Hakim və prokuror vicdan məhbuslarının önündə başıaşağı qaldı
Elnur Məcidli: «Bizim mübarizəmiz kuklalarla deyil, sizin ipinizi əlində saxlayan İlham Əliyevlərlə, Ramiz Mehdiyevlərlə, Ramil Usubovlarladır»
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan gənc fəalların məhkəməsi yekunlaşmaq üzrədir. Nəsimi Rayon Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə istintaqı artıq başa çatıb. Prokuror da çıxış edərək, gənc fəallara cəza istəyib. Dünən isə vicdan məhbuslarının vəkillərinin müdafiə nitqi, həmçinin onların özlərinin son sözləri dinlənildi.
Hakim Şahin Abdullayevin sədrlik etdiyi bu məhkəmə prosesi dünən gənc fəal Elnur Məcidlinin vəkili Xalid Bağırovun müdafiə çıxışı ilə başladı
VƏKİLLƏRİN ÇIXIŞI AŞAĞIDAKI LİNKLƏRDƏ:
Elnur Məcidlinin vəkilinin çıxışı, Əhəd Məmmədlinin vəkilinin çıxışı
Elnur Məcidli niyə həbs olunduğunu bilmir
Vəkil bildirdi ki, nə saxlanılan zaman, nə ibtidai istintaqda, nə də məhkəmədə müdafiə etdiyi şəxsə onun nə də təqsirləndirildiyi doğru-dürüst izah edilib. Indinin özündə də Elnur Məcidlinin həbsinin səbəbləri onlara qaranlıqdır. X.Bağırov bunu ciddi qanun pozuntusu adlandırdı və dedi ki, buna görə istintaq və məhkəmə məsuliyyət daşıyır.
Elnur Məcidliyə qarşı yönələn sübutları da vəkil qondarma və əsassız adlandırdı. O bildirdi ki, Elnurun tanınmasıyla bağlı istintaq hərəkəti tam cəfəngiyyat olub. Belə ki, E.Məcidlinin əlamətlərini qeyd edən 3 nəfərin hər biri tamamilə müxtəlif fikirlər söyləyiblər. Ümumiyyətlə, onların tanınma qeydlərində Elnurun özü haqda heç nə yoxdur, ancaq onun paltarıyla bağlı nələrsə deyilib: “Elnur Məcidli barəsində əldə olunmuş tanınma, baxış, üzləşdirmə və şahid ifadələri əsasında müəyyən edilən sübutlar qanun pozuntusu ilə əldə olunub”.
Abutalıbov və “Qorotdel”in şefi məsuliyyətə cəlb olunmalıdır
Istintaq zamanı Elnur Məcidlinin dindirilməsi barədə tərtib olunan sənədləri oxuyan vəkil dedi ki, onu şahid yox, təqsirləndirilən şəxs kimi dindiriblər, suallar veriblər ki, bu da qanun pozuntusudur.
Vəkil 2 aprel aksiyasına da qiymət verdi. O dedi ki, ittihamda və rəsmi təbliğatda tez-tez təkrarlanmasına baxmayaraq, qanunda “icazəli və ya icazəsiz aksiya” anlayışı yoxdur. Əslində, meriya qanunsuzluq edib, aksiya üçün başqa yer təklif edib.
Vəkil vicdan məhbuslarına bəraət verilməsini, Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasov və onun müavini Səhlab Bağırovun barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi.
Hakimə iman və inam çağırışı
Vəkil çıxışının sonunda Azərbaycan Xalq Cümhuriyyətindən üzü bəri davam edən yüz illik mübarizənin müsbət sonluqla nəticələnəcəyinə inamını da dilə gətirdi. Xalid Bağırov hakimə təklif etdi ki, o da Azərbaycanda ədalətin qələbə qazanacağına inansın: “Cənab hakim, inanın, özü də sabah yox, bu gün inanın!”
Rəzalət girdabındasınız!
Vəkilin çıxışından sonra təqsirləndirilən gənc fəal Ülvü Quliyev son sözünü söylədi. 2 aprel aksiyası barədə danışan vicdan məhbusu dedi ki, həmin gün nəinki cinayət hadisəsi, heç inzibatı xəta belə, törədilməyib. O, cinayət işi başlayan müstəntiqləri, iş istəyən prokurorları və “2 aprelçilərə” hökm oxuyan hakimləri öz səlahiyyətlərindən sui-istifadə etməkdə, siyasi sifarişi yerinə yetirməkdə ittiham etdi. Bildirdi ki, “2 aprelçilər” barədə iş istəyən və hökm oxuyan hakimlər öz vicdanlarının səsini unudaraq rəzalətə uğrayan şəxslərdir.
“Biz ləyaqət davası aparırıq”
Ülvü dedi ki, bütün bu baş verənlər xalqın iradəsini sındırmaq, ləyaqətini tapdalamaq üçün qurulan planlardır:
– Hakim rejim düşünməsin ki, qanunsuz həbslərlə gəncliyin mübarizə əzmini sarsıda biləcək. Biz gənclər bilirik ki, azadlıq qurban tələb edir. Adam var yüz il yaşayır, amma ölü kimi bir şeydir. Insan bütün həyatını ölümlə dialoqda yaşamalıdır. Daim bilməlidir ki, nə üçün, kimin üçün yaşayır, hansı əqidəyə xidmət edir. Biz gənclər millətimizin ləyaqəti uğrunda mübarizə aparırıq. Bu həbsləri ona görə həyata keçirirlər ki, xalqın sərvətlərini rahat mənimsəsinlər və heç kim buna etiraz etməsin.
Gənclər, dinləyin!
Ülvü Quliyev öz həmyaşıdlarına da çağırış edərək, onları rejimə qarşı şərəfli mübarizəyə səslədi. O, özü üçün hakimdən heç nə xahiş etmədi. Sadəcə, hakimdən xahış etdi ki, vicdanının səsinə qulaq asaraq, səhhətində ciddi problemlər olan Rüfət Hacıbəylinin barəsində bəraət hökmü çıxartsın.
Gözümün içinə dik baxın!
2 aprel məhbusları arasında ən emosional çıxış isə dünən Əhəd Məmmədlinin oldu. Əhədin çıxışı zaldakı müxalifətçi xanımların çoxunun gözlərini yaşartdı. Prokuror və hakim də onun çıxışı zamanı başlarını ifrat formada aşağı dikmişdilər. Bunu hiss edən Əhəd “gözlərimin içinə baxaraq məni dinləyin”, – deyə onlara səsləndi.
Necə radikal olmayım?
30 yaşlı Əhəd Məmmədli bütün gəncliyini Əliyevlərin zülmünə qarşı mübarizədə, meydanlarda və həbslərdə keçirdiyini deyərək, bununla belə, halından məmnunluğunu dilə gətirdi. O, çıxışını özünəməxsus tərzdə qurdu və “mənə radikal deyirlər, necə radikal olmayım?” ritorikası ilə fikirlərini izah etdi:
– Qarabağ döyüşçülərini polis dəyənəyi altına salan, şəhid ailəsini dilənçi günündə yaşamaq məcburiyyətində qoyanlara, Azərbaycan qadınını Dubayda, kişisini isə Rusiya çöllərində qürurdan məhrum həyata məhkum edən, PKK-nı terrorçu təşkilat kimi tanımayan, müharibə şəraitində olduğu halda əsgər-zabiti bir-birini güllələyən, fabrik və zavodları uçurub, yerində “priton” açıb orada Azərbaycan qadınını əcnəbilərin qucağına sığınmaya təhrik edən rejimə qarşı radikal olmamaq mümkün deyil.
“Ilham Əliyev, mənim qarşımda acizsən”
Əhəd Məmmədli həmyaşıdlarını maddiyyata, qrantbazlığa aludə olmamağa, idealizmə, romantikaya çağırdı:
– Inqilab etmək istəyirsinizsə, idealist olmalısınız.
Vicdan məhbusu demokratiya ardıcıllarına qarşı təqib və təzyiqlərin əbəs olduğunu vurğulayaraq, dövlət başçısına da meydan oxudu:
– Buradan Ilham Əliyevə demək istəyirəm ki, sən bu həyatı çox sevirsən, ölməkdən qorxursan, mən isə əksinə, ölməkdən qorxmuram. Ona görə də sən mənim qarşımda acizsən.
Seçilmişlərdənik!
Sonda o, Müsavat Gənclər Təşkilatının sədri, hazırda həbsdə olan Tural Abbaslıya müraciət edərək dedi ki, hər bir müxalifətçiyə Müsavatın 100 illiyində həbs olunmaq qismət olmayıb:
– Görünür, biz seçilmişlərdənik!
Qeyd etdiyimiz kimi, gənc fəal özü üçün məhkəmədən heç bir xahiş etmədi. Ancaq hakimə dedi ki, heç olmasa, tələbə Elnur Məmmədlini azad etsin.
“Mən müdafiə olunmuram, ittiham edirəm”
Elnur Məcidli isə müdafiə çıxışı etmək fikrində olmadığını, son sözünün ittiham xarakterli olacağını bəyan etdi. O bildirdi ki, tutduğu yolun çətin və məşəqqətli olduğunu lap azyaşlı olarkən dərk edib və indiki həyat tərzini könüllü seçib:
– Azərbaycan insanının önündə iki yol yar: ya yaşamaq, ya da sürünmək. Biz birinci yolu seçənlərik, bizi ittiham edənlər isə ikinci yolun yolçularıdır.
Əsl yeni Azərbaycan uğrunda…
Vicdan məhbusu bildirdi ki, onların həbsinin motivi yeni Azərbaycanı qurmaq istəyidir:
– Qurmaq istədiyimiz Azərbaycan korrupsiyadan uzaq, insanların mülkiyyət, sərbəst toplaşmaq azadlıqlarına hörmət qoyan bir ölkədir.
Biz kuklalarla döyüşmürük
Elnur Məcidli “2 aprelçilərə” qarşı iş aparanları kukla teatrının personajlarına bənzətdi və dedi ki, onların ipi başqasının – Ilham Əliyevin əlindədir. Ona görə də onlar hərəkətlərində azad deyillər:
– Bizim mübarizəmiz kuklalarla deyil, sizin ipinizi əlində saxlayan Ilham Əliyevlərlə, Ramiz Mehdiyevlərlə, Ramil Usubovlarladır.
Yalansız yaşayın!
Sovet dissidenti A.Soljenitsenin “Yalansız yaşamaq” essesindən iqtibas gətirən Elnur Məcidli hakim və prokurora dedi ki, axı yalansız yaşamaq Allah ölümü deyil. Niyə onlar da belə həyat tərzi seçmirlər? Elnur əlavə etdi ki, yalanla mübarizəyə cəsarəti çatmayan adam gərək Soljenitsenin məsləhətinə əməl etsin, şəxsən yalanda iştirak etməsin, yalana əl çalmasın, yalan mətni imzalamasın.
Elnur çıxışının sonunda onları gözləyən həbs təhlükəsindən qətiyyən narahat olmadığını bəyan etdi. O, demokratiyanın tezliklə Azərbaycanda bərqərar olacağına, bu ölkənin tezliklə Əliyevsiz günlərə qovuşacağına inamını ifadə etdi. Vicdan məhbusu özü üçün məhkəmədən heç bir xahiş etmədi.
Vəkilimi çörəksiz qoydunuz!
“Mənə hər şeydən çox vəkilimin işindən uzaqlaşdırılması pis təsir edib. Onu çörəksiz, məni isə müdafiəsiz qoydunuz” – bunu isə gənc fəal Rüfət Hacıbəyli dedi. O, vəkili Elçin Namazovun vəkillik hüququndan məhrum edilməsini eyni zamanda özünün müdafiə hüququnun pozulması kimi qiymətləndirdi.
Gənc fəal vəkilindən halallıq istədi.
Atam polis olub, məni isə polislər şərlədilər
Rüfət Hacıbəyli dedi ki, onun əlində ittihamı darmadağın edən – onun polis maşınına təpik vurmasını inkar edən videogörüntülər var. Belə olan halda da onun barəsində həbslə bağlı hökm çıxarılsa, bu, dünyanın 9-cu möcüzəsi olacaq. Rüfət dedi ki, onun atası Qarabağ döyüşlərində illərlə iştirak edən şəxs olub, o, evdə qanunlara, dövlətə hörmət mühitində tərbiyə alıb. Belə bir tərbiyə görən adamın isə dövlət simvolları olan polis maşınına təpik atması mümkünsüzdür.
Ürəyimizi daşa döndərdiniz…
Rüfət onların yaxınlarına məhkəmədə göz yaşı axıtdıranlara qarşı kəskin münasibətini də ifadə etdi. Bildirdi ki, onların ürəyi artıq daşa dönüb və son həddi gördüklərindən bundan sonra onlara ən ağır cəza verilsə belə, yenə də hakimiyyət heç nəyə nail olmayacaq.
Ilham Əliyevə dialoq təklifi
Rüfət Hacıbəyli Bakıda səfərdə olan Fransa prezidenti Nikola Sarkoziyə də müraciət etdi. Dedi ki, həqiqətən də demokratiya tərəfdarıdırsa, Kürdəxanıdakı təcridxanaya – onlarla görüşə gəlsin. O, müxalifətlə dialoq tərəfdarı olduğunu bildirən Ilham Əliyevi də həbsxanada onlarla görüşə dəvət etdi.
Sonda isə Rüfət “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrə müraciət edərək dedi ki, necə bir ölkəyə gəldiklərini götür-qoy etsinlər.
Vicdan məhbuslarının çıxışlarından sonra məhkəmə oktyabrın 10-a qədər təxirə salındı. Həmin gün məhkəmənin hökmü elan olunacaq.
Natiq