Yaxud atlar filləri necə məğlub elədi?
Dünyanın yeni siyasi xəritəsi tamamlanırmı? Yaxın Şərqdə baş verən olaylar göstərdi ki, artıq yeni xəritə müttəfiqliklərə görə deyil, hakimiyyətlərin və sistemlərin xarakterinə görə formalaşacaq. Əlbəttə, bir çox hallarda coğrafi şəraitin yaratdığı məcburiyyəti də gözardı etmək olmaz.
Dünyanın super güclərinin kəşfiyyat orqanlarının Tunis və Misirdə baş verən xalq ayaqlanmalarını proqnozlaşdıra bilməməsi hadisələrə baxışı da xeyli dəyişdi. Məsələn, Obama administrasiyası ilk bəyanatında Hüsnü Mübarəklə müttəfiq olduqlarını vurğuladı. Görünür, bu fikri formalaşdıran informasiya “elə də ciddi bir şey yoxdur, əvvəlki cəhdlərin bir qədər böyük təkrarıdır” kimi olmuşdu. Halbuki Misirdə növbəti aksiya ABŞ hökumətini tərəfləri dialoqa çağırmağa və bunun üstündən bir neçə saat keçməmiş Hüsnü Mübarəkdən istefa verməsini tələb etməyə vadar etdi. Hadisələrin bu axarında böyük şahmat taxtasında daha bir oyunçu göründü. O, piyadaların arasından “at gedişi” ilə çıxdı və Filə hücum elədi.
Beləliklə, Türkiyə ilk dəfə hansısa başqa dövlətin daxilində baş verən siyasi hadisəyə reaksiya verdi. Bu “başqa dövlət”in regionun nəhənglərindən olduğunu nəzərə alsaq, rəsmi Ankaranın ilk addımının xeyli cəsur olduğunu deyə bilərik. Liviya hadisələrində isə Türkiyə bizə də məlum olmayan səbəblərdən NATO-nun piyada əməliyyatlarına qarşı çıxdı. Eyni zamanda Liviyadan xeyli sayda insanın çıxarılmasına nail oldu. Nəticədə bu ölkənin infrastrukturunun qurulmasında xeyli əhəmiyyəti olan yer və rol aldı. Suriyada baş verən hadisələrə münasibətdə isə Türkiyə daha çevik davranır. Iranın bölgədə daha həssas maraqlara sahib olduğunu nəzərə alsaq, Türkiyənin bir müsəlman ölkəsi kimi fərqli addımları bölgədə dinlə demokratiyanı qarşı-qarşıya gəlməkdən xilas etdi. Iran bundan əvvəlki olaylarda verdiyi reaksiyanı təkrarlaya bilmədi. Məsələn, Hüsnü Mübarəkə qarşı xalq ayaqlanmasını demokratiya və azadlıq uğrunda mübarizə adlandırandan sonra Suriyada və öz daxilində baş qaldıran etirazlara separatizm damğası vurmaq Tehranın əsl simasını gizləməyə imkan vermədi. ABŞ isə buna qədər baş vermiş avtoritarizmdən demokratiyaya keçid proseslərinə verdiyi dəstəkdən fərqli olaraq, ayrı xətti izləməyə başladı. Yəni, Postsovet ölkələri, Yuqoslaviya və ya Iraqda olduğu kimi açıq dəstək verərək işğalçı titulunu qazanmaqdan çəkindi. Xalqlar öz azadlıqları uğrunda iradəli mübarizə apardıqları təqdirdə isə daha çox dövlətin təmsil olunduğu NATO və ya AB vasitəsi ilə dəstək ifadə etməyə üstünlük verdi. Bu proses həm də dünyanın sürətlə maraqlar ətrafında qütbləşməsini dağıtmağa başladı. Daha dəqiq ifadə etsək, təkcə maraqlardan ibarət olan qütb dağıldı və onu həm maraqları, həm də dəyərləri üstün tutan bağlılıqlar tutmağa başladı.
Çin Rusiyadan gözləməzdi
Son 12 ildə Rusiya dəfələrlə ondan gözləniləni edə bilməyib. Bu isə demokratiyanın sərhədlərini Çinə yaxınlaşdırmaqla nəticələnir. Keçmiş Sovet ölkələrində ciddi nüfuz və təsir itkisi Rusiyanı qlobal oyunlardan regional intriqalar səviyyəsinə düşürdü. Nəzərə alsaq ki, SSRI-nin dağılması resurslar etibarı ilə Rusiyanı bu duruma gətirmişdi, amma bu reallığın qəbul olunması və praktiki görsənişi uzun zaman çəkdi. Çin Yaxın Şərqdə baş verən hadisələrdə birmənalı olaraq diktatorların tərəfini saxlamaqla artıq müqavimət cəbhəsini təşkil etdiyini açıq göstərməkdən çəkinmədi. Hərçənd ki, bu məsələdə Rusiyaya da müəyyən ümidlər var idi. Amma Kremlin hansı gücdə olduğunu, demək olar, bu olaylar sübut elədi. Rusiya öz mövcudluğunu qorumaq naminə Yaxın Şərqdən addım-addım çəkilməyə razı oldu. Çin bunu gözləmədiyi kimi, anidən mövqeyini dəyişdi. BMT də səsini Qəzzafinin əleyhinə istifadə etdi. Bununla da Yaxın Şərq cəbhəsində sonuncu müqavimət ocağı Iran qalmaqla bütün region demokratiyanın mühasirəsinə düşdü. Bəşər Əsəd ətrafında daralan çəmbər isə onun Qəzzafidən fərqli bir tale yaşamayacağını deməyə əsas verir. Təbii ki, o da reallıq hissini Qəzzafi qədər itirmiş olsa.
Cənubi Qafqaz necə xilas olur?
Varşavada keçirilən sammitin nəticəsi olaraq artıq Cənubi Qafqaz ölkələri Şərqi Avropa ölkəsi sayıldı. Bu statusun siyasi deyil, coğrafi mahiyyətli olduğu da açıqlandı. Bu isə o deməkdir ki, Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinə üzv olmaq üçün heç bir maneəsi qalmadı. Əksinə beynəlxalq qurumlar qarşısındakı öhdəliklər tələb edir ki, bu ölkələr AB-yə doğru fəaliyyətlərində daha sistemli olsunlar. Ilham Əliyevin də imza atdığı deklorasiya bu prosesin başlanğıcıdır. Bununla da Cənubi Qafqazla bağlı beynəlxalq tərəddüd aradan qalxmış oldu. Bu xalqların öz müqəddəratını demokratik yolla təyin etmək hüququnu əldə etmək şansı region üçün böyük perspektivlər açır.
Biz niyə ləngiyirik?
Diplomatik mənbələrdən verilən məlumatlara görə, AB kuluarlarında Ermənistanın bir çox demokratik parametrlərə görə Azərbaycandan qabaqda olduğu söylənilir. Torpaqlarımızı işğal etmiş bir ölkəyə bu cür üstün görünmək imkanını isə Azərbaycan hakimiyyətinin xalqa və bəşəri dəyərlərə münasibəti verir. Sirr deyil ki, Azərbaycan hökuməti uzun müddətdir ki, Avropa Birliyinin təqdim etdiyi assosiativ üzvlüklə bağlı sənədi imzalamağa razı olmur. Buna görə də istər hüquqi, istərsə də siyasi islahatların sürətlənməsinin qarşısını alır. Üstəlik, bu saziş Dünya Ticarət Təşkilatına qoşulmağımız üçün yeni imkanlar aça bilər ki, bu da ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sürətlə böyük paya sahib olmasını təmin edə bilər. Nəticədə isə monopoliya və inhisarçılıqdan ciddi əziyyətlər çəkən sadə insanların qarşısında böyük imkanlar pəncərəsi açıla bilər. Buna isə Azərbaycanda hazırkı məmur oliqarxiyasının şəxsi maraqları mane olmaqdadır. Amma bu prosesin başlaması ümid və əsas yaradır ki, tezliklə regionda və ölkədə ciddi dəyişikliklərin başlandığını hiss edəcəyik.
Seymur Həzi