Xəyal qurmaq da mübarizəmizə daxildir

Başqa mövzuda yazacaqdım. Adını belə, düşünmüşdüm: “Bir gün hamı Elşad Abdullayev olacaq!”. Amma illərin müxalifətçisi bir dostum dünən fb-dən “Bəy, yorulduq” yazınca, bu günlük vaz keçdim. Sabah yazacam.

***

Bəli, “Yorulduq” yazır illərin müxalifətçisi dostum. Qınanılası deyil. 20 il böyük zamandır, bir igidin ömrüdür. Üstəlik, hesab elminə görə 20 ildir. Daşıdığı məzmuna, yaşanan məhrumiyyətlərə, əzablara, ağrılara, acılara, uğursuzluqlara baxınca isə bu 20 ilə daha neçə-neçə 20 ili sığışdırmaq olar.
Adı 20 ildir, amma bu 20 ildə başımıza gələnlər, başımızdan keçənlər 200 ilə belə, sığışmaz. Biz 20 ildə 200 ilə bərabər məsafə qət etdik.
O üzdən qınamaq çətindir adamları. Nə də olmasa, daşdan, dəmirdən deyillər. Yorulacaqlar təbii. Ruhdan düşəcəklər. Ümidsizləşəcəklər.
Həyat kitablarda və filmlərdəki kimi olsa, işimiz çox asan idi. Amma nə yazıq ki, həyat kitablardakından, filmlərdəkindən daha sərt, daha amansızdır. Dözmək, davam etmək, ən daşlı-kəsəkli yollarda belə, yıxılmadan, dimdik yürümək asan deyil.
Biz elə bir yolun yolçuları, elə bir davanın döyüşçüləriyik ki, hər şeyə başından bəri hazır olacağıq: depressiyaya da, repressiyaya da, yorğunluğa da, ümidsizliyə də, uğursuzluğa da. Bunlar hər birimizin başından keçə bilər, amma çarəsi sadəcə, şələ-küləsini yığışdırıb aradan çıxmaq, bir kənara çəkilmək və təslim olmaq deyil.
Yorulduqmu – bir dava arxadaşına söykənib nəfəs dərəcəyik. Yenidən yürüyə bilmək üçün.
Ümidsizlikdən ümid yaratmağı bacaracağıq.
Uğursuzluğu təslimçiliyə çevirməyəcəyik.
Hər an davam etmək haqqında düşünəcəyik. Bu yalanları, talanları, çirkinlikləri, zülmləri cocuqlarımıza miras qoymamaq haqqında düşünəcəyik.
Bir an da olsun unutmayacağıq: heç bir kitabda Azərbaycanın qiyamətəcən hüquqsuzluğun, ədalətsizliyin əsiri olaraq qalacağı yazılmayıb. Heç yerdə yazılmayıb ki, yüzillərin istibdad bataqlıqları belə quruyacaq, gülüstana çevriləcək, amma Azərbaycan bir Şər müstəmləkəsi olaraq qalacaq. Heç yerdə yazılmayıb ki, azadlıq günəşi Azərbaycandakı zülm buzlarını əritməyəcək, heç yerdə yazılmayıb ki, dəyişiklik küləkləri irtica xanədanının qapı-pəncərələrini yerindən qoparıb atmayacaq.
Sadəcə, uzun çəkir, başa düşürəm, yorulur, sıxılır adam, canında hey qalmır, ürəyində təpər. Asan deyil, amma yenə də heç nə geri çəkilməyin, kənara durmağın, satqınlığın bəraəti ola bilməz.
Bir halda ki, yorulursunuz, bir halda ki, hətta “Azadlıq!” hayqırmağa yetməyəcək qədər yorğundu səsiniz, bir halda ki, hətta üzərinə “Azadlıq” şüarı yazılmış pankartı qaldırmağa yetməyəcək qədər yorğundu qollarınız, artıq azadlıq ehtirası ilə döyünməyəcək qədər yorğundu ürəyiniz, bu azadlıq yolçuluğunu mənzilinədək qovalamağa yetməyəcək qədər yorğundu ayaqlarınız?   
Bir halda ki, canınızda barmaqlarınızı tərpədəcək güc, kirpiklərinizi qaldıracaq təpər qalmayıb, nə etməli, o zaman ən azından gözəl bir Azərbaycan qurun xəyallarınızda: insanların üzünə gülüşün yaraşdığı, ucalmaq üçün illah ki, alçalmağın gərəkmədiyi, oğurluğun, dələduzluğun idarəetmə norması olmadığı bir Azərbaycan!
Xəyal qurmağın ki, həbs qorxusu, döyülmək, öldürülmək təhlükəsi yoxdur.
Xəyal qurmağın ki, xərci yoxdur.
Xəyal qurmağa ki, güc, cəsarət tələb olunmur.
O zaman daim gözəl, azad, abad bir Azərbaycan qurun xəyallarınızda.
Inanın, xəyal qurmaq belə artıq mübarizəmizə daxildir.
Artıq xəyal qurmaq belə qələbəmizə kömək edir.

***

Ağlınıza başqa şey gəlməsin. Mən bu yazdıqlarımla heç kimi xəyalpərvərliyə-zada səsləmirəm. Sadəcə, xəyal qurmağın da pis, utanılacaq bir şey olmadığını, hətta bəzən insan həyatında xilaskar rolu oynadığını anlatmaq istəyirəm.
Sizin xəyallarınız yoxdusa, soruşmağa ayıb olmasın, siz nəyi gerçəkləşdirmək istəyirsiniz bəs?