Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin prezidentə ünvanladığı və “Azadlıq” qəzetində dərc edilən müraciətində dəhşətli faktlar var – ölkənin rüşvət və korrupsiya ilə idarə olunmasından tutmuş dövlət səviyyəsində kriminala qədər. Ancaq sual olunur: Elşad Abdullayevin özü kimdir? Bir neçə milyon rüşvət verdiyini açıqlayır, amma Azərbaycan reallığında bu qədər sərvətə necə sahibləndiyini demir.
Bilməyənlərin nəzərinə çatdırım: Elşad Abdullayev 1994-cü ildə Dağıstan ləzgilərinin maliyyəsi hesabına qurulan “San-Marino” Universitetində sıravi müəllim kimi işə dəvət olunub. Ancaq az sonra onun karyerasında sürətli inkişaf başlayıb. San-Marinoya hakimiyyətin yaratdığı problemləri qayınatası, prezident Heydər Əliyevin qardaşı Aqil Əliyevin dostu, nüfuzlu alim və akademik Hüseyn Əhmədov vasitəsilə “qaydasına” qoyan Elşad Abdullayev təsisçilərin rəğbətini qazanıb və bir müddətdən sonra dekan təyin olunub.
1996-cı ildə təsisçilər arasında yaranan narazılıq onların iki qruplaşmaya ayrılmasına səbəb olub. E.Abdullayev qruplaşmada yer alıb və qayınatasının vasitəsilə əlaqə qurduğu Aqil Əliyevin himayəsi sayəsində tərəflərdən birinin qələbəsini təmin edib. Aparılan danışıqlarda Elşad Abdullayev rektor təyin olunmasını qalib tərəfdən xahiş edib və bunu “yuxarılarla” razılaşmanın tərkib hissəsi kimi əsaslandırıb.
Nəticədə “San-Marino” Universitetinin rektoru olan Elşad Abdullayev ona etimad göstərən insanlara çox pis və acınacaqlı zərbə vurub. Bir gecənin içində, dərs ilinin ortasındaca “San-Marino” Universiteti Azərbaycan Beynəlxalq Universitetinə “çevrilib”, ləzgilər əmlaksız qalan “San-Marino”nun sənəd-möhürünü də götürüb dövlətin himayə etdiyi Elşad Abdullayevin qarşısından çəkilmək məcburiyyətində qalıblar.
Bu, Elşad Abdullayevin karyerasıdır. O, Heydər Əliyev iqtidarının ciddi dəstəyi ilə əcnəbi sahibkarların mal-mülkünün və qurduqları təhsil müəssisəsinin əllərindən alınmasında başlıca rol oynayıb, ona etimad göstərənlərə atıb!ABU-ya rektorluğa başlayan və “himayəçiyə” gedən “yolunu” – qayınatası, akademik Hüseyn Əhmədovu – birinci prorektor kimi yanında saxlayan E.Abdullayevin Azərbaycan təhsil sisteminin dağıdılmasında misilsiz və müstəsna xidmətləri var: rüşvətlə abituriyent qəbulu, təhsil haqlarının yeyilməsi, savadsız kadrların yetişdirilməsi və s. – Elşad Abdullayevin bu millətin gələcəyinə vurulan baltalardan biri kimi oynadığı böyük roldur. Əliyevlər hakimiyyəti Elşad Abdullayevin o boyda sərvət sahibi olmasına, rüşvətxorluğuna və korrupsiya aparatının içində yer almasına geniş şərait yaradıb.Nəhayət, Aqil Əliyevin vəfatından sonra cinayətlə ələ keçirilən ABU-nu hakimiyyət tam öz inhisarına almaq istədi. Ancaq bu zaman E.Abdullayev dirəniş göstərmək qərarına gəldi və nəticə etibarilə Fransaya qaçıb cinayət ortaqlarını ifşa etmək yolunu tutdu.
Bu, bir oğrunun oğrubaşını ittiham etməsinə bənzəyir. Sən ömrün uzunu bu cinayətkar dəstənin içində yer almısan, millətin taleyini oğurlamısan, rüşvət və korrupsiya ilə sərvət toplamısan, indi də durub cinayət şəriklərini ittiham edir, özünü qəhrəman kimi göstərməyə çalışırsan?
Elşad Abdullayev utanıb-çəkinmədən özünü “30 ilin professoru, akademik” kimi təqdim edir. E.Abdullayevin cəmi 56 yaşı var, belə çıxır ki, 26 yaşında professor olub… Azərbaycanın dünya şöhrətli alimi Azad Mirzəcanzadə heç 26 yaşında elmlər doktoru deyildi…
“Akademikəm” deyir. Haranın akademikisən? Kim səni seçib AMEA üzvü? Əvvəla, hansısa qeyri-hökumət təşkilatından “akademik” adını almaq akademik olmaq demək deyil. Ikincisi, AMEA-ya seçkilər necə keçirilir, kimin tapşırıqlarıyla akademik təyinatlar aparılır və “elmin inkişafının” içinə zibil qoyulur, hamımız çox gözəl bilirik.
Ləyaqət, qəhrəmanlıq, şərəf – rüşvətin, korrupsiyanın içində yer almamaq, bu cinayətlərdə iştirak etməmək, millətin gələcəyinin məhvinə qarşı çıxmaqdır. E.Abdullayev oğurladığı, taladığı milyonların dəstəbaşı tərəfindən əlindən alınacağını duyub da hay-küy salır. Bəs, bilmirdin cinayət törədirsən?
Bilmirdin cinayət yolu ilə yığdıqlarını bir gün sənin cinayətkar ortaqların əlindən almağa qalxacaq?
Cinayət ortaqlarının hamısının taleyi belə olacaq!