Yafəz Həsənov vəzifəli şəxsin hərəkətinin qanunsuz sayılmasını məhkəmədən tələb edir
Əməkdaşımız Yafəz Həsənov (Əkrəmoğlu) Ali Məhkəməyə kassasiya şikayəti verib. Yafəz Həsənovun bildirdiyinə görə, Ali Məhkəməyə müraciət etməsinə səbəb Apelyasiya Məhkəməsinin onun əleyhinə çıxardığı 19 avqust tarixli qərarıdır:
“Mən 10 fevral 2010-cu ildə 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinə müraciət edərək vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsinə dair iddia tələbi ilə Daxili Işlər Nazirliyinin şikayətimə cavab verməməsinin, şikayət üzrə araşdırma aparılmamasının və qanunla müəyyən edilmiş qərarın qəbul edilməməsinin qanunsuz hesab edilməsi, şikayət üzrə araşdırma aparılması və müraciətimə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarmasını xahiş etmişdim. Hakim Sevinc Alıyevanın sədrliyi ilə keçirilən məhkəmə əsassız olaraq iddiamı rədd etmişdi. Mən həmin qərardan apelyasiya şikayəti vermişdim. Apelyasiya Məhkəməsi də əsassız olaraq 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinin qərarını qüvvədə saxladı. Sentyabrın 19-da bununla bağlı Ali Məhkəməyə müraciət etmişəm. Güman edirəm ki, Ali Məhkəmə ədalətli qərar çıxarar”.
Xatırladaq ki, Yafəz Həsənov ona olan hədələr və ölüm təhdidi ilə bağlı 02 dekabr 2010-cu ildə Daxili Işlər Nazirliyinə müraciət edərək özünün təhlükəsizliyinin təmin olunmasını istəmişdi. Həmin müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətə araşdırılmadığından Yafəz Həsənov məhkəməyə müraciət etmişdi.
Informasiya şöbəsi