Mirşahin Ağayev: «Debat üçün ANS-dən başqa yer barədə fikirləşmirəm»
Məlum olduğu kimi, ANS-də telekanalın vitse-prezidenti Mirşahin Ağayevlə “Insan Haqları Uğrunda” Ictimai Hərəkatın sədri Eynulla Fətullayevin üz-üzə gəlməli olacağı “Açıq söhbət” verilişinin çəkilişi baş tutmayıb. Buna səbəb isə E.Fətullayevin yalnız canlı efirdə keçiriləcək debatda iştirak etmək istəyi olub.
ANS-ə etibar etmədiyini deyən Fətullayev kanal rəhbərliyinin canlı olmayan bir verilişi öz xeyirlərinə təqdim edə biləcəyini də qeyd edib. Lakin “Açıq söhbət” verilişinin canlı yayım variantı nəzərdə tutulmadığı üçün E.Fətullayev verilişdə çəkilişdən imtina edib. Lakin o M.Ağayevlə istənilən bir mediada canlı olmasa belə üz-üzə gəlməyə hazır olduğunu da bildirib. Öz növbəsində “Azadlıq” qəzeti də bu iki şəxsin redaksiyada üz-üzə gəlib fikirlərini səsləndirmələri üçün istənilən şəraiti yaratmağa hazır olduğunu bildirib. Bəs tərəflər buna razıdırmı?
ANS-dəki debatdan imtina edən Eynulla Fətullayev istənilən yerdə və istənilən vaxtda, o cümlədən “Azadlıq” qəzeti redaksiyasında Mirşahin Ağayevlə üz-üzə gəlməyə hazır olduğunu bildirdi.
Lakin qarşı tərəfin mövqeyi fərqli oldu. “Azadlıq”ın redaksiyasında debat keçirilmə təklifinə ANS-in vitse-prezidenti Mirşahin Ağayevin cavabı belə oldu: ”Söz demək iqtidarı, dəyəri, şansı olan insanların hamısı üçün debat yeri ANS-di. Debat üçün başqa yer barədə fikirləşmirəm. Eynulla Fətullayevlə də debatımın baş tutması üçün əlimdən gələni etmişəm”.
Fizzə