Füzuli Ələkbərov yalan danışır

Nemət Əliyev: «Azərbaycan əhalisinin sosial durumu, ölkə iqtisadiyyatının taktiki təhlili tamam başqa mənzərəni ortalığa qoyur»

Hökumət nümayəndələrinin ara-sıra ölkədə yoxsulluğun səviyyəsinin və işsizliyin azalması ilə bağlı bəyanatları səslənir. Bu dəfə bu tip açıqlama ilə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çıxış edib. Nazir son illərdə Azərbaycanda yoxsulluğun səviyyəsinin 67%-dən 9%-ə, işsizliyin səviyyəsinin isə 17%-dən 5,7%-ə düşdüyünü deyib. O, yeni iş yerlərinin yaradılması nəticəsində insanların yaşayış səviyyəsinin yüksəldiyini də bildirib.
Bir qayda olaraq rəsmilərin bu kimi açıqlamaları reallıqla üst-üstə düşmür. Müstəqil ekspertlərin araşdırmaları bunun tam əksini göstərir.
Iqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, Azərbaycanda iqtisadi durumla bağlı fikirlər səsləndirməzdən öncə ölkə  iqtisadiyyatını gərək təhlil edəsən. Bunun üçün son 10-15 ildə yoxsulluğun səviyyəsinin artıb-azalması ilə bağlı faktlar təqdim edilməlidir. Rəsmilər isə bunu etmədən uydurma rəqəmlər səsləndirir.
Ekspert nazirin son açıqlamasının da reallığı əks etdirmədiyini vurğuladı: “Hökumət rəsmisinin açıqladığı blefdən başqa bir şey deyil. Çünki Azərbaycan əhalisinin sosial durumu, ölkə iqtisadiyyatının taktiki təhlili tamam başqa mənzərəni ortalığa qoyur. Aqrar sektorun təhlili zamanı belə qənaətə gəlirik ki, 1,7 mln. adamın çalışdığı sahə sadəcə olaraq çökmək ərəfəsindədir. Bu insanların istismar səviyyəsi son 10-15 il müddətində dörd dəfədən çox artıb. Əgər məşğul əhalinin 40 faizinin çalışdığı sektor acınacaqlı durumdadırsa, o zaman yoxsulluğun səviyyəsinin azalmasından söhbət gedə bilməz”.
Ekspertin sözlərinə görə, ölkənin emal sənayesində baş verənlərin üzərinə aydınlıq gətirilsə, o zaman bəlli olar ki, ölkədə əhalinin yoxsulluq səviyyəsi nəinki azalmayıb, əksinə artıb: “Bunların davranış tərzi belədir. Ictimai fikri çaşdırmaq, insanları tamam başqa bir səmtə yönəltmək istəyirlər və ona görə də belə məlumatlar yayırlar. Rəsmilərin bu kimi açıqlamaları anormallıqdır”.

Fizzə