Bu saat Moldovada “ərəb baharı”ndan, Rusiyada uşaq oyununa çevrilən prezidentlik rotasiyasından heç də geri qalmayan hadisələr baş verir. Məsələnin qısa məğzi belədir: 2 il əvvəl bu ölkədə prezident səlahiyyət müddəti başa çatdığından mədəni şəkildə, çağdaş, modern dünyada bir siyasətçiyə yaraşan şəkildə istefa verib, o vaxtdan bəri Moldova parlamenti yeni prezident seçə bilmir.
Səbəb də hakimiyyətin seçmək istədiyi namizədi müxalifətin dəstəkləməməsidir. Iqtidar gecə-gündüz müxalifətə yalvarır ki, gəlin oturaq, danışaq, anlaşaq, xeyri yoxdur. Hazırda Moldovada hakimiyyətdə liberal-demokratlardır, onlara prezident seçmək üçün cəmi 2 səs lazımdır, amma parlamentdəki kommunistlər iki ayağını bir başmağa dirəyib bu 2 səsi hakimiyyətə çox görürlər.
Şəxsən mən bu saat Moldova xalqına böyük heyranlıq və qibtə hissi ilə baxıram. Bəlkə də baş verənlər ölkədə siyasi bir gərginlik yaradır, amma istənilən siyasi gərginlik Azərbaycandakı siyasi durğunluqdan, ölüvaylıqdan yaxşıdır. Üstəlik, Moldova xalqı çox xoşbəxtdir ki, onların 2 il əvvəl vəzifədən çəkilən prezidentinin ağlına “ömürlük prezidentlik” referendumu keçirmək, hakimiyyət başında qurdla qiyamətə qalmaq, Moldovanı 21-ci əsrdə krallığa, monarxiyaya çevirməklə ölkəsinin adını el-aləmdə rüsvay eləmək gəlməyib.
Moldova xalqı xoşbəxtdir ki, ümumiyyətlə, onların parlamentində müxalifət var. Həm də əldəqayırma, qondarma müxalifət yox, hər hansı seçkinin səhəri günü hakim partiyanın qərargahına qaçıb orada seçkinin demokratik keçirildiyinə dair bəyanatı gözləri parlaya-parlaya imzalayan, ölkə başçısının yanına düşüb uşaq bağçasının açılışına gedən müxalifət yox, Prezident Administrasiyasından göndərilən hər qanun layihəsini ələşdirmədən, sorğulamadan, dərhal onun lehinə səs verən müxalifət yox, səmimi, prinsipial, hakimiyyətə 2 səsi belə, güzəştə getməyən bir müxalifət var.
Moldova xalqı xoşbəxtdir ki, onların parlamenti seçki ilə müəyyənləşir, təyinatla deyil.
Moldova xalqı bir də ona görə xoşbəxtdir ki, ölkədə siyasi bütpərəstlik yerli-dibli ləğv edilib, “şəxsiyyətə pərəstiş” arxivə gömülüb. Əks halda çoxdan ortada prezidentin olmamasından istifadə edən bir “dünya şöhrətli siyasətçi” peyda olmuş, tank öpüb ölkənin “xilaskar”ına çevrilmiş, “2009-2011-ci illərdə Moldova xalqının gecələr çölə çıxa bilməməsi” barədə miflər qondarmış, ailə səltənəti yaratmışdı.
Mən Moldova xalqına qibtə və heyranlıq hissimi yazarkən bir də dönüb bizim yaptokrat zəvzəklərdən soruşmaq istəyirəm: görürsünüzmü, bir ölkə onun başında hansısa Heydər Əliyev, Ilham Əliyev olmayanda da dağılmır. Bir ölkə iki il belə, prezidentsiz yoluna davam edə bilir. Bu, demokratiyanın nə qədər əvəzedilməz ünsür olduğunu göstərir. Demokratiya öz saysız-hesabsız mexanizmləri, institutları ilə xalqlara imkan verir ki, hətta başsız qaldıqda belə yoluna davam edə bilsin. Alternativlər yaratsın və həmin alternativlərlə yaşasın.
2 ildir prezidentsiz qalan, amma sabitliyin polad kimi möhkəm olduğu, iqtisadiyyatın, sosial həyatın axarında davam etdiyi Moldovaya baxın, bir də 18 ildir bir adamın iradəsinə tabe edilən və adı dünyada korrupsiyanın, məmur harınlığının, səfalətin, cəhalətin sinoniminə çevrilən Azərbaycana baxın, o zaman demokratiya ilə despotizmin arasındakı böyük, müqayisəyəgəlməz fərqi görəcəksiniz.
Görəcəksiniz ki, 2 ildir prezidentsiz qalan Moldovadır, amma bir generalı günün günorta çağı bizdə öldürürlər.
2 ildir Moldovanın Ali Baş Komandanı yoxdur, amma əsgər qətliamları Azərbaycan ordusunu başına götürüb.
Qısacası, Moldova nümunəsi bizə göstərir ki, prezidentsizlik demokratik rejim qurub 2 il prezidentsiz qalmaq demək deyil, despotik rejimə çevrilib, bir nəfərin iradəsinə tabe olub 18 il Allah qoymasa, guya prezidentli olmaqdır.Moldova nümunəsi bizə göstərir ki, hansısa şəxslər üzərindən “xilaskar” axtarışları fəlakət gətirir, “filankəs olmasa, ölkə dağılar” söhbəti isə tamamilə mifdir, filfilodur, çağdaş dünyada yeganə xilaskar varsa – o da demokratiyanın özüdür.
Bir ölkə yalnız bir adamdan asılı olanda dağılır – Moldova nümunəsi bizə bunu göstərir!