ARDNŞ Nazirlər Kabinetinin sənədinə dəyişiklik edib
Azər Quliyev: “Vətəndaşın qanun pozuntusuna görə hansı cərimə ödəməli olduğu yalnız Inzibati Xətalar Məcəlləsində göstərilə bilər”
Azərbaycanda kommunal sektorda istehlakçı hüquqlarının pozulması adi hala çevrilib. Əhalinin su, qaz, işıq təchizatı ilə bağlı problemləri tükənmək bilmir. Bir çox hallarda isə vətəndaşların şikayətləri müqavilələrdə əks olunan müddəalarla bağlı olur. Konstitusiya Araşdırmaları Fondunun kommunal xidmətlər üzrə eksperti Ələkbər Ağasiyev mətbuata verdiyi açıqlamasında bildirib ki, bəzi hallarda müqavilələrdə olan anlaşılmazlıqlar istehlakçılar üçün əlavə problemlər yaradır.
Əhalini diqqətli olmağa çağıran ekspert bununla bağlı nümunə də çəkib: “Nazirlər Kabinetinin 2011-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş ”Qazdan istifadə qaydaları”nda qaz enerjisinin keyfiyyətinə, normal təzyiqinə, standartlara uyğun olmasına təminat verilib, tərəflərin hüquq bərabərliyini təmin edən müqavilə bağlanmasının məcburiliyi, mənzilin qaz təchizatının yoxlanılmasının rəsmi sənədlərə əsasən həyata keçirilməsi, qazpaylayıcı tərəfindən ən azı ildə iki dəfə istehlakçının qaz cihazlarına texniki baxışın keçirilməsi, borcun hesablanmasının yalnız sayğac göstəricilərinin əsasında aparılması və ödənişlərin bank, poçt şöbələrində həyata keçirilməsi və digər müsbət cəhətlər öz əksini tapıb. Müqavilənin yanına isə bir əlavə sənəd salıblar”.
Ekspertin sözlərinə görə, “Azəriqaz” tərəfindən hazırlanan həmin əlavə sənəd təchizatçı şirkətlərin vətəndaşlar üçün maliyyə sanksiyaları tətbiq etməsinə imkan yaradır. O sənəd heç bir qurum tərəfindən təsdiq olunmayıb və orda yazılanlar Nazirlər Kabinetində təşkil olunmuş yeni müqavilənin müddəalarına tamamilə ziddir. Həmin sənədi isə vətəndaşlara imzalatdırmağa çalışacaqlar. Insanlar gələcəkdə bunun fəsadlarını görəndə və məhkəməyə çıxanda təchizatçı şirkətin nümayəndələri də həmin imzalanmış sənədə istinad edəcəklər. Hərçənd ki, qanunvericilikdə belə bir sənəd yoxdur.
Qeyd edək ki, “Azəriqaz” QSC Dövlət Neft Şirkətinin tabeçiliyindədir və bu qurumun atdığı addımların hamısı ARDNŞ rəhbərliyi ilə razılaşdırılır. Bəs Nazirlər Kabinetinin qərarına əməl qoymadan istədiyi addımı atan “Azəriqaz”ın bu hərəkəti necə qiymətləndirilməlidir?
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyev hər hansı bir sənədə olan müdaxilənin qanun pozuntusu olduğunu və buna görə həmin qurumun məsuliyyət daşıdığını deyir.
Hüquqşünasın sözlərinə görə, vətəndaşın qanun pozuntusuna görə hansı cərimə ödəməli olduğu yalnız Inzibati Xətalar Məcəlləsində göstərilə bilər. Ekspert “Azəriqaz” nümayəndələrinin dəfələrlə bu kimi qanunsuzluqlara yol verdiklərini də qeyd etdi: “”Azəriqaz” mütəxəssislərinin “bilikləri”, “savadları” o qədər çoxdur ki, ağıllarına gələni edirlər. Yalnız bir tərəfin, yəni özlərinin hüquqlarını qoruyurlar. Ancaq qazdan istifadə edən vətəndaşın hüquqlarını qorumurlar. Çünki bilirlər ki, nə təqdim etsələr, o da qəbul olunacaq”.
Fizzə