Məhkəmədə videogörüntülər istintaqı rüsvay etdi

Əli Kərimli və İsa Qəmbər növbəti məhkəmə iclasında ifadə verəcək

 

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs edilərək Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) maddəsilə ittiham olunan Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli və Müsavatın Gənclər Komitəsinin sədri Tural Abbaslının işi üzrə məhkəmə prosesi dünən də davam etdirildi.
Dünənki məhkəmə iclasında əvvəlcə Arif Hacılının Ictimai Palatanın 26 fevral tarixli sessiyasındakı çıxışı nümayiş etdirildi. Orada Arif Hacılı Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının pozulduğunu vurğulayaraq təklif edir ki, Ictimai Palata martın 10-dan gec olmayaraq, aksiyalara başlamalıdır. Əlavə edir ki, aksiyanın dinc və razılaşdırılmış qaydada keçirilməsi çalışılmalıdır ki, heç olmasa, hakimiyyətin daha əvvəllər aksiya üçün ayırdığı meydanların birində yer alınsın. Arif Hacılı nitqini belə yekunlaşdırır ki, hakimiyyət icazə verəcəyi təqdirdə Müsavat partiyası aksiyaya minlərlə, verməyəcəyi halda isə 200-300 insanı çıxaracağına təminat verir.
Qeyd edək ki, 2 aprel mitinqi barədə qərar Ictimai Palatanın martdakı sessiyasında verilib. Amma prokuror Ceyhun Kazımov bu videonu Arif Hacılının əleyhinə belə əsaslandırdı ki, guya, mitinqlə bağlı martda qəbul olunan qətnamə 26 fevral tarixli qərara əsaslanıb.

“Bizə uzağı 13 manatlıq cərimə düşür”

Arif Hacılı

A.Hacılı isə həmin sessiyada səsləndirdiyi bütün fikirlərin üzərində qaldığını dedi və prokurorun da çıxışını absurd adlandırdı. Nümayiş etdirilən çıxışında qanundan kənar bircə kəlmənin də olmadığını vurğulayan A.Hacılı dedi ki, o, həmin vaxt da, indi də Azərbaycanda ciddi, fundamental islahatların vacibliyini düşünüb. “Prokurorun izahı onu göstərir ki, məni hər hansı cinayət əməlinə görə yox, məhz səsləndirdiyim siyasi fikirlərə və düşüncəmə görə həbsə atıblar”, – deyə Müsavat yetkilisi vurğuladı.
A.Hacılı qeyd etdi ki, fevralın 26-da etdiyi çıxışın 2 aprel mitinqilə heç bir bağlılığı yoxdur. Çünki həmin gün verdiyi aksiya ilə bağlı təklif keçməyib. Bundan sonra isə Müsavat partiyası təkbaşına aksiya keçirməyə qərar verib.
Istintaqın təqdim etdiyi videonun özünün xeyrinə dəlil kimi qiymətləndirilməsini tələb edən A.Hacılı bildirdi ki, bu materialın ona verilən ittihamla heç bir əlaqəsi yoxdur:
– Istintaq və istintaqın şahidləri bizi tez-tez qanunsuz, icazəsiz aksiya keçirməkdə ittiham edir. Bu yaxınlarda Inzibati Xətalar Məcəlləsini oxuyub bizə düşən cəzanı tapmışam. Bu məcəllədə razılaşdırılmamış mitinq keçirməyə görə 7 manatdan 13 manata qədər pul cəriməsi nəzərdə tutulub. Bu cəriməni bizə yazın, məsələ bitsin.

Vicdan məhbusları ittihamı darmadağın edir

Tural Abbaslı

Fuad Qəhrəmanlı da nümayiş etdirilən kadrların 2 aprel mitinqilə bağlılığı olmadığını söylədi, hətta bunun istintaq materialları sırasına daxil edilməsinin təəccüblü olduğunu qeyd etdi:
– Əslində, qondarma cinayət işi başlamaqla hakimiyyət və onun buyruqçusu olan istintaq orqanları çətin duruma düşüblər. Nə düz-əməlli ifşaedici material yığa biliblər, nə də ciddi əsaslandırma aparıblar. Ictimai Palatanın hədəfi ilk gündən dinc, qarşıdurmadan uzaq mübarizə olub. Azərbaycan hakimiyyəti illərdir ki, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırır. “Qanunsuz”, “icazəsiz” dediyiniz aksiyaları keçirməkdə də məqsədimiz nəhayət, dinc və sanksiyalaşdırılmış aksiyaları reallaşdırmaq istəyidir.

Prokurorun yolverilməz və utandırıcı çıxışı

Fuad Qəhrəmanlı

Tural Abbaslı isə sözügedən videonu istintaqa dəxli olmayan, ancaq cinayət işindəki qovluqları qalınlaşdırmağa xidmət edən material kimi qiymətləndirdi. O bildirdi ki, belə çıxışı müxalifətin 80 faizi edib və etməkdədir, bu məntiqlə həmin şəxslər də müttəhimlər kürsüsündə oturmalıdır.
T.Abbaslı prokurorun çıxışına da irad tutdu. O, bunu prokuror Ceyhun Kazımovun savadsızlığı və işə səhlənkar yanaşmasıyla əlaqələndirdi:
– Prokurorun jarqon və küçə sözlərindən istifadə etməsi ayıb, yolverilməz və utandırıcıdır.
Məhəmməd Məcidli də məhkəmənin nəzərinə çatdırdı ki, nümayiş etdirilən çıxışda, hətta inzibati xəta sayılacaq məqam da yoxdur:
– Bütün istintaq materialları kimi bu dəlil də qondarmadır, mötəbər deyil. Əslində, Arif Hacılının həmin çıxışı bizim xeyrimizə qiymətləndirilməlidir.

“Bu, ifşaedici yox, bəraətverici dəlildir”

Vəkillər Nemət Kərimli və Rəfael Əliyev də bildirdilər ki, A.Hacılının 26 fevral çıxışı ona qarşı irəli sürülmüş ittihamla əlaqələndirilə bilməz. Əksinə, bu çıxış tamamilə ölkədə konstitusion tələblərlə səsləşdiyindən ifşaedici material kimi yox, bəraətverici sənəd kimi dəyərləndirilməlidir.
Vəkil Ilqar Musayev videomaterialın mənbəyinin açıqlanmasını tələb etdi:
– Dövlət ittihamçısı bizdən hər bir sübutun mənbəyini soruşur. Indi o özü mənbəni açıqlasın. Əgər mənbə “youtube” saytıdırsa, o zaman niyə 2 apreldə baş verən polis zorakılığı, təqsirləndirilən şəxslərin lehinə olan  materiallar işə əlavə olunmayıb? Deməli, istintaq  təqsirləndirilən şəxslərə qarşı qərəzli olub. Vəkillərdən fərqli olaraq prokuror dövləti təmsil edir, buna görə o, daha məsuliyyətli və diqqətli olmalıdır. Bizim ayıbımız, səhvimiz öz adımıza yazılacaq, sizinki isə dövlətin adına.

Polis başının xarab olduğunu deyir

Ötən məhkəmə iclasında etikadan kənar, qaba rəftarına görə məhkəmə zalından uzaqlaşdırılan zərərçəkən Məcid Yusifov müdafiə tərəfinin suallarını cavablandırmaq üçün dəvət edildi. Məcid Yusifov Nəsimi Rayon Polis Idarəsinin serjantıdır. Bəzi məlumatlara görə, onun atası Nəsimi rayonunda “bazarkom”dur. Yusifov ifadəsində 2 apreldə aksiyaçıların onu vurduğunu və kəllə beyin travması aldığını, başına 5 tikiş vurulduğunu, bir həftə reanimasiya şöbəsində yatdığını bildirdi.
Lakin Məhəmməd Məcidli onu təkzibolunmaz dəlillərlə ifşa etdi. Məhəmməd Məcidli soruşdu ki, reanimasiyada yatdığı müddətdə kiminləsə görüşübmü? Şahid “yox” dedi. Bu zaman Məcidli “Azərbaycan” qəzetinin 6 aprel sayında onun verdiyi müsahibəni nümayiş etdirərək soruşdu ki, bəs reanimasiyada olduğu, yanına heç kim gəlmədiyi halda, bu müsahibə ortaya necə çıxıb?
Polisin cavabı belə oldu:
– Yadımda deyil… Mənim o vaxt başım xarab olmuşdu, xatırlamıram.

Polisin barəsində cinayət işi başlanmalıdır

Vəkil Nemət Kərimli polisin yalan danışdığını əsas gətirərək onun ifadəsinin sübutlar siyahısından çıxarılması və yalan ifadə verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə dair barəsində xüsusi qərar verilməsi haqda vəsatət qaldırdı.
Fuad Qəhrəmanlı da dedi ki, kəllə-beyin travması alan şəxsin cəmi 2 gün sonra əqli-mühakimə qabiliyyəti nümayiş etdirməsi, müsahibə verməsi mümkün deyil:
– Bu adam indiki çıxışı ilə təkcə bizə qarşı yalan demir, həm də məhkəməni aldatmağa çalışır, bütövlükdə hamıya qarşı hörmətsizlikdən gedir. Ona görə yalan danışdığı üçün məsuliyyətə cəlb edilməlidir. Ya da bu adam aydınlıq gətirməlidir: bəlkə bu müsahibədən doğrudan da xəbəri yoxdur, bunu onun adından yazıblar?

“Bu, hakimiyyətin təxribatçılarının işidir”

Zərərçəkən kimi tanınan “Bank Standard”ın nümayəndəsi Fuad Əliyev ifadəsində dedi ki, 2 apreldə saat 13-14 arası onların inzibatı binasının şüşəsini mitinqçi kütlədən kənardakı 2-3 nəfər sındırıb. Bunun nəticəsində onlara 600-700 manat ziyan dəyib.
A.Hacılı ona xatırlatdı ki, Ictimai Palatanın aksiyası saat 14.00-dan sonra keçirilib. Digər tərəfdən, onların heç vaxt vətəndaşların obyektlərinə ziyan vurmaq niyyəti olmayıb. Əksinə, həmin gün şüşələri qıran şəxsin foto və videosu istintaqa təqdim olunasa da, istintaq qrupu həmin adamların tapılmasında maraqlı olmayıb:
– Hamı bilir ki, ətraf izləmə kamerası ilə dolu olduğundan həmin adamların tapılması çox asandır. Buna baxmayaraq, istintaq onları tapmaqda maraqlı deyil, sizcə bu ədalətsiz deyilmi? Bu əməl hakimiyyətin təxribatçılarının işidir, məqsəd isə siyasi rəqibləri gözdən salmaqdır.
A.Hacılı təklif etdi ki, onların günahsız yerə həbsdə saxlanmasının səbəbkarlarından biri olmamaq üçün nümayəndə gedib rəhbərliklə danışsın və ona iddiadan geri çəkilməyi təklif etsin. Nümayəndə razılaşaraq məhkəməni tərk etdi.

“Obyektiv TV”dən çıxan obyektiv nəticələr

Daha sonra Fuad Qəhrəmanlının 2 aprel aksiyasından əvvəl “Obyektiv TV”yə verdiyi müsahibə nümayiş etdirildi. Bu çıxışda F.Qəhrəmanlı açıq şəkildə dinc aksiya planlaşdırdıqlarını deyir. Bildirir ki, onlarda hakimiyyətin öyrətdiyi adamların aksiya günü təxribat törədəcəyi, vətəndaşların obyektlərinə ziyan vuracağı barədə informasiya var. Bunun qarşısını almaq üçün o, tərəfdarlarına belə təxribatçıları zərərsizləşdirməyi tapşırır.
Bundan başqa, F.Qəhrəmanlı bəyan edir ki, polis onlara qarşı zorakılıq edəcəksə, ona adekvat münasibət göstərilməyəcək. Aksiyanın dinc olacağını deyən AXCP yetkilisi əsas tələblərinin demokratik dəyişikliklər, islahatlar, bahalaşma və korrupsiyaya etiraz olduğunu bildirir.
Prokurorun bu çıxışda “ilişdiyi” yeganə məqam isə müsahibədə F.Qəhrəmanlının özünü Mitinq Komitəsinin üzü kimi təqdim etməsi oldu.
Vicdan məhbusları isə prokurorun bu “tapıntısı”nı yersiz saydılar. Onlar dedilər ki, ittiham olunduqları maddədə göstərilənlərin – vətəndaşları qanunsuz hərəkət etməyə çağırma, polisin tələblərinə tabe olmama, nəqliyyatın hərəkətini iflic etməklə bağlı F.Qəhrəmanlının çıxışında heç bir məqam yoxdur. A.Hacılı bildirdi ki, o, çıxışı diqqətlə dinəyib və 10 dəqiqəlik çıxışda Qəhrəmanlının 9 dəfə “dinc aksiya” sözünü işlətdiyini eşidib.

“Siyasi şoudan ən çox zərbə alan prokurorluqdur”

Fuad Qəhrəmanlı da çıxışında təqdim olunan videoda əleyhinə heç bir faktın olmadığını söylədi. O dedi ki, ilk andan mitinqin dinc və sivil keçirilməsində maraqlı olublar:
– Biz sadəlövh adamlar deyilik və bilirik ki, istənilən zorakılığa görə hakimiyyətin güclü təzyiqlərilə üzləşəcəyik. Zorakılıq bizim siyasi düşüncəmizə yad olan fəaliyyətdir. Bizi belə əməldə suçlamaq absurddur.
Çıxışında özünü Mitinq Komitəsinin üzvü kimi təqdim etməsini isə Fuad Qəhrəmanlı təbliğati məqam kimi vurğuladı. O dedi ki, istintaq Ictimai Palatanın bütün sənədlərini müsadirə edib və onların arasında mitinq komitəsi yaradılmasına dair heç bir qərar yoxdur.
Tural Abbaslı da dedi ki, kimsə özünü bir vəzifə sahibi adlandırırsa, bu, bir yerdə öz əsasını tapmalıdır:
– Mən də indi özümü “3-cü dərəcəli dövlət müşaviri” adlandırıram, buna inanırsınızmı?
M.Məcidli isə istintaqın nümayiş etdirdiyi materialları “siyasi şounun elementi” adlandırdı. O bildirdi ki, özünə azacıq da olsa, hörmət edən qurum belə ittihamnamə hazırlamaz. M.Məcidli dedi ki, bu cür qurama ittihamnamə ən çox prokurorun mənəviyyatını zədələyir.

Ictimai Palatanın liderləri dindiriləcək

Vəkillər də nümayiş etdirilən videonun bəraətverici sübut kimi dəyərləndirilməsini tələb etdi.
Məhkəmə iclasının sonunda müdafiə tərəfi növbəti prosesdə şahid kimi dindirilmək üçün Bakı şəhər Icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, meriyanın əməkdaşı Zaur Ramazanovun, Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri Isa Qəmbər və Əli Kərimlinin, Ictimai Palatanın üzvləri Tofiq Yaqublu və Mustafa Hacıbəylinin məhkəməyə çağırılması barədə vəsatət verdilər. Bundan başqa, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun, “Azadlıq” qəzeti və “Azadlıq” radiosunun, “Yeni Müsavat” qəzetinin aksiyadan çəkdikləri video və fotoların, eləcə də ANS, AzTV, ITV və “Lider”in tam çəkilişlərinin işə əlavə olunması barədə vəsatət verildi.
Hakim vəsatətin yalnız Ictimai Palatanın liderləri və üzvlərinin dindirilməsi ilə bağlı hissəsini təmin etdi.

***

Ənənəvi olaraq, bu dəfə də məhkəmədən sonra vicdan məhbuslarının təcridxanaya yola salınması aksiya ilə müşayiət olundu. Məhkəməyə dəstək üçün gələnlər “Azadlıq!”, “Istefa!” şüarlarını səsləndirdilər.
Məhkəmə sentyabrın 25-də davam etdiriləcək.

Natiq