Qənimət Zahid: «Qorxmaq istəyən adamlar özlərinə həmişə hansısa əsaslar tapırlar»
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid ailəsinin təhlükəsizliyini təmin etmək üçün bir müddət əvvəl Fransaya yola düşüb. Artıq media nümayəndələri arasında belə bir rəy formalaşıb ki, baş redaktor ölkəyə qayıtmayacaq və onun yerinə “Azadlıq” qəzetinin digər əməkdaşları iddialıdır. Bütün bunlara aydınlıq gətirmək üçün 7gün.az hazırda Fransada olan Q.Zahidlə əlaqə saxlayıb.
– Eşitdik ki, Fransada ev probleminiz həll olunub. Uşaqlarınızın məktəb problemi də həllini tapdımı?
– Uşaqlar məktəbə getməyə başlayıblar. Sadəcə bəzi texniki-bürokratik problemlər var ki, onları həll etməliyəm. Bu problemlərin həlli ilə məşğulam.
– Digər maddi problemlərinizi yoluna qoya bilmisinizmi?
– Digər maddi problemlər deyəndə nəyi nəzərdə tutduğunuzu açığı, başa düşmürəm. Mən buraya maddi problemləri həll etmək üçün yox, övladlarımı Azərbaycan hökumətinin inzibati terrorundan xilas etmək üçün gəldim və bunu da hər kəsə dəfələrlə açıq bəyan etdim.
– Azərbaycana nə vaxt qayıdacaqsınız, ümumiyyətlə, qayıtmaq fikriniz varmı?
– Azərbaycana dönməyim üçün dediyim, hətta xırda sayılacaq bu problemləri həll etməliyəm, sadəcə onlar mənim vaxtımı alır. Azərbaycana qayıtmayacağım isə müzakirə mövzusu ola bilməz. Azərbaycana qayıdacağam. Mən indi də öz işimlə, yəni “Azadlıq” qəzeti ilə məşğulam, qayıdandan sonra da, təbii ki, bu işlə məşğul olacağam.
– Çoxları deyir ki, Qənimət Zahid mübarizədən yoruldu və bu üzdən ölkəni tərk etdi. Doğrudanmı, mübarizədən yoruldunuz?
– Çoxlarının nə dediyinin mənim üçün böyük önəmi var. Amma bunu nəzərə almasam belə, mübarizədən yorulmaq, geri çəkilmək, sakit həyat seçmək mənim kimi adamların taleyinə yazılmayıb. Başqa tərəfdən, nə yatdıq ki, nə də yuxu görək? Azərbaycanda demokratiya uğrunda avtoritar bir rejimə qarşı mübarizə gedir və biz həmişə bu mübarizənin içində olmuşuq, həmişə də orada olacağıq. Avtoritarizmə qarşı mübarizə bizim həyat tərzimizdir və insan öz həyat tərzindən, həm də könüllü və şüurlu olaraq seçdiyi həyat tərzindən heç yorulmaz.
– Uzun illər öz vətənində mübarizə aparan bir insan üçün qürbət, qəriblik həyatı yaşamaq çoxmu ağırdı və ya əksinə?
– Mən özümü qürbətdə yaşayan adam saymıram. Hesab edin ki və mən də belə hesab edirəm, ezamiyyətə gəlmiş adam əhval-ruhiyyəsindəyəm. Sadəcə, imkan olanda, görüşə bildiyim qəriblik, qürbət həyatı yaşayan insanlarımıza müəyyən məsləhətlər verə bilirəm. Çox təəssüf ki, Azərbaycandan mühacirət etmiş insanların da əksəriyyəti dəhşətli bir qorxu içindədir və buna heyfslənirəm. Insanlar orada qorxunun əlindən qaçıb bu uzaq ölkələrə sığınıblar və onların burada da həmin qorxunu yaşatması məndə ikrah hissi doğurur. Deməli, insanın qorxması üçün onun harada yerləşməsinin elə bir önəmi yoxdur. Qorxmaq istəyən adamlar özlərinə həmişə hansısa əsaslar tapırlar.
– Fransaya getdiyiniz müddətdə dostlarınızla əlaqə saxlamısınızmı?
– Bundan əvvəl 3 ay Türkiyədə oldum. Fransaya gəlişimdən heç 20 gün də keçməyib. Həm Türkiyədə, həm də burada olduğum günlərdə yaxın dostlarımla, qohumlarla, iş yoldaşlarımla əlaqələrim çox intensivdir. Xüsusilə “Azadlıq”ın kollektivi ilə bütün iş günü ərzində əlaqə saxlayıram. Qəzetin yaradıcılıq və texniki məsələləri ilə bağlı müntəzəm olaraq məsləhətləşirik. Kollektivin mənim müvəqqəti olaraq Azərbaycanda olmadığımdan yana hansısa ciddi problemlərinin olduğunu düşünmürəm.