Nazir təhsildəki problemləri onların adı ilə bağladı
Əlövsət Osmanlı: “Təhsil Nazirliyi avtoritar qaydada idarə olunur və işlərin hamısı Misir Mərdanovun göstərişi ilə həyata keçirilir»
Təhsil nazirinin müavinlərinin işdən azad olunmasına bir neçə gün qabaq nazir Misir Mərdanov da münasibət bildirib. Nazirlikdəki kadr islahatlarını uğurlu addım kimi qiymətləndirən nazir bunun təhsilin inkişafına yönəldiyini deyib. Nazirin açıqlamasından belə nəticəyə gəlmək olur ki, bu vaxta qədər təhsildəki problemlərin səbəbkarları məhz işdən azad olunan müavinlərdi. Onu da qeyd etmək lazımdır ki, müavinlərdən Elmar Qasımovla nazirin münasibətləri yaxşı olmayıb. Bəs nazirin bu iddiaları nə dərəcədə haqlıdır? Müavinlərin işdən azad olunması mövcud problemlərin həllinə yardım edəcəkmi?
Nazirin açıqlamasına münasibət bildirən təhsil eksperti Əlövsət Osmanlı Misir Mərdanovun söylədiklərinin doğru olmadığını qeyd etdi. Ekspertin fikrincə, heç vaxt nazir müavinləri müsbət proseslərə mane ola bilməzdilər. Bu halda Misir Mərdanovun məntiqindən belə çıxır ki, müavinlərin işdən azad olunmasının əsas təşəbbüskarı özü olub.
Lakin ekspert Təhsil Nazirliyində bütün işlərin avtoritar qaydada idarə olunduğunu və işlərin hamısının Misir Mərdanovun göstərişi ilə həyata keçirildiyini vurğuladı: “Nə qədər əyintilər olubsa, onun başında duran Misir Mərdanovdur. Işdən azad olunanları yaxşı tanıyıram. Onlar heç də Misir Mərdanovun təqdim etdiyi kimi deyillər”.
Ekspert Mərdanovun rəhbərliyi altında həyata keçirilən islahatların artıq iflasa uğradığını deyir. Lakin nazir özünü kənarda saxlayıb həmin adamları günahkar hesab edir. Ə.Osmanlının fikrincə, ölkə başçısına təhsil nazirinin müavinləri ilə bağlı məlumatları da nazir ötürüb: “Ölkə başçısının işdən azad olunan müavinlərin fəaliyyətindən birbaşa xəbərdar olması inandırıcı görsənmir. Bu məlumatları Misir Mərdanov ötürüb. Çünki ölkə başçısı nazirlərlə birbaşa təmasda olur. Müavinlərin işindən isə xəbəri olmur. Bu işlərin hamısını Misir Mərdanov quraşdırıb. Sərəncamlar da onun informasiyası əsasında verilib”.
Fizzə