Vüsalə Mahirqızı: «Problem Bayram Hüseynzadənin səhlənkarlığından yaranıb»
Təhsil Nazirliyinin müəllimlərin peşə bayramında KIV-lərin tədbiri işıqlandırmasında ayrı-seçkiliyə yol verməsi və APA-nın müxbirini tədbirə buraxmaması haqqında ötən sayımızda məlumat vermişdik. Qapıda dayanan nəzarətçilər bununla bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin göstərişi olduğunu bildirmişdilər. APA-nın baş direktoru Vüsalə Mahirqızına müraciət edib yaranmış problemin səbəbini öyrənməyə çalışdıq.
V.Mahirqızı buna qədər Təhsil Nazirliyi ilə aralarında oxşar problemin yaşanmadığını, belə bir halla ilk dəfə rastlaşdıqlarını bildirdi: “Bu, sırf mətbuat xidmətinin səhlənkarlığı üzündən yaranmış problemdir. Mən hesab etmirəm ki, bu problem Təhsil Nazirliyinin rəhbərliyindən qaynaqlanıb. Çünki Misir Mərdanov mətbuata açıq nazirlərdən biridir. Hər zaman da mətbuatla yaxşı işləyib. Bizimlə də heç vaxt heç bir problemi olmayıb”.
V.Mahirqızı bu ayrıseçkiliyin təkcə, APA-ya deyil, həmin tədbirlə bağlı akreditasiyadan keçməyən bütün KIV-lərə qarşı olduğunu deyir: “Bildiriblər ki, bu tədbirlə bağlı ancaq dövlət qəzetləri və ”525-ci qəzet” akreditasiyadan keçib. Bizim əməkdaş Bayram Hüseynzadə ilə əlaqə saxlamaq istəsə də, o telefonu qaldırmayıb. Nəzarətçi də deyib ki, Bayram müəllimin tapşırığı var ki, akreditasiya olunmuş müxbirlərdən başqa heç kim buraxılmasın. Vəziyyət bizim üçün anlaşılmaz idi. Bu gün (dünən) bizim əməkdaş başqa bir tədbirdə Bayram Hüseynzadəni görüb. O da bildirib ki, sadəcə anlaşılmazlıq olub. APA-ya xüsusi münasibətdən və qadağadan söhbət gedə bilməz”.
Gültəkin