Müxalifət isə rədd etdi; qəbilə üzvləri 30 əsgəri əsir aldı, 1 generalı öldürdü
Yəmən rəhbəri Əli Abdullah Saleh ölkənin respublika elan olunmasının 49-cu ildönümü münasibətiylə dövlət televiziyasıyla xalqa etdiyi müraciətində növbədənkənar seçkilər keçiriləcəyi mesajını verib.
Saleh ölkəsinə qayıtdıqdan sonrakı ilk xalqa müraciətində terror təşkilatı “Əl Qaidə” ilə mübarizədən, iqtisadi problemlərdən və ölkədə aylardır davam edən qarşıdurmalara qədər bir çox mövzuya toxunub. Yəməndə davam edən şiddətli qarşıdurmalardan danışan Saleh olaylar nəticəsində həyatını itirən insanlara görə hər kəsin məsuliyyət daşıdığını bildirib. O, ölkədəki böhranın yatırılması üçün Körfəz Ölkələri Əməkdaşlıq Şurası (KÖƏŞ), Səudiyyə Ərəbistanı və Ağ Ev ilə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.
Hökumətin buraxılması və səlahiyyətlərinin təhvil verilməsi üçün növbədənkənar seçkilər keçirilməli olduğunu söyləyən Saleh hakimiyyəti sülhü təmin edəcək qüvvələrə ötürməyə hazır olduğunu bildirib. Ölkədəki etirazlarda fəal olan gənclərə səslənən Yəmən rəhbəri onları bəzi qüvvələrin qurbanı olduğunu vurğulayıb:“Siz illərdir dövlətdən qidalanan və bu ölkənin malını yeyənlərin əlində oyuncağa çevrildiniz”.
Saleh ölkədə yaşanan siyasi böhrandan çıxış yolunun dialoqdan keçdiyini vurğulayaraq əleyhdarlarını danışıqlar masasına dəvət edib. Yeni seçkilər və keçid prosesi üçün KÖƏŞ-nın “yol xəritəsi”nin əsas götürüləcəyini söyləyib.
Yəmən müxalifəti isə Salehin növbədənkənar seçki təklifini rədd etdiklərini açıqlayıb. Müxaliflər Salehin çıxışında yeni bir şeyin demədiyini və keçmişdə etdiyi siyasi manevrləri təkrarlamaq məqsədi güddüyünü söyləyib. “AFP” xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən Gənclik Birliyi liderlərindən Valid əl Əmar bildirib ki, yəmənli gənclər Salehin seçki açıqlamasını qəbul etmir. Salehə qarşı inqilabı hərakatının sonuna qədər davam edəcəyinin vurğulayan Əl Əmar Yəmən rəhbərinin vaxt qazanmaq üçün addımlar atdığını və dərhal postunu tərk etməli olduğunu söyləyib.
Bundan başqa paytaxt Sənanın şimalındakı Həsaba məhəlləsində silahlı tayfa üzvləri ilə respublika gözətçiləri arasında çıxan qarşıdurmalarda 30 əsgərin əsir alındığı, 1 generalın və 4 qəbilə üzvünün öldüyü barədə xəbərlər yayılıb. Təhlükəsizlik rəsmilərinin verdiyi açıqlamada müxalif Haşidi qəbiləsinin nəzarətindəki Həsaba məhəlləsində silahlı insident yaşandığı və tayfa üzvlərinin hökumət qüvvələrinə bağlı 30 əsgəri əsir götürdüyü bildirilib. Açıqlamda general-mayor Əli əl Kələyibin həyatın itirdiyi buna qarşılıq 4 tayfa üzvünün öldürüldüyü vurğulanıb. Rəsmilər əsir götürülən əsgərlərin taleyi barədə məlumat verə bilməyəcəklərini söyləyib.
Xatırladaq ki, iyunun 3-də prezident sarayına atılan raket nəticəsində ağır yaralanaraq müalicə üçün Səudiyyə Ərəbistanına gedən Saleh cümə günü gözlənilmədən Yəmənə qayıdıb. Onun dönüşündən sonra ölkədəki vətəndaş müharibəsi daha da şiddətlənib. Son günlər etirazçılarla hökumət qüvvələri arasında yaşanan qarşıdurmalarda 100-ə yaxın insan həyatını itirib.
İnformasiya şöbəsi