Deputatın Nazim Ibrahimovu əvəzləyəcəyi iddia olunur
Diaspora məsələləri üzrə dövlət komitəsinin rəhbəri Nazim Ibrahimovun yaxın vaxtlarda tutduğu vəzifədən azad ediləcəyi ilə bağlı məlumat almışıq.
Məlumatda deyilir ki, Nazim Ibrahimovun işdən çıxarılması barədə çoxdan qərar olsa da, naməlum səbəblərdən təxirə salınıb. Iddialara görə, komitə sədrinin “vurulması”nın bir səbəbi onun biznes imperiyasını genişləndirmək istiqamətində atdığı addımlarla digər oliqarxların maraqlarına toxunması, onları narahat etməsidirsə, digər səbəb Dünya Azərbaycanlıları Konqresinin sonuncu qurultayının təşkilatçılığının aşağı səviyyədə olmasıdır. Bildirilir ki, xüsusilə ikinci məsələ Ilham Əliyevi bərk hiddətləndirib. Hələ o zaman dövlət başçısı Nazim Ibrahimovla vidalaşmaq qərarına gəlib.
Məlumatlara görə, komitə sədri tutduğu vəzifədən uzaqlaşdırılandan sonra işsiz qalmayacaq. Nazim Ibrahimovun səfir təyin ediləcəyi bildirilir. Diaspora Məsələləri üzrə Komitənin yeni sədrinə gəlincə, məlumatlarda deyilir ki, bu şəxs deputat Qənirə Paşayeva olacaq.
İnformasiya şöbəsi