6 il yaşamamalı İctimai Televiziya

Kimsə təbrik əvəzi də qəbul edə bilər…

2010-cu ildə Bakıda keçirilən bir beynəlxalq tədbirdə Azərbaycanda çoxlarının yaxşı tanıdığı Mikloş Haraşti də iştirak edirdi. Onun Azərbaycanda İctimai Televiziyanın yaradılmasına çalışan şəxslərdən olduğunu xatırlatmağa gərək yox. Həmin tədbirdə Mikloş müəllimdən xahiş etdim ki, İTV-nin yaradılmasında bizə göstərdikləri dəstəyi ictimaiyyətin ümidlərini doğrultmayan telekanalın qapadılması üçün də əsirgəməsinlər. Tədbirdə iştirak edən Prezident Administrasiyası ictima-siyasi şöbənin müdiri Əli Həsənov Haraştidən qabaq nəsə – daha doğrusu YAP-çılara xas olan ənənəvi (“demokratiya”, “plüralizm”, “müstəqil media” və s.), bu kimi indi xatırlamadığım cavabı verdi…

“Birinci” kanal?!

Telekanalın efirə çıxmasından 6 il keçir. Müzakirələrə, İTV-nin fəaliyyətini qiymətləndirməyə yetən vaxtdır. Bu müzakirələr elə İTV-nin efirində getməlidir, müstəqil ekspertlər bu qurumun fəaliyyətini Yayım Şurası və kanal rəhbərliyi ilə birgə incələməlidir. İTV tənqidə dözümlü, həqiqətən ictimaiyyətin kanalı olmasını əməldə göstərməlidir. “Birinci kanal” deməklə birincilik olmur. Yadımdadır, Rusiyanın ORT-si (İctimaisi) yarananda onlar da özlərinə “birinci” deyirdilər. Satirik verilişlərin biri bu “birinciliyə” maraqlı, həm də dilə gətirməyə çətinlik çəkdiyim elə sərt qiymət vermişdi ki, onlar “birinci” sözünü leksikonlarından çıxarmışdılar…

İTV yaradılana qədər uzun danışıqlar, müzakirələr getdi. Demokratik düşüncəli insanların bu qurumun yaradılmasında xüsusi marağı vardı. Onlar İctimai Televiziya və Radio yayımı haqqında qanuna uyğun olaraq tribuna əldə edəcəklərini düşünürdülər. Amma Yayım Şurası yaradılanda və onun ilk üzvləri təyin ediləndə İTV-nin əldən getdiyi bəlli oldu. Təsadüfi deyil ki, həmin ərəfədə yazılan məqalələrdən birində İTV “ölü doğulan uşaq” adlandırılmışdı.

Bu xəbərə inanma…

İlham Əliyevin 28 sentyabr 2004-cü ildə imzaladığı İctimai Televiziya və Radio yayımı haqqında Azərbaycan Respublikasının Qanununun aşağıdakı bəndinə diqqət yetirək. 16.2. Yayım şurasının üzvləri, baş direktor və onun müavinləri heç bir siyasi partiyanın üzvü ola bilməzlər.

Bizdə hələ-hələ birmənalı söz deyilmir, qanun şəklində yazılmır. Elə qanunlarımız var ki, yüz ilin hüquqçuları onun bir bəndinin açmasını anlamaq üçün illərlə baş sındırırlar.

Qanunun bu bəndinin pozulduğunu əminliklə demək olar. Yayım Şurasının sədri Cahangir Məmmədli rəsmən YAP-çı deyil, belə deyirlər. Amma YAP-çı olsaydı iş daha da asanlaşardı. Lap elə Şuranın üzvü Ağacan Əbiyevdə olduğu kimi. Etiraf edim ki, Ağacan Əbiyev Yayım Şurasına təyin olunandan sonra onun YAP-da qalıb-qalmamasını bu partiyadan öyrənməkdə çətinlik çəkdim. Ona görə “müqəddəs yalana” əl atdım. İyulun 7-də “Azadlıq” qəzetində informasiya verdim: “Ağacan Əbiyev YAP-dan çıxarılıb”. Onun YAP-da olub-olmamasının mənə zərrə qədər istisi-soyuğu yoxdu, sadəcə İctimai Televiziya və Radio yayımı haqqında qanunun pozulub-pozulmamasını dəqiqləşdirmək istəyirdim. Dərhal reaksiya verildi, “Bizim yol” qəzetində. Xəbəri olduğu kimi, hətta səhvlərini düzəltmədən belə təqdim edim ki, heç nə qaranlıq qalmasın.Bu da link. http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=50095

 “Ağacan Əbiyev YAP-dan çıxarılıb? (06.07.2011)

Deputat: “Əli Əhmədov dedi ki, bu xəbərə inanmayım” 

“Azadlıq” qəzetinin dünənki sayında Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin üzvü Ağacan Əbiyev YAP sıralarından çıxarılıb. Qəzetin yazdığına görə, deputat partiyanın iclaslarında, tədbirlərində iştirak etmədiyi üçün YAP-dan uzaqlaşdırılıb.”Bizim Yol”a açıqlamasında Ağacan Əbiyev bu xəbəri təkzib edib. Deputat bildirib ki, qəzetdə onunla bağlı informasiya ötürənlər qərəzi insanlardır: “Mən partiyadan çıxarılsam birinci mənə deyərdilər ki, səni çıxarırıq. Bu gün (dünən-red.) Əli Əhmədov mənə zəng elədi ki, belə məlumat yayılıb, ona inanmayım”.

Kimsənin sözü olmasın gərək. Qanunun bir bəndi də belə güdaza getdi. Qənaətimə görə, Şura üzvləri arasında daha üç YAP-çı var… Direktorlar Şurasının fəaliyyəti onların təpədən-dırnağa (direktordan müavinlərə qədər – R.H.) YAP-çı olmasından xəbər verir. Milli Məclisin meclis.gov.az saytında da Ağacan müəllimin partiya mənsubiyyəti göstərilib.
32 saylı Suraxanı üçüncü seçki dairəsiDoğum ili: 1937Partiya mənsubiyyəti: Yeni Azərbaycan PartiyasıElm və təhsil komitəsinin üzvü
Yeri gəlmişkən, bu qanunsuzluğa aydınlıq gətirməsi üçün Milli Məclisin sədri Oqtay Əsədova informasiya sorğusu göndərmişəm.

Vəzifədən sui-istifadə

Şura haqqında qanunun aşağıdakı bəndinə diqqət yetirin.18.3. Yayım Şurasının üzvləri ictimai yayımçının müstəqilliyinə zərər vuran bəyanatlar verə və ya öz vəzifələrindən siyasi, kommersiya, yaxud şəxsi məqsədlər üçün istifadə edə bilməzlər. Bilmirəm, Cahangir Məmmədli iki qızının İTV-də işləməsinin vəzifə səlahiyyətlərindən sui-istifadə sayılmasıyla razılaşar, ya yox. Çoxları (elə Qanun da) bunu sui-istifadə sayır, bunu məlumat üçün yalnız Cahangir müəllimə deyirəm. Şuranın başqa üzvlərinin və İsmayıl Ömərovun yaxın ətrafının neçəsinin İTV-dən maaş aldığı məsələsinə sorğularıma cavab alandan sonra bir də qayıdacam.

Üçü birə dəymədi…

Qanunun aşağıdakı bəndinin həm Cahangir müəllimə, həm də İsmayıl Ömərova dəxli var. 7.0.1. ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi;
İsmayıl Ömərov (elə Cahangir müəllim də) siyasi partiya kimi ancaq YAP-ı tanıyır. Etiraf edək ki, müxalif siyasi partiyaların şəhərdə keçirdiyi etiraz aksiyalarını (konkret olaraq bu il) İTV işıqlandırıb… Amma 2 aprel məhbuslarının məhkəmə prosesi ilə bağlı onun efirində hər hansı məlumata rast gəlinməyib. Bakı Şəhər Prokurorluğu aksiyalarla bağlı işi araşdırarkən Azərbaycandakı TV-lərin çəkilişlərindən də yararlanıb. Maraqlı məqamlardan biri odur ki, ictimaiyyətin televiziyası adıyla yaradılan İTV bu işdə öndə (?!) olub. Efirə ictimaiyyətin bütün təbəqələrinin fikirlərini ifadə edən materiallar verməsə də, Prokurorluğa başqa kanallardan artıq (üç kanalın ümumilikdə 113 dəqiqəsinin qabağına İTV 116 dəqiqə qoyub)video görüntülər verib. Göründüyü kimi, AzTV onun heç tozuna da çata bilməyib. Çoxları bunu “işverənlik” kimi qiymətləndirsə də, mən bu çəkilişlərin xoş niyyətə xidmət etdiyinə hələ də özümü inandırmağa çalışıram. “Mediaforum” saytında bu məlumatla tanış ola bilərsiniz. Xəbərin bu hissəsinə diqqət yetirin:”…İş materiallarına görə, Lider TV 29 dəqiqə 25 saniyəlik, İTV 116 dəqiqə 72 saniyə, ANS TV 26 dəqiqə 20 saniyə, AzTV 58 dəqiqə 9 saniyəlik tam həcmli video görüntüləri Bakı Şəhər Prokurorluğuna təqdim edib”.

RATİ-nin monitorinqi

İsmayıl Ömərovla Cahangir Məmmədlinin ancaq YAP-ı tanıdığını təsadüfi demədik. Vaxt çox aparmadan 2010-cu ilin parlament seçkisinə qayıdaq. Çoxları görünən kəndə bələdçi gərək deyil fikriylə razılaşır və telekanalların monitorinqinin aparılmasının əleyhinə çıxır. Bu düşüncəylə heç cür razılaşmaq olmaz, axı monitorinqlər ortaya sənədli-sübutlu faktlar qoyur. O faktlar ki, onu danmaq mümkün deyil. Bu baxımdan RATİ-nin 2 il ərzində apardığı monitorinqləri və hazırladığı hesabatları çox qiymətli sənədlər saymaq olar. İstənilən araşdırmaçı üçün onlar əvəzedilməz mənbəədir. 2010-cu ilin payızında keçirilən parlament seçkisində 36 partiya iştirak edib. Monitorinqlər ortaya qoyub ki, 35 partiya ilə YAP arasında kəskin fərq var. İTV efirinin 63 faizini bu partiyalardan birinə – YAP-a ayrırıb. 63 faizin qarşısında əriyən qalan faizlərin partiyalar arasındakı nisətinin oxucular üçün maraqsız olduğunu düşünürəm. 

Son

Sonda bir dostumun iradını çatdırmaq istəyirəm. Musiqiyə biganə olmayan dostum İTV-nin təkrarlarından (xüsusilə ötənilki “Avroviziya” seçimləri) intihar həddinə çatdığını deyir…Hörmətli oxucular, tamaşaçılar, telekanal aparıcılarının, o cümlədən İTV-nin, “kanalı dəyişməyin” sözlərinə aldanmayın. Kanalı dəyişin!..
P.S. Bir müddət qabaq İctimai radioda Osman Sarıvəlliyə həsr olunmuş verilişə qulaq asırdım. Bütün veriliş boyu adını artıq unutduğum aparıcı Osman Sarıvərli (Sarıvəlli yox) dedi. Bu yerdə deyiblər: savadlı adamın başına dönüm…