Ankaranın mərkəzində dəhşətli terror (VİDEO/FOTOLAR)

Çankayada bomba partladı; 3 ölü, 34 yaralı; Abdullah Gül terroru Almaniyadan lənətlədi

 

Türkiyənin paytaxtı Ankara şəhərində mikroavtobus partladılıb. Partlayış prezident iqamətgahının da yerləşdiyi Çankaya rayonunda baş verib. Partlayışdan sonra mikroavtobusla bərabər yaxınlıqda saxlanılmış 6 avtomobil də yanıb. Hadisə ilə əlaqədar Ankara şəhər prokurorluğu yazılı açıqlama verib. Prokurorluq “böyük can və mal itkilərinə səbəb olan” partlayışın terror hadisəsi kimi qiymətləndirildiyini və müvafiq maddə ilə cinayət işi başlanıldığını bəyan edib.

Açıqlamada hadisənin Türkiyə vaxtı ilə saat 11.00-11.30 aralığında baş verdiyi, partlayış nəticəsində kimlikləri hələ müəyyən edilməmiş biri qadın olmaqla, 3 nəfərin öldüyü, üçü ağır olmaqla 34 nəfərin isə yaralandığı bildirilir. Qeyd olunur ki, partlayışın təsirindən ətrafdakı avtomobil və binalara zərər dəyib.

 

Daxili işlər naziri Idris Naim Şahin hadisədən 4 saat sonra araşdırmaların ilkin nəticələrini açıqlayaraq deyib ki, partlayış 06 BS 099 nömrə nişanlı 13 sentyabrda notariusda təsdiqlənmədən satılmış bir avtomobildə meydana gəlib.

Terrorun hansı insan qrupunu hədəf aldığı haqda suala cavabında daxili işlər naziri bildirib ki, kamera qeydləri və başqa dəlillər hələlik tam təhlil edilməyib. Bu baxımdan qəti fikir bildirmək çətindir. Amma terroru təşkil edənlər üçün hədəf fərqinin olmadığını düşünürlər.
“Onlar üçün uşaq, yaşlı insan, polis, adi vətəndaş fəqri yoxdur. Onlar üçün bir yerdə, bütöv Türk milləti hədəfdir, Türkiyə hədəfdir. Hadisə avtomobillərin və insanların gur olduğu bir yerdə törədilib. Görünür ki, məqsədin daha çox insana zərər vermək olub”, – deyə nazir bildirib.

Partlayış zamanı yaxınlıqdakı məktəblərdən birində dərs vaxtı imiş. Xoşbəxtlikdən, məktəblilərə xətər toxunmayıb. Dərslərarası fasilə zamanı isə təhlükəsizlik məqsədilə məktəblilər evakuasiya olunublar.

Türkiyə prezidenti Abdullah Gül Ankaradakı partlayışa Almaniyada münasibət bildirib. Bu ölkədə səfərdə olan Gül həmkarı Kristian Vulfla birgə keçirdiyi mətbuat konfransında olaya belə münasibət bildirib. “Insanlıqdan nəsibini almamış adamların Ankarada dinc vətəndaşlara qarşı necə terror təşkil etdiklərini öyrəndim. Bu terroru nifrət və şiddətlə lənətləyirəm” deyən Gül hadisə nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

Partlayışla əlaqədar biri qadın olmaqla, 3 nəfər həbs olunub. Şübhəli qadın saxlanılarkən şüarlar səsləndirib. Ikinci şəxs isə Ankara avtovağzalında həbs olunub. Olaydan yarım saat sonra əyin-başını dəyişdirdiyi və təraş olduğu söylənilən şəxs Tunceliyə getmək istəyərkən polislər tərəfindən saxlanılıb. Nahardan sonra isə partlayışlarda şübhəli bilinən üçüncü şəxs də həbs edilib.

İnformasiya şöbəsi