Yəmən rəhbəri 3 aylıq müalicədən sonra ölkəsinə döndü; ölkə yenidən qarışdı
Yəmən rəhbəri Əli Abdullah Saleh 3 aydan bəri müalicə aldığı Səudiyyə Ərəbistanından ölkəsinə dönüb. Dövlət televiziyası bu ilin iyununda prezident sarayına atılan raket zərbəsindən sonra müalicə üçün Səudiyyə Ərəbistanına gedən Salehin yaxşılaşaraq sentyabrın 23-də Yəmənə qayıtdığına dair xəbər verib. Televiziya yayımı anidən kəsərək “Əli Abdullah Saleh 3 aydan artıq davam edən Ər Riyad səfərindən sonra vətəninə qayıdıb” kimi élan verib.
Salehin ölkəyə qayıdışı tərəfdarları arasında böyük sevinclə qarşılanıb. Təhlükəsizlik qüvvələri ilə müxaliflər arasında davam edən qarşıdurmalarla yanaşı, Salehin ölkəsinə dönüşünü qeyd edən hakimiyyət tərəfarlarının atəşfşəşanlıq tədbirləri keçirilib. Vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Yəməndə Salehin qayıdışından sonra nələrin olacağı qeyri-müəyyəndir.
Xüsusilə də iyulun 3-də prezident sarayın atılan raketin partlaması nəticəsində həyatını itirən parlament sədrinin şəkilləri paytaxt Sənanın bütün küçələrinə asılıb. Həmin şəkillərin altında isə “ədalət yerini tapacaq, intiqamı alınacaq” sözlərinin yazılması Salehin qayıtdıqdan sonra boş durmayacağına işərə kimi dəyərləndirilir.
Bu arada Yəmən müxalifəti hər cümə olduğu kimi bu gün də Salehin istefası tələbiylə ölkənin müxtəlif yerlərində etiraz aksiyaları keçirib. Paytaxt Sənanın ən işlək prospektinin hərəkətini dayandıran nümayişçilər keçirilən askiyaları hökumət qüvvələri ilə müxaliflər arasında yaşanmış qarşıdurmada həyatını itirənlər üçün “Vəfa cüməsi” adlandırıb. Həftə ərzində ölkə əhalisini “Vəfa cüməsi”nə qatılmağa çağıran müxalifət təmsilçiləri həlak olanların qisasının alınacağını bildiriblər.
Sənada atəş və partlayış səsləri ilə müşayiət olunan yeni qarşıdurmalar qeydə alınıb. Dövlət televiziyası ilə Əli Abdulla Salehin ölkəyə qayıtması xəbəri verilən kimi prezidentə sadiq qüvvələrlə müxalifət tərəfdarları arasında toqquşmalar yaşanıb. “Əl-Cəzirə” kanalı 7 nəfərin öldüyü barədə xəbər verib. Müxaliflərin nəzarətindəki Sənanin Hasaba məhəlləsində hökumət qüvvələri ilə əleyhdarları arasında silahlı toqquşma olub. Bölgədə güclü partlayışlaın baş verdiyi söylənilir.
Anti-hökumət nümayişinin təşkilatçısı Məhəmməd əl-Əsl “Reuters” agentliyinə bildirib ki, Salehin qayıdışı ilə Yəməndə vəziyyətin gərginləşməsi və zorakılıqların arması gözlənilsə də, o, geri qayıdıb cinayətlərinə görə mühakimə olunmalıdır. Yəmənə döndükdən az sonra xalqa müraciət edən Əli Abdulla Saleh ölkənin böhrandan çıxmasının tək yolunun dialoqdan keçdiyini söyləyib. O, iqtidar və müxalifət tərəfdarlarını atəşkəs élan etməyə çağırıb.
Xatırladaq ki, Yəməndə son 5 gündə bş vermiş qarışıqlıqda 100-dək adam ölüb. Ümumiyyətlə isə Yəməndə ölənlərin sayı ilə bağlı məlumatlar fərqlidir. Belə ki, Amnesty International təşkilatı fevraldan bəri davam edən toqquşmalarda 200 nəfərin öldüyünü, 1000-dən çox nümayişçinin isə yaralandığını açıqlayıb. Digər hüquq-müdafiə təşkilatları isə 1600-dən çox adamın öldüyünü xəbər verir. Qarışıqlıq çətin humanitar vəziyyətin pisləşməsinə də əsas verib. Paytaxt Səna son həftə içməli su qıtlığından əziyyət çəkir.
İnformasiya şöbəsi