Sifarişlə hökm çıxaran hakimdən şikayət

«Hakim Ismayıl Xəlilov Qaradağın icra başçısı Süleyman Mikayılovun göstərişiylə qərarlar verir»

Şikayətçi ədalətsiz hakimin cəzalandırılmasını tələb edir

“Azadlıq”ın redaksiyasına Qaradağ rayonu Lökbatan  qəsəbəsindən məktub daxil olub. Kənan Ağayev dövlət qurumlarına etdiyi müraciətlərinin cavabsız qalması səbəbindən redaksiyamıza üz tutub. Müraciət Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi və ədliyyə naziri Fikrət Məmmədova ünvanlanıb:
“Qaradağ Rayon Icra Hakimiyyətinə qarşı qaldırdığımız iddia ərizəsi baxılmaq üçün Qaradağ rayon məhkəməsinin hakimi Ismayıl Xəlilovun icraatına verilib. Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəmə təminatımız pozulub. Həmin maddəyə əsasən, hər kəsin hüquq və azadlığının məhkəmədə  müdafiəsinə təminat verilir. Əfsuslar olsun ki, hakim Ismayıl Xəlilov qanunun aliliyini təmin etmək əvəzinə, icra başçısı Süleyman Mikayılovun fitvasına gedərək, bizimlə açıq şəkildə qərəzçilik edərək qanunun müvafiq tələblərini pozub.  Qanuna əsasən, hakimlər işə qərəzsiz, tərəfsiz, ədalətlə baxmalıdır. I.Xəlilov isə bir hakim kimi yuxarıda göstərilən qanunlara qətiyyən riayət etməyib. O, bizim iddia ərizəsi və mühüm dövlət sənədlərini itirərək yoxa çıxarıb. Sənədlərin surətini qeyri-rəsmi şəkildə hakimə verərək bərpa etmişik. Bunlar azmış kimi, o, məhkəmədə məni və nümayəndəm A.Ağayevi hədələyərək ”siz bilirsiniz nə edirsiniz, icra başçısını məhkəməyə verirsiniz?” deyərək bizi iddia tələbindən geri çəkilməyə məcbur edirdi.
Mənə məxsus mağazanın sökülmüş hissəsində tikinti aparan icra hakimiyyətinin bu işi dayandırması ilə bağlı verdiyim ərizəyə hakim rədd cavabı verərək tikintinin aparılmasına dair qərar çıxarıb. Prezident Administrasiyasının bu işə müdaxiləsindən sonra tikinti sökülərək ərazi mənə qaytarılıb. Əslində, rüşvət və tapşırıqla hökm çıxarmaq universal cinayətdir. O, əl əltından nə mal satır, nə ideya. O, dövlətin mənafeyini, öz mənafeyini satır. Ölkədə istənilən qədər ədalətli, şəxsiyyətli, savadlı, qanunun aliliyini qoruyan hakimlərimiz var. Əfsuslar olsun ki, onların içində Ismayıl Xəlilov kimilər də var. Qaradağ rayon məhkəməsinin hakimi Ismayıl Xəlilov qanun pozuntusuna yol verməklə hüquqlarımı pozub. Onun barəsində ölçü götürülməsi üçün cinayət işinin başlanmasına göstəriş verilməsini xahiş edirəm”.

Sosial şöbə