“Fövqəlnazir” ət idxalını tamamilə ələ keçirdi

Kəmaləddin Heydərovun bu addımı ilə ölkəyə gətirilən ətin qiyməti bahalaşdı

Bir neçə gün əvvəl kənd təsərrüfatı naziri Ismət Abbasov ətin bahalaşması ilə bağlı mətbuata verdiyi açıqlamada qiymət artımının süni olduğunu deyərək bildirmişdi ki, bunun arxasında dayanan şəxslər məsuliyyətə cəlb olunmalıdır.
“Azadlıq” Ismət Abbasovun bu fikirlərinin fövqəladə hallar naziri Kəmaləddin Heydərova qarşı yönəldiyini yazmışdı. Çünki Azərbaycanda ət idxalında “fövqəlnazir”in də müəyyən qədər payı var. Kəmaləddin Heydərovla qarşıdurmada olan Ismət Abbasov da bunu bildiyindən belə bir açıqlama vermişdi. Bu günlərdə əldə etdiyimiz məlumatlara görə, Kəmaləddin Heydərov artıq ət idxalını tamamilə nəzarətinə keçirib. Məlumatlarda deyilir ki, bundan qabaq Kəmaləddin Heydərovdan başqa bir neçə oliqarx da himayə etdikləri sahibkarlar vasitəsilə ölkəyə ət gətizdirib. Azərbaycana idxal olunan ət daha çox restoranlara və dönərxanalara verilib. Bir neçə gün əvvəl isə Kəmaləddin Heydərovun göstərişi ilə digər sahibkarlara ət idxalı qadağan olunub. Məlumatlarda deyilir ki, onların anbarları möhürlənib. Özlərinə isə bildirilib ki, gətirdikləri məhsullar Kəmaləddin Heydərovun adamlarına satılmalı, bundan sonra isə bu işdən, ümumiyyətlə, əl çəkməlidirlər.
Maraqlı məqamlardan biri də ət idxalının tam olaraq Kəmaləddin Heydərovun nəzarətinə keçməsindən sonra bu məhsulun topdansatış qiymətinin artmasıdır. Məlumatlarda deyilir ki, ölkəyə gətirilən ətin kiloqramı 3 manat 70 qəpikdən 4 manat 50 qəpiyə qədər bahalaşıb.

Informasiya şöbəsi