Eramızdan əvvəllərə səyahət…
Azərbaycan tarixən ticarət üçün əlverişli mövqedə yerləşdiyindən, hər zaman ticarət yollarının qaynar nöqtəsi olmuşdur. Burada xarici ticarət əlaqələrinin tarixi çox qədim dövrlərə gedib çıxır. Hələ eramızdan əvvəl ikinci minilliyin ikinci yarısında yerli tayfalar Assur, Fələstin və Misir ölkələri ilə xammal və məhsul mübadiləsi aparır, həmin ölkələrdən bura bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirirdilər. Atropatena ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Zəncan, Naxçıvan və digər sahələr ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdi. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur “Böyük Ipək Yolu” vasitəsilə Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri ilə ticarət əlaqələri formalaşmışdı.
Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yun məmulatları və s. ixrac olunaraq əvəzində lazım olan istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük vergiləri və rüsumları adlanır.
Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın ərazisini əhatə edən Albaniya dövləti yarandı. Tarixi mənbələrdə bu ərazidə neft, təbii qaz, dəmir, mis və s. kimi qiymətli ehtiyatların olduğu göstərilir ki, bunlar da sonradan ticarət subyektlərinə çevrilirdilər.
Orta əsr qaynaqlarında qeyd olunduğu kimi Azərbaycan və Arran ərəblər tərəfindən işğal edilməzdən əvvəl, habelə ərəblərin hökmranlığı dövründə Ipək yolu marşrutuna daxil olan ölkələrdən keçən ticarət yollarının birinci dərəcəli əhəmiyyəti var idi. Bu ticarət yolları bütün Xilafət sistemindəki ən aparıcı magistral yollardan biri sayılırdı.
Ərəblər Bizansın Qara dənizdən keçən əsas ticarət yollarını pozaraq, bu yolları Şərqə, Xəzərə tərəf keçirmişdilər. Bu isə Xəzər ətrafındakı şəhərlərin coşqun inkişafına təkan verdi. Ərəblərin hərbi siyasətdə əsas məqsədləri böyük cənub-şimal ticarət yollarının cinahını qorumağa yönəlmişdi.
“Böyük Ipək Yolu”nun tarixi Azərbaycanın beynəlxalq ticarət əlaqələrində necə mühüm rol oynadığına böyük bir sübutdur. Bu dövrdə xarici ölkələrdən gələn dəvə karvanlarına yol açmaq məqsədilə bir sıra körpülər salınmış, yeni yollar inşa edilmişdir. Məsələn, Şəmkir rayonu ərazisində Zəyəmçay üzərində yerləşən Zəyəmçay körpüsü o dövrün tələblərinə cavab verən, karvan yolları üzərində yerləşən, uzunluğu 100 metrdən, eni 3,5 metr Arran memarlığına xas olan belə körpülərdən idi. Yazılı qaynaqlardan bəlli olur ki, bu marşrut üzrə Şəmkir şəhərinə məxsus ixracat malları arasında keyfiyyətli bıçaqlar, yun parça və libaslar xüsusi yer tuturdu. Orta əsr Şəmkir şəhərinin ticarət əlaqələrinin geniş öyrənilməsində arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin əhəmiyyəti olduqca böyükdür. 2006-2008-ci illərdə tarix elmləri doktoru T.M.Dostiyevin başçılığı ilə aparılmış arxeoloji tədqiqatlar əsasında Şəmkir şəhərində VIII əsrdən XIII əsrədək şəhər həyatının mövcudluğu təsdiqlənmiş, XI-XII əsrlərdə şəhərin çiçəklənmə çağını keçdiyi vurğulanmışdır. Bu əlaqələrdən soraq verən unikal nümunələr
Beynəlxalq ticarət əlaqələrinin öyrənilməsində arxeoloji qazıntılar nəticəsində tapılmış fayans qablar, bəzək əşyaları, muncuqlar, sikkələr böyük maraq doğurur.Bilindiyi kimi fayans qabların yayılma arealı çox geniş olub. Onlar nəinki Azərbaycanda, həmçinin Uzaq və Yaxın Şərq ölkələrində, Orta Asiya, Cənubi Qafqaz, Rusiya və Iran şəhərlərində belə tapılmışdır. Metal parıltısına malik, zərifliyi və gözəlliyi ilə qızıl və gümüş qablardan heç də geri qalmayan zər naxışlı fayans qabların başlıca istehsal mərkəzləri Rey və Kaşan şəhərləri hesab olunur. Şəmkir şəhər xarabalığından arxeoloji qazıntılar zamanı tapılmış fayans tipli qablar gili ağ, kül rəngi, çəhrayı rəngdə olub, sarı qızılı, qəhvəyi və süd rəngli şirlə içərisi şirlənmişdir. Onlar əsasən kasa, piyalə, boşqab və bardaq tipli qablar ilə təmsil olunublar. Bu qablar yüngül, formaca cəlbedici, divarları isə nazikdirlər. Fayans qabların dekorativ bəzədilməsi ilə yanaşı, həmçinin dulusçular böyük məharətlə qabların ağız hissəsində və ya arxa hissəsində ərəb əlifbası ilə yazılar yazırdı.
Xarici ölkələrdən Azərbaycana müxtəlif parçalar, metal məmulatları, ətriyyatlar, ədviyyatlar, xəzlər və s. gətirilir, ölkədən isə xam ipək, ipək parçalar, pambıq, xalçalar, boyalar, neft, mal-qara, atlar və s. ixrac edilirdi. Ticarətə qoyulan gömrük vergi və rüsumları ölkə xəzinəsinin mühüm gəlir mənbəyinə çevrilmişdi.
XI-XII əsrlərin vergiləri əvvəlki dövrlərin qayda-qanunlarının çoxunu mühafizə etmişdi. O dövrün vergi sistemi haqqında ətraflı məlumat verən tarixçi Ravəndi yazırdı ki, vergilər dəftərlərdə xüsusi qeydlər aparılmaqla həyata keçirilirdi. Eyni zamanda Ravəndi qanunsuz vergilərin də adını çəkir (“dəstərqə” -hədiyyə kimi qəbul edilən vergi növü).
Vergi sisteminin formalaşması
Mənbələrin yazdığına görə, Azərbaycan ərazisində dövlət tərəfindən gömrük vergiləri rəsmi olaraq IX əsrin əvvəllərindən müəyyən edilməyə başlamışdır. Bəlkə IX əsrdən əvvəl də bu vergilər mövcud olmuşdur, lakin o haqda məlumatlar Ərəb xilafəti dövründə yandırıldığı üçün məsələ ilə bağlı yalnız mülahizə yürütmək olar. Çünki artıq iri şəhərlərdə – Ərdəbil, Muğan, Naxçıvan, Bərdə, Beyləqan, Qəbələ, Şəki, Şəmkir, Dərbənd, Şamaxı və digərlərində ticarət məhəllələri (o zamanlar “zavod” adlanırdı) yaranmışdı.
Azərbaycan dövlətçiliyi tarixində, məmurların özbaşınalığını məhdudlaşdırmaq, iqtisadiyyatı yüksəltmək və xəzinəni doldurmaq üçün ilk vergi islahatını XV əsrdə Səfəvilər dövlətinin başçısı Uzun Həsən həyata keçirmişdir.1475-ci ildə Rusiyanın knyazı III Ivan ticarət və diplomatik münasibətləri genişləndirmək üçün öz nümayəndəsini Uzun Həsənin yanına göndərmişdir.Səfəvi dövlətinin hökmdarı I Təhmasib sənətkarlığın və ticarətin inkişafını genişləndirmək məqsədilə 1565-ci ildə vilayətlərin hər birindən alınan 80 min tümənlik tamğa vergisini ləğv etdi.
Bakı şəhərində gömrük ilk dəfə Rusiya Imperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdir.“Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələrindən sonra Azərbaycanda Rusiyanın Gömrüklə bağlı qərarları qüvvəyə mindi. Həmin vaxt Rusiya ərazisində 1811-ci ildə qəbul olunmuş gömrük tarifləri, 1819-cu ildə qəbul edilmiş gömrük nizamnaməsi qüvvədə idi.
Bakı gömrüyü “Zaqafqaziya ölkəsində gömrük idarəetməsi barədə əsasnamə”yə görə, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən “Bakı anbar gömrükxanası” adını almışdır. Azərbaycan Demokratik Respublikasının (1918-1920-ci illər) vaxtında bu sahədə konkret iş görməyə vaxt çatmasa da, dövlətçilik baxımından bütün siyasi addımlar atılmışdır. Bütün vergi siyasətinə maliyyə naziri N.Yusifbəyli rəhbərlik etmişdir.
1919-cu ilin martında F.Xoyski hökuməti istefa verdikdən sonra, N.Yusifbəyli baş nazir (14 aprel 1919) oldu. Nəsib bəy parlamentdə hökumətin yeni proqramı ilə çıxış edərək, digər sahələrlə yanaşı qonşu dövlətlərlə ilk iqtisadi əlaqələr yaradılmasını da xüsusi qeyd etmişdir. Lakin 1920-ci ilin aprel inqilabı bu siyasətin başa çatdırılmasına imkan vermədi.
18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı və müstəqillik haqqında Konstitusiya aktı qəbul olundu.
30 yanvar 1992-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 561 saylı fərmanı ilə Gömrük Komitəsi yaradıldı. Komitə əsasən keçmiş Azərbaycan Respublikası Gömrük Idarəsinin bazasında yaradılmışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir