Ziya Məmmədovun oğlu 500 nəfəri işsiz qoydu

Cəzasız qalan «Bahar Enerji» Əməliyyat Şirkəti qanunlarımızı pozmaqda davam edir

3 oktyabr 2011-ci ildə “Bahar Energy” LTD şirkəti 500 nəfərədək insanı işsiz qoyub. Şirkətin prezidenti Mustafa Çorbaçı heç bir izahat vermədən işçilərlə yeni əmək müqaviləsi bağlamaqdan imtina edib. Bu barədə məlumat yayan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi bəyanatla çıxış edib.
“Bahar Energy” LTD şirkətinin fəaliyyətə Azərbaycanın əmək qanunvericiliyini kobud surətdə pozmaqla başladığını xatırladan bəyanat müəllifləri qeyd edirlər ki, 01 oktyabr 2010-cu ildən bu günə kimi şirkət yol verdiyi pozuntulara görə cəzasız qalıb: “Şirkət fəaliyyətə başlayarkən Əmək Məcəlləsinin 63-cü maddəsinin şərtləri kobud şəkildə pozulub. Söhbət ondan gedir ki, müəssisənin mülkiyyətçisi dəyişdikdə müəssisə rəhbəri, onun müavinləri, baş mühasib və idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, qalan işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri qüvvədə saxlanılır. Əvvəlki mülkiyyətçi olan ”Qum Adası” NQÇI isə işçilərlə müddətsiz əmək müqaviləsi bağlamışdı. Baş verən pozuntu ilə bağlı təşkilatımız bəyanatla çıxış etsə, aidiyyəti orqanlara müraciət etsə də, nəticəsi olmadı. Bütün bunların məntiqi sonudur ki, 500 nəfər işdən çıxarılır”.
Bəyanatda o da diqqətə çatdırılır ki, şirkətin fəaliyyət göstərdiyi bir il ərzində kənardan onlarla insan işə qəbul olunmuş və bu şəxslərə əvvəlki işçilərdən qat-qat artıq olan maaş təyin edilmişdi. Işçilərin əmək hüquqlarının kobud surətdə pozulması bu gün də davam edir.
NHMT “Bahar Enerji” Əməliyyat Şirkətində baş verən qanun pozuntularından narahatlığını bildirir və şirkətinin əsas payçıları “Baghlan Group”, “Greenfield International and RAFI Oil” və ARDNŞ rəhbərlərini qanunlara hörmətlə yanaşmağa çağırır. Eyni zamanda NHMT-nin fikrincə, Dövlət Əmək Müfəttişliyi baş verənlərə xüsusi diqqət yetirməlidir.
Onu da qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus “Bahar Energy” LTD şirkəti “Bahar” və “Qum-dəniz” dəniz yataqlarının işlənməsi üzrə xeyli imtiyazlar əldə edib. 2009-cu ildə ARDNŞ ilə “Bahar Energy” LTD arasında imzalanan müqaviləyə görə, birinci 20%, ikinci şirkət isə 80% paya sahibdir. “Bahar Energy” LTD şirkətinin təsisçiləri “Baghlan Group”, “Greenfield International and RAFI Oil” ofşor kompaniyalardır. Bu şirkətlər Dubayın Cəbəl-Əli azad iqtisadi zonasında qeydə alınıb. Onlardan “Baghlan Group”a “hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov rəhbərlik edir. Şirkət özü isə birbaşa nəqliyyat naziri Ziya Məmmədovun nəzarətindədir.

Informasiya şöbəsi