Əxlaqsızlığın əsl yuvaları

Badamdarda fahişəxanalara üsyan bayrağı açanlar barədə dünən “Azadlıq”da oxudunuz. Bəzi dostlarımız inanırlar ki, bu cür etirazlar vacibdir. Çünki insanlarda etiraz aksiyalarının gücünə inamı artırır. Razı deyiləm. Eyni məntiqlə Ilham Əliyevə hansısa ayətullah, ya da fars generalı güldən ağır söz deyən kimi yadlarına Urmiya gölünün quruması, Güney türklərinin ana dilində təhsil haqqının olmaması düşənlərin Iran səfirliyi qarşısındakı piketləri də insanların etiraz aksiyalarının gücünə inamınımı artırır?

Başa düşürəm, heç kim evinin bir addımlığında, ailəsinin burnunun ucunda pritonların fəaliyyətinə dözməz. Amma bu etiraz fahişələrə niyə yönəlməlidir? Onlar keflərindənmi satır bədənlərini? Sanki onlara xoşdurmu alçalmaq, aşağılanmaq? Axı onlar da bu çirkin sistemin qurbanlarıdır. Onları bir qarın çörək üçün fahişəliyə məcbur edən səbəblər qarşısında səssiz qalıb, onları qazanc üçün bədənini satmağa məcbur edənlər önündə dilini dinməz yerinə qoyub sadəcə, “qurbanlar”a qarşı üsyan bayrağı açmaq hansı məntiqə sığır? Hansı 
vicdana sığır?

Üstəlik, kim bilmir ki, belə fahişəxanaların himayədarları polis orqanlarıdır, kiçikbuynuzlu məmurlardır. Fahişələrə etirazın mində birini niyə onlara etmirlər? Onlara niyə güldən ağır söz deyən yoxdur?

Daha əsası: hansısa məhəllədəki kafenin “əxlaqsızlıq yuvası”na çevrilməsinə etiraz etməyi, üsyan bayrağı açmağı nənəm də bacarar. Bəs iribuynuzlu məmurların, yekəqarın, boynuyoğun oliqarxların dəbdəbəli restoranlarının, otellərinin qarşısına çıxmağa necə, onların cəsarəti çatarmı? Guya hansı nazirin hansı obyektində nə hoqqalardan çıxıldığını heç kim bilmirmi? Bəs onlara üsyan bayrağı açan niyə tapılmır?

Dediyim odur ki, hər şeyin bir məntiqi, hər şeyin bir mənası olduğu kimi, etiraz aksiyaları da məntiqdən, mənadan kənarda olmamalıdır. Srağagün Badamdarda hansısa fahişəxanaya üsyan edənlərdən neçə nəfər sabah ümummilli məsələlərlə bağlı etiraz aksiyalarına gələcək? Axı kim bilmir ki, o adamların çoxu üçün namus və qeyrət burnunun ucunda fərdi mənada namussuzluq və qeyrətsizlik yaşananda yadına düşür? Onlar üçün ictimai mənada namus yad anlayışdır. Onlar səs verdikləri seçki məntəqələrindəki əxlaqsızlığa – saxtakarlığa dözürlər, onlar o vaxt dözmürlər ki, yaşadıqları evin kandarında fahişəxana açılıb.Necə yəni, priton pisdir, korrupsiya yaxşı? Priton pisdir, seçki saxtakarlığı yaxşı? Priton pisdir, monarxiya yaxşı? Priton pisdir, sifarişli, ədalətsiz məhkəmə yaxşı? Priton pisdir, yaltaqlıq yaxşı?

Qısası, ictimai namussuzluqlara etiraz gücü, cəsarəti olmayan adamların şəxsi mənada etirazları çox gülməlidir. Daha çox ikrah doğurur. Niyə bu ölkədə insanların yadına namus anlayışı sadəcə, öz ana-bacıları ilə bağlı düşməlidir? Bəs aylar əvvəl acından ölməmək üçün bətnindəki dörd aylıq körpə ilə Türkiyədə fahişəliyə məcbur olan qadının taleyi niyə heç kimin tükünü tərpətmədi bu ölkədə? Niyə onda da insanlar küçəyə çıxıb bu oğru sistemdən haqq-hesab tələb etmədilər? Hakimiyyətdəkilərdən öz vətəndaşlarını bunca dəhşətli tale yaşamağa məcbur olacaq qədər sahibsiz buraxmasının hesabını soruşmağa niyə heç kimin ürəyi yetmədi, təpəri çatmadı?

Fahişələr bu ölkədə sadəcə, qurbandırlar. Gücsüzlər, zəiflər ordusunun bir qoludurlar. Onlara üsyan etmək çox asandır. Onları əzib keçmək, tapdamaq, yox etmək çox asandır. Onlar onsuz da mənən də, cismən də yox ediliblər.Ən əsası, onlar nəticədir. Səbəb və səbəbkarı qoyub nəticəylə mübarizə aparmaq elə mübarizə aparmamaq deməkdir. Ruhunu satanlara səssiz qalıb bədənini satanlarla mübarizə elə mübarizəsizlik deməkdir.

Guya bu ölkədə yalnız pritonmu pisdir? Guya pritondan kənarda hər şey yaxşıdırmı? Anlamaq o qədərmi çətindir ki, bu ölkədə əsl əxlaqsızlıqlar elə pritonlardan kənarda baş verir: seçki məntəqələrində, neft buruqlarında, qaz yataqlarında, məmur kabinetlərində, çəkilən yollarda, körpülərdə, Qış bulvarlarında, offşor zonalarda…

Xalqıma bir sual

Evinizdə soyuducu xarab olsa, məsələn, 18 il onu təmir etdirmədən dayana bilərsinizmi?Televizorunuz göstərmir deyək ki… 18 il onun qarşısında oturub qaralmış ekrana baxa bilərsinizmi?

Deyək ki, ütünüz işləmir… onu 18 il dəyişməmək haqqında düşünə bilərsinizmi?18 il cırıq bir ayaqqabını geyə bilərsinizmi? 18 il bir nimdaş köynəkdə gəzə bilərsinizmi?

Təbii ki, yox. Əlbəttə ki, yox…

Elə isə xarab bir soyuducudan, göstərməyən bir televizordan, işləməyən bir ütüdən, cırıq bir ayaqqabıdan, nimdaş bir köynəkdən heç nəyi ilə fərqlənməyən bu hakimiyyətə 18 ildir necə dözürsünüz, onu təmir etmək, dəyişmək necə ağlınızın ucundan belə, keçmir? Necə, necə, necə?

Ürək məsələsi

Baş prokurorun müavini Rüstəm Usubovun infarkt keçirməsi barədə xəbər yayıldı dünən. Keçmiş olsun. Tez sağalsın. Yoxsa ölkədə hüquqi nihilizmin təntənəsi yarımçıq qalar, rejimin dayaqları sarsılar.

Rüstəm Usubov haqqında bu günədək yalnız kiminsə barəsində qanunsuz həbslərə sanksiya veriləndə, vətəndaşların haqlı şikayətləri qulaqardı ediləndə, onların incidilməsinə, əzilməsinə yol açan addımlar atılanda eşidib oxuyuruq. Bu mənada onun infarkt keçirməsi mənim üçün bir yenilik oldu: məgər Rüstəm müəllimin ürəyi varmış…