Hamıya düşmən rejim

Vikiliksin Ilham Əliyevlə bağlı yayımları Azərbaycanın diplomatik durumunun parlaq görsənişləridir. Düzünə qalsa, Azərbaycandan daha çox, indiki siyasi rejimin. Bu yayımlar nə göstərir? Sən demə, demokratik Türkiyə də düşməndir, antidemokratik Iranla Rusiya da. Iranla Rusiyanı başa düşdük, bəs Türkiyəni necə başa düşək? Bunlar doğrudan anlaşılmaz görsənişlərdir: Iranla Rusiya bizimlə bağlı düşmənçilik siyasəti yürüdən dövlətlərdir, axı, Türkiyə belə deyil. Türkiyə keçənlərdə olduğu kimi, bu gün də bizimlə qardaşlıq ilişkiləri quran, qardaşlıq ilişkilərində bulunan bir dövlətdir. Onda I.Əliyevin bu qardaş dövləti də başqaları ilə birgə düşmən gözündə görməsi nə deməkdir?

Bunun nə demək olduğunu bilmək üçün elə Vikiliks saytının əliyevçi hakimiyyətlə bağlı yayımlarına baxmaq yetər. Bu yayımlarda biz nə görürük? I.Əliyev ABŞ diplomatları ilə görüşlərində özünü onlara superdemokrat kimi tanıtmağa çalışır, Azərbaycanın Batı dəyərlərinə bağlı olduğundan danışır. O üzdən ortaya nə çıxır? Böyüklü-balacalı bütün ABŞ diplomatları I.Əliyevin demokratiya yolunda olmadığını göstərən faktlarla çıxış eləyirlər: diplomatik etiketə uyğun olaraq. Siyasi dustaq faktoru, demokratik mediaya ardıcıl basqılar, demokratik vəkillik institutunun dağıdılması, danışan HAQ-ların (QHT) susdurulması, baş alıb gedən, bütün hakimiyyət strukturlarını bürüyən rüşvət, korrupsiya, monopoliya faktları, bir-birindən ötə gedən saxta seçkilər… çoxlu sayda bu sayaq neqativlər ortaya qoyulur. Beləliklə, PIRAMIDANIN başında duran I.Əliyev çətin, çıxılmaz duruma düşür.
Bildiyimiz kimi, ən çətin, ən çıxılmaz durumda da bir çıxış yeri tapmaq olur. Onu I.Əliyev də tapa bilir. Necə? Qonşuları yamanlamaqla. Onun ABŞ diplomatına dediyi: “Azərbaycan Qərb prioritetlərini dəstəkləyir və buna qarşılıq olaraq Qərb dünyasından ciddi dəstək gözləyir”. Bunun üstündən deyir: “Azərbaycan iki nəhəng ölkə ilə –  Rusiya və Iran kimi imperialist ölkələrlə həmsərhəddir”.

Rusiya ilə Iran imperialist dövlətlərdir – çox gözəl. Bəs Azərbaycanda saxta seçki yolu ilə hakimiyyətə yiyələnərək, rüşvəti, korrupsiyanı, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirən, ölkədə biznes imperiyası quran, siyasəti də özəl biznes faktoruna döndərən IMPERIALIST kimdir? Rusiyanın da, Iranın da imperialist maraqlarının kökündə Azərbaycanı ələ keçirmək, Azərbaycan kimi yağlı bir tikəyə yiyələnmək durur. Göründüyü kimi, içdəki imperialist bu yağlı tikəni əldən verməmək üçün hamıyla – ABŞ kimi supergücün özüylə də – oyun oynayır: ABŞ-ın Azərbaycanı demokratikləşdirməklə bağlı bir dənə də istəyini yerinə yetirmir. Azərbaycanın “Qərb prioritetlərini dəstəklədiyini” deyir, ardınca bu yolda üzləşdiyi əngəlləri göstərir: imperialist Iranla Rusiya. Bunlar yalnız özünü, özünün ailə hakimiyyətini qorumağa, beləcə illərlə sürdürməyə yönəlmiş olduqca qorxulu oyunlardır. Bu çanağın gec-tez Azərbaycanın başında çatlamaq qorxusu var.

ABŞ diplomatlarına edilən giley: “Ermənistan” Rusiyaya sığınıb, Gürcüstan ABŞ-a, Azərbaycan TƏK – KIMSƏSIZDIR. 18 illik Əliyevlər hakimiyyəti Azərbaycanı gətirib bu yerə çıxarıb: Azərbaycan Yer üzündə TƏKLƏNMIŞ ölkəyə çevrilib – bunu müxalifət demir, 18 illik əliyevçi rejim başçısı deyir. Budur sizin “uğurlu neft-qaz strategiyanız”! Budur sizin AzTV-lərdə çaxçaxı baş ağrıdan “dünya şöhrətli” diplomatiyanız! Budur sizin “ulu öndər” dövlətçiliyiniz! Bu strategiya, bu siyasət, bu dövlətçilik qardaş Türkiyəni də bizdən uzaq salıb!
Azərbaycanı demokratiyadan monarxiyaya gətirib çıxaran rejim başçısı deyir: “Azərbaycanla Ermənistanda heç vaxt siyasi sistem olmayıb. Hər iki ölkə tarix boyu şah, xan və kommunistlər tərəfindən idarə olunub”. I. Azərbaycanda siyasi sistemi bolşevik-kommunist-əliyevLƏR dağıdıb; II. “Ermənistan” 1918-ci ildə yaradılıb; III. Indiki əliyevçi hakimiyyət kommunist-KQB hakimiyyətidir!