Yapçı dostum H.K.-dan məktub

Hər bir yazar kimi mənim də müxtəlif zümrələrdən, sosial qruplardan, partiya mənsublarından olan oxucularım var.
Adam biri ilə dost olmağa başlarkən ona tərcümeyi-halını yazdırmır, anket doldurtdurmur ki. Bir də ayılırsan ki, can-bir, qəlb-bir dost olub gedibsiz.
Əziz dostumun yapçı (bu məqamda yalnız quldurlara və yırtıcılara yönəlik “yapist” sözcüyümü işlətməyəcəm) olduğunu mənə iki gün qabaq yazdığı məktubdan bildim… Halbuki uzun zamandan bəri Fb-də yazdığı şərhlərdə o, qatı müxalif fikirli biriydi mənimçün.
Demək, saylarının az qala bir milyona çatdığını fərəhlə cəmiyyətin gözünə soxanlar əslində bilməlidir ki, bu ölkədə ən az üzvü olan partiya məhz elə onlarınkıdı. Bəlkə heç yeri deyil, ama bir də deyəcəm – heç bir qurumun üzvü deyiləm, siyasi baxışlarım da yalnız bir yazıçının müşahidələrinə və faktlara dayanır. Istənilən partiyanı da bu müşahidələrin məntiqi ilə tənqid eləyə bilərəm. Tərif isə, sənətdən kənar heç bir halda mənlik deyil. Adi halda hansısa partiyanın nə qədər üzvünün olması da gözümdə heç bir önəm daşımır. Lakin… ortada 2 aprel mitinqinə görə həbsə atılıb, orada bütün təzyiqlərə rəğmən öz ürəyinin, vicdanının və ağlının diqtəsi ilə müxalifət partiyasına üzv olmuş Ülvi Quliyev faktı var. Bu, artıq adi hal deyil, bir yazıçı kimi də diqqətimi cəlb eləməyə bilməzdi.
Dostumun “yapçı” olması da, elə Ülvi bəylə bağlı yazımdan sonra üzə çıxıb. Gənc dostum yazır: “Ülvi Quliyevlə bağlı köşən gözəldir, elə Ülvinin addımı kimi… mənim də ürəyimdən onun kimi addım atmaq çox keçib. Ancaq… Arada özüm-özümə təəccüblənirəm ki, niyə hələ də cırıb atmamışam o bileti? Amma hər şeyin vaxtı var. Mən indi ”heçkiməm”. Mənim addımım, fikirlərim çox kiçik təbəqə üçün maraqlıdı. Ancaq bir “iş-güc” sahibi olandan, əhatəm daha genişlənəndən sonra fikirlərim, addımlarım başqaları üçün də maraqlı olacaq. O vaxt etdiyim hərəkət daha effektli olar, məncə…”.
Bu məktubun nə qədər ağrılı olduğunu yəqin ki, hiss elədiniz. Adam özünü “heçkim” hesab eləyir. Hətta belə bir film də var: “Mən kiməm?”. Ceki Çanın filmidi. Yaddaşını itirəndən sonra bir qəbilənin içinə düşür, huşu başına gələndə adını xəbər alırlar, o da heyrət içində soruşur: “Mən kiməm?”. Filimn sonunacan, özünü xatırlayana kimi onu beləcə də çağırırlar: “Mən kiməm”.
Baxın, indi ali təhsilli, savadlı, vicdanlı, intellektual bir Azərbaycan gənci özünü belə adlandırır: “Mən heç kiməm”. Özü də o gənc hakim partiyanın üzvüdü. O, bir gün “Heçkim” olmaqdan qurtulmaq istəyir. Hələ ki, işsizdi. Iş tapdığı vaxt partiya biletini atacağını düşünür. Bu siyasi mənsubiyyət ona iş tapmaqda yardımçı olmalıdı. Di gəl, hələ karına gəlməyib.
Kimisə hansısa partiyadan imtina eləməyə səsləmək mənim işim deyil. Səsləməyə heç gərək də yoxdu. Çünki onun qəlbi həmin partiyada deyil, fikri-zikri o partiyanın biletini atacağı günün yanındadı. Lakin indi ona nəsə mane olur, o özünü “heçkim” sayır. Və zənn eləyir ki, iş tapsa, tanınsa, ictimai şəxsə çevrilsə, onda “heçkim”likdən çıxacaq, addımının da effekti olacaq. Budur Azərbaycan gəncinə, adamına təlqin edilmiş kimlik inancı. Yağıyla döyüşə gedənimiz də odur – Heç Kim.
Az qala bu cür düşünən yüzminlərlə “yapçı” gənc var. Onlar xəlvətdə Ülvinin addımını alqışlayırlar. Ama o addımı atmaq üçün Heç Kimlikdən çıxacaqları hansısa məchul günü gözləyirlər. Heç Kimlikdən isə insan geniş əhatə qazananda çıxmır, dostum, məhz Heç Kimlikdən çıxıban geniş əhatə qazanır və maraqlı olur… Nə qədər ki, bu rejim qalır, onun institutlarda, büdcə təşkilatlarında zorən partiyaçı elədiyi gənc üzvləri Heç Kim olaraq da qalacaqlar. Nəyinsə yanlış və ya zərərli olduğunu dərk eləmək hələ işin hamısı deyil, yarısıdı. Tutaq ki, biri mən – siqaretin nə qədər zərərli olduğunu bilirəm, ama atmıram… Gəl ki, içim hər gün bir az qaralmaqda, ömrüm kəsilməkdədi.