Valideynləri övladlarının qəsdən öldürüldüyünü deyir, Müdafiə Nazirliyi isə inkar edir
Polkovnik Məcid Məsimov: «Razıyam ki, günahkar dar ağacından asılsın»
Dünən Azərbaycan Ordusunun əsgəri Eldar Novruzovun ölümü ilə bağlı Azərbaycan Təhlükəsizlik və Müdafiə Ictimai Assosiasiyasının ofisində mətbuat konfransı keçirilib. Mətbuat konfransında Müdafiə Nazirliyinin Hərbi Tibb Idarəsinin rəisi, tibb xidməti polkovniki Məcid Məsimov, Mərkəzi Hərbi Klinik Hospitalın rəisi, tibb xidməti polkovniki Asif Qurbanov, mərhum əsgərin müalicə həkimi, polkovnik-leytenant Vasif Adıgözəlov və hospitalın həkimi, tibb xidməti polkovnik-leytenant Elxan Muradov iştirak edib.
Hospitalın rəisi Asif Qurbanov qeyd edib ki, əsgər Eldar Novruzovun hospitalda müalicəsinə bu il iyunun 29-dan başlanıb. Həmin vaxt o, sol tərəfində xroniki haymoritin kəskinləşməsi diaqnozu ilə hospitala qəbul olunub və müalicə edilib. A.Qurbanov bildirib ki, müalicə müddəti bitəndən sonra xəstə hərbi həkim komissiyasına təqdim edilib, vəziyyətinin yaxşılaşdığı üçün ona 15 günlük məzuniyyət verilib. Avqustun 3-də isə əsgər yenidən həkimə müraciət edib. Əsgər həmin zaman məzuniyyətdə olduğu üçün yaşadığı ərazidə hərbi komendaturaya müraciət edərək müalicəyə göndərilib. Avqustun 4-də Sumqayıt Polis Idarəsinin göndərişi ilə Sumqayıtda əlahiddə tibb taboruna qəbul olunub, avqustun 5-də isə yenidən hospitala göndərilib.
“Etiraf edirəm ki, mənim praktikamda bu xəstəliyə rast gəlinməyib”Onun sözlərinə görə, bu zaman əsgərin valideynləri hospitala müraciət edərək övladlarını Türkiyədən gələn həkimə göstərmək üçün icazə istəyiblər: “Sentyabrın 9-da buna icazə verdik. Biz başqa diaqnoz qoymuşduq. Amma nəticələr fərqli oldu. Biz belə düşünmürdük. Türkiyəli həkim də müvafiq müayinə apardı, onda şübhə yaranmışdı. Amma xəstəyə vizual baxışda belə, xəstəlik görünmürdü. Çürümə əlamətləri yox idi. Histoloji müayinədən sonra bu şübhələr ortaya çıxdı.Bundan sonra əsgərin müayinəsinə başlanılıb və əsgərdə veqener qranulematoz xəstəliyi aşkarlandı. Etiraf edirəm ki, bu xəstəliyə mənim praktikamda rast gəlinməyib. Valideynlər çox təkid etdilər ki, əsgər Gülhanəyə göndərilsin. Biz onun burada əməliyyat olunmasını təklif edəndə qəti etiraz etdilər”.Hospital rəisi qeyd edib ki, ümumiyyətlə, xəstə əsgərlərin Türkiyəyə göndərilməsi xüsusi qaydada həyata keçirilir: “Müdafiə nazirinin masasının üstündə xəstələrin siyahısı olur, onların heç də hamısı Gülhanəyə göndərilmir. Hansı xəstə getməlidir, sənədləri araşdırılır və qərarlar qəbul olunur. Eyni zamanda Türkiyə tərəfi ilə razılaşdırılır. Amma Eldar Novruzovla bağlı vəziyyət bir qədər fərqli oldu. Azərbaycan Ordusunun tarixində ilk dəfə idi ki, xəstə Türkiyə tərəfindən razılıq alınmadan Gülhanəyə göndəriləcəkdi. Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Ramiz Nəcəfov Türkiyənin Azərbaycandakı hərbi attaşesinə zəng elədi, razılıq aldıq”.
“Bura şəxsən nazirin tapşırığı ilə gəlmişik”
Müdafiə Nazirliyi Hərbi Tibb Idarəsinin rəisi, tibb xidməti polkovniki Məcid Məsimov deyib ki, əsgərin müalicəsi və müayinəsi ilə bağlı hər hansı məsuliyyətsizliyindən və səhlənkarlığından söhbət gedə bilməz: “Orduda hər bir ölüm ən böyük itkidir. Şəxsən nazirin tapşırığı ilə buraya gəlmişik. Mənim fikrim ondan ibarət oldu ki, bu əsgərin ölüm səbəblərini aydınlaşdıraq. Ilk növbədə ən böyük ağrı çəkənlər, ən böyük əzab çəkənlər mərhum əsgərin valideynləridir. Allah onlara səbr versin. Inanın ki, onlardan artıq həmin əzabı, həmin itkini hiss edirik. Əsas məqsədimiz belə bədbəxt hadisələrin baş verməməsidir. Vətəndaşlarımız ordumuza ürəklə getməlidirlər, ordumuz möhkəmlənməli, lazım gələn zaman düşmənə cavab verməlidir. Razıyam ki, əsgərin ölümündə günahkar şəxs dar ağacından asılsın. Müdafiə naziri şəxsən mənə göstəriş verib ki, məlumatları açıqlayım”.
Idarə rəisi mətbuatda əsgərin ölümü ilə bağlı nazirliyin ittiham olunmasına da münasibət bildirib: “Mətbuat yazır ki, müdafiə naziri Səfər Əbiyev özünü sığortalamaq üçün sonuncu gün belə qərar verib. Bu yalan söhbətdir, yalan fikirdir, gəlin yoxlayın, müdafiə naziri hər gün bizdən ağır xəstələr barədə məlumat alır, təhlil, izahat tələb edir, müalicə ilə maraqlanır. Mediada yaranan fikir ondan ibarətdir ki, valideyn övladı üçün özü xərc çəkməlidir. Tam məsuliyyətlə deyirəm, hansı formada olursa-olsun bahalığından, qiymətindən asılı olmayaraq orduda dərman qıtlığı yoxdur, əgər rəhbərlik bilsə ki, valideyn özü dərman alıb, o zaman tədbir görüləcək. Siz konkret faktı deyin, sonra həmin həkimin gününə baxın”.
“Eldara iynə təzyiqi düşdüyü üçün vurulub”
Əsgər Eldar Novruzovu sonuncu dəfə həyata qaytarmaq istəyən həkim Elxan Muradov isə bildirib ki, xəstəyə iynə təzyiqi düşdüyü üçün vurulub: “Arterial təzyiqi düşən, nəfəsi pozulan əsgərə ürəyi tənzimləmək üçün mezaton, kofein, kardiamin vurulur. Iynə vurduqdan sonra Eldardan halını soruşdum. Dedi ki, elə bir şey yoxdur. Amma yolda gördüm təzyiqi düşür, bir ampula mezaton vuruldu. Buna baxmayaraq, əsgər kəskin ürək-ağciyər çatışmazlığından dünyasını dəyişdi”.Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin dünən yaydığı məlumata görə, Müdafiə Nazirliyinin N hərbi hissəsinin əsgəri Eldar Novruzovun ölümü üzrə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə (rəis və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşmasının ağır nəticələrə səbəb olması) cinayət işi başlanıb.Əsgərin atasından şok açıqlamalar!
Eldarın valideynləri isə övladlarının ölümü ilə bağlı “Yeni Müsavat”a şok faktlar açıqlayıblar. Atası Qədir Novruzov bildirib ki, oğluna Gülhanəyə yola düşməzdən əvvəl iynə vurublar. Iynədən sonra oğlunun vəziyyəti birdən-birə pisləşib, rəngi saralıb, bədəni qıc olub, çox keçmədən də keçinib: “Ona bizim xəbərimiz olmadan və bizə göstərmədikləri iynəni vurublar. Oğlum qəsdən öldürülüb”.
Q.Novruzovun sözlərinə görə, Eldarın Türkiyəyə aparılması Müdafiə Nazirliyinin marağında olmayıb: “Türkiyədən gələn həkim demişdi ki, burada müalicə mümkünsüzdür, orada isə sağala bilər. Biz bundan sonra hər yerə – dövlət başçısından tutmuş Müdafiə Nazirliyinəcən müraciət edib onun Türkiyəyə göndərilməsini istədik. Əvvəl də müraciət edirdik, ancaq türk həkimin sözlərindən sonra məsələnin ciddi olduğunu anladıq. Nazirlik isə dedi ki, əsgər ancaq tərxis olunandan sonra müalicə üçün harasa gedə bilər. Oğlumun əsgərliyi sentyabrın 30-da bitməli idi.
Məsələ mətbuata çıxandan sonra isə nazirlik dedi ki, əsgərin sənədlərini Gülhanəyə yollamışıq, cavab gələndən sonra Eldarı göndərəcəyik. Ancaq biz Gülhanə xəstəxanasına müraciət edib öyrəndik ki, oğlumun sənədləri ora göndərilməyib, bizə yalan deyiblər. Ölümündən bir gün əvvəl – sentyabrın 28-də baş verənlərə etiraz olaraq yolu kəsdik, bundan sonra oğlumu Türkiyəyə göndərməyə razılaşdılar”.
“Oğlum həkimin vurduğu iynədən sonra öldü”
Eldarın anası Xuraman xanım yüz faiz əmindir ki, oğlu həkimin vurduğu iynədən sonra ölüb: “Təyyarəyə çatmağa az qalmış təcili yardım maşınında ona iynə vurdular, Eldarın bədəni dərhal qıc oldu. Həkim telefonla kiminləsə danışıb dedi ki, vəssalam, artıq bitdi, getdi və sair. Təcili yardımda idim, hamısını eşitdim. Dedi ki, atası bilməsin ona iynə vurulduğunu. Həkimə dedim ki, sən öldürdün balamı. Dedi neyləyəcəksən, məni tutduracaqsanmı? Soruşdum ki, iynədən sonra Eldarın gözləri niyə saraldı, bədəni qıc oldu, əvvəl elə deyildi axı”. Eldarın qohumları bildiriblər ki, Müdafiə Nazirliyi xəstə əsgərin Türkiyəyə getməsini istəməyib, çünki dövlət müalicə üçün 60 min manat ödəməli idi.