Sıradan bir atanın oğlu idi Eldar. Əsgər idi. Və ordu başbilənlərinin laqeydliyinin, soyuqluğunun qurbanı oldu. Üzü çürüdü və öldü. Nə qədər simvolikdir ki, bir əsgər atası oğlunu torpağa tapşırdığı günlərdə Səfər Əbiyevin oğlunun prokurorluq orqanlarında yüksək vəzifəyə təyin olunduğu xəbəri gəldi. Eldarın nəşi soyumamış Əbiyevin Roman adlı oğlu Xəzər rayon prokurorunun köməkçisi göndərildi.Eldarın nəşi soyumamış…Atasının bükülmüş beli dikəlməmiş…Anasının naləsi çəkilməmiş…Sevgilisinin göz yaşları qurumamış…Belə bir əxlaqla idarə olunur ölkə. Məmləkətdə tanıyan-tanımayan hər kəsin içi bir əsgərin acısı ilə qovrularkən, faciəsi ilə alışıb-yanarkən məmləkətin müdafiə naziri oğlunun vəzifə almasını el-aləmə car çəkdirir. Axı bunu heç olmasa indi açıqlamamaq olardı. Eldarın nəşinin soyumasını, insanların ürəyindəki yanğının sönməsini gözləmək olardı. Amma yox! Bunlarda o əxlaq hardadır? Bunların kitabında millətin acılarına şərik olmaq, millətin ağrılarını paylaşmaq yazılmaz ki? Bunların kitabında vəzifə yazılar, karyera yazılar, kürsü yazılar. Bizim hüznümüzdən bunlara nə? Bizim kədərimizdən, bizim itkilərimizdən bunlara nə?Mən indi başa düşürəm bir aydır ailəsi Eldarın ölümlə əlləşdiyini, təcili müalicəyə göndərilməsini bas-bas bağırarkən Əbiyevin öz əsgərinin taleyinə səssiz, soyuq münasibətinin səbəbi nə imiş. Indi məni kim inandıra bilər ki, Əbiyev əsgəri ölümün pəncəsində ikən oğlunun vəzifə təyinatı ilə uğraşmaqla məşğul deyilmiş? Məni bir yana qoyun, Eldarın belibükülü atasını, gözüyaşlı anasını, sevgilisini kim inandıra bilər buna?
***
Bir anlıq təsəvvür edin: bir yanda babat bir vəzifə aldı deyə general Əbiyevin oğlunun gülümsəyən üzü…O biri yanda isə general Əbiyevin sorumsuzluğu, soyuqluğu üzündən sadə bir azərbaycanlının əsgər oğlunun çürüyən üzü.Budur ölkənin gerçək mənzərəsi! Budur bunların qurduğu Azərbaycan!
***
Eldarın çürüyən üzü əslində bizi idarə edənlərin içinin nə qədər çürüdüyünü göstərdi. Içlərində nə qədər çürük bir vicdan gəzdirdiyini göstərdi. Eldarın çürüyən üzü – Azərbaycanı idarə edən zehniyyətin, sadəcə, beş-üç nəfərin xoşbəxtliyi, firavanlığı, rifahı üçün qurulan sistemin mənən, ruhən çürüməsinin sonucudur.
Eldarın çürüyən üzü əslində bu rejimin illərdir Azərbaycanda başda insansevərlik, vətənpərvərlik kimi ən müqəddəs dəyərləri çürütməsinin nəticəsidir. Bu məmləkətin insanlarının onlar üçün çürük qoz qədər dəyəri qalmadığının isbatıdır.
Bunlar binaların üzünü rəngləyib, gözəlləşdirib bunu ölkədə görünməmiş tərəqqinin inkişafı kimi qələmə verdikcə, millət də bu yalana səssiz qaldıqca Eldar üzü çürüyən sonuncu gəncimiz olmayacaq. Bu ölkədə sadəcə, binaların üzü gözəlləşdikcə insanlarımızın üzü çürüməyə davam edəcək.
Biz bu sərvət tamahgirlərinə, bu vəzifə hərislərinə dur demədikcə… Bu korrupsiya, bu yalan maşınının önünə keçmədikcə… Biz bu özbaşınalığı, bu harınlığı, bu heyvərəliyi durdurmadıqca belə olacaq həmişə: bunların üzü güləcək, millətin övladlarının üzü çürüyəcək.
Məndən bu qədər. Gerisini özünüz düşünün. Gerisinə özünüz qərar verin.Elçin Əfəndiyev atasının kitabları haqqında
Bakıda keçirilən bir kitab sərgisinin açılışında baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev deyib: “Biz kitabın təbliği ilə məşğul olmamışıq”.Ümumiyyətlə, Elçin Əfəndiyev dünya ədəbiyyatı üçün nadir nüsxədir. Bəlkə də dünyada yeganə yazıçıdır ki, ən qalın kitablar yazıb, amma bir dənə də yaddaqalan cümlə yazmayıb. Bu heç.
Gələk Elçin müəllimin etirafına. “Kitabın təbliği ilə məşğul olmamışıq” deyir. Düz deyir. O və onun hökumətinin başı yalanın, yaltaqlığın, saxtakarlığın təbliğindən nə vaxt açıldı ki, kitabın təbliği ilə də məşğul olsun.
Amma məncə, Əfəndiyev özünə qarşı çox haqsızlıq edir. Onun kitabın təbliği ilə zərrəcə də məşğul olmadığını söyləməsi özünə haqsızlıqdı. Axı Elçin müəllim atası Ilyas Əfəndiyevin kitablarının təbliği ilə kifayət qədər məşğuldur. Ancaq indi o bunu kitabın təbliği kimi qəbul etmirsə, deməli, axır ki, bizim illərdən bəri dediyimizin üstünə gəlib: Ilyas Əfəndiyevin kitabları kitab deyil əslində.