mənasında Gürcüstanı xilas etdi, amma sonradan eyni zamanda Almaniya ilə birlikdə Gürcüstanın NATO-ya və AB-yə sürətli inteqrasiyası yolunda əngələ çevrildi. Bəli, böyük siyasət təzadsız olmur və bunu da eyni qayda ilə böyük siyasətin incəlikləri sırasına yazaq.
Ermənistana gəldikdə isə məhz Sarkozi bu ölkəni Fransanın bacısı adlandırmışdı. Lakin mənim də diqqətimi bir detal çəkdi. Səhv etmirəmsə, o, status-kvonun sülh prosesi üçün problem yaratdığını dedi. Ermənistanın müvəqqəti hərbi üstünlüyü də sülh prosesi üçün bilavasitə problem yaradır. Sülh prosesində əlverişli bir situasiyaya gəlmək üçün Ermənistan mütləq işğal etdiyi əraziləri boşaltmalı və bunları danışıqlar prosesinin kontekstindən çıxarmağa kömək etməlidir, əks təqdirdə sülh danışıqları bir nəticə verməyəcək, çünki Ermənistan hərbi üstünlüyündən istifadə edərək prosesi pozur. Bu ölkəyə elə gəlir ki, özünün işğal etdiyi əlavə ərazilərdən danışıqlar vaxtı təzyiq kimi istifadə edə bilər. O, hazırda məhz belə də hərəkət edir, onun bütün diplomatik fəlsəfəsi bir tezis üstündə qurulub: torpaq əvəzinə Dağlıq Qarabağa müstəqillik! Amma mənə elə gəlir ki, Qafqaza turnesi çərçivəsində ilk səfər edəcəyi ölkə kimi işğalçı Ermənistanı seçməsi Sarkozinin heç də uğurlu seçimi deyildi. Bəli, Sarkozi bilməmiş deyil ki, Ermənistan, hətta ən kiçik diplomatik diqqətdən belə, özü üçün siyasi dividendlər götürməyə cəhd edir və siyasi reallıqdan getdikcə daha çox uzaqlaşır. Amma kim bilir? Bəlkə elə Sarkozinin özü də bunu arzu edir? Onun Türkiyə ilə bağlı dedikləri də elə bir təəccüb doğurmur. Bir vaxt Türkiyəyə səfəri zamanı hamı gözləyirdi ki, Sarkozi nə deyəcək? Hə, o, dedi və hamını təəccübləndirdi: Avropa Birliyinin Türkiyəyə, eləcə Türkiyənin də Avropa Birliyinə ehtiyacı yoxdur! Qərəz, Sarkozini dostlar sırasına yazmaq olduqca çətindir, o, bizim dostumuz deyil! Ümumiyyətlə, Minsk qrupunun üç həmsədrinin hər biri Ermənistana daha yaxındır, əsasən onun mövqeyini müdafiə etməyə çalışırlar. Səbəb də aydındır. Hər üç ölkədə ermənilərin üstün təsiri var. Bu situasiyanın isə nə vaxt dəyişəcəyi məlum deyil. Bizlər də bu situasiyanı dəyişmək üçün o qədər də səy göstərmirik, çünki Şərq də çox incə məsələdir, burada siyasət müxtəlif amillərdən formalaşır. Açığı isə bizə hər şeyi dövlət maraqlarına tabe etməyə sülalənin siyasi maraqları və umacaqları mane olur, biz bir millət kimi bir şey umuruq, bunlar isə tamam başqa bir şey. Problem bundadır. Nə isə. Iki saatlıq səfər əvvəlcə gözlənilən ssenariyə elə bir yenilik gətirmədi, hər şey elə əvvəl güman edilən tək başa çatdı.

Payız da gəldi, amma…

Bəli, payız da yetişdi. Amma nə baş verirsə ancaq rəsmi siyasətdə baş verir və bu da təəccüblü deyil, siyasət inhisara alınıb, bir az kobud şəkildə desək, sanki çəpərə salınıb. Müxalifət tam hərəkətsiz bir vəziyyətə gətirilib. Aprel məhbusları ilə bağlı bəyanatlar, açıqlamalar, etirazlar, bir də rəsmi siyasətin müxtəlif aspektləri ilə bağlı müzakirələr – əsas iş budur. Mən buna təəccüb etmirəm. Azacıq fəallıq olan kimi insanlar dərhal həsb edilir. Təəccüb üçün predmet başqadır. Bu ölkəyə müxtəlif insanlar gəlib-gedir, təşkilatlar onu müxtəlif aspektlərdən öyrənir, amma heç bir dəyişiklik yoxdur, dəyişikliklər hələ ki, bu ölkədən yan keçir. Bu, adamı yorur, üzür və əldən salır. Siyasətçi səbrli olmalıdır, amma 18 il səbr üçün çox deyilmi? 18 il əvvəl dərsə gedən uşaqlar artıq məktəbi bitirib. Bizim dərsimiz bitmədimi?..