“Yaxın Şərqdə təklənməsi İsrail üçün yaxşı heç nə vəd etmir”
ABŞ-ın müdafiə naziri Leon Panetta İsraili bölgədə təklənməkdə olduğuna dair xəbərdar edərək Misir və Türkiyə ilə münasibətləini yaxşılaşdırmağa çağırıb. Panetta Yaxın Şərqə səfəri zamanı təyyarədə jurnalistlərə deyib ki, İsrailin hərbi üstünlüyünü hələ də qoruduğuna şübhəsi yoxdur. Lakin cavab verilməli olan sual başqadır: “Əgər diplomatik sahədə təklənməkdəsənsə, hərbi üstünlüyü saxlamaq yetərlidirmi?”.
Pentaqon şefi bildirib ki, Yaxın Şərqdəki “bu fəvqəladə zamanda, bu qədər dəyişiklik baş verərkən” təklənməsi İsrail üçün yaxşı heç nə vəd etmir. Panetta İsrailin Türkiyə və Misir kimi ölkələrlə münasibətlərini düzəltməsinə yardımçı olmaq üçün mümkün olan hər şeyi etməyin önəmli olduğunu düşünür.
Leon Panetta bundan başqa, Fələstən və İsrail liderlərinə “danışıqlar masasına dönmələri üçün” təzyiq göstərəcəyini söyləyib. “Hər iki tərəfə mesajım danışıqlara yenidən başlamaqla heç nə itirməyəcəkləi haqda olacaq”, – deyə Panetta qeyd edib.
Panetta İsrail və Fələstində olacaq, İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Ehud Barak və Fələstin rəhbəri Mahmud Abbasla görüşəcək.